Nəsibə Abdullayeva: “Çox sağ olun ki, məni unutmamısınız”

post-img

Bakıda keçirilən 4 günlük Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində qardaş ölkənin tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub, tamaşalar, kitab sərgisi və digər tədbirlər təşkil edilib. Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Qaşımjon İsmayılov, Züleyxa Boyxanova, Gülsənəm Mamazoitova, Canisbek Piyazov, Səməndər Alimov və başqaları Azərbaycan tamaşaçıları qarşısında çıxış ediblər.

Qonaqların arasında gözəl səsi, şi­rin, yanıqlı ifaları ilə könülləri fəth eləmiş soydaşımız – Prezident İlham Əliye­vin 30 avqust 2022-ci ildə imzaladığı sərəncamla iki ölkə arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Azərbaycanın Xalq artisti” adına layiq görülmüş Nəsibə Abdullayeva xüsusi rəğbətlə qarşılanıb. Səmərqənddə ana­dan olmuş müğənnini ilk dəfə “Qaragöz boy-boy” mahnısı ilə tanımışıq. Sonra o, yaradıcılıq repertuarında Azərbaycan mahnılarına xüsusi yer verib. “Səndən nigaranam”,“Bağışlaram səni”, “Bəri gəl”, “Sən gəlməz oldun” və sair mah­nıları özünəməxsus şəkildə ifa edib. Zaman-zaman Daşkənddə, Cenevrədə, Londonda yaşasa da, Nəsibə xanımın ürəyi daim Azərbaycanla döyünüb. 

Dünən Azərbaycan Milli İncəsənət Muzeyində Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində özbək incəsənət xadimlərinin mükafatlandırma mərasi­mi keçirilib. Bir qrup mədəniyyət xadimi Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb. Nəsibə Abdullayevaya isə hə­min tədbirdə ötən il təltif olunduğu Xalq artisti fəxri adının döş nişanı və vəsiqəsi təqdim edilib. Xalqın sevimli müğənnisi orada ürək sözlərini ifadə edib: 

– Mən buradan Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevə, məni sevib rəğbətləndirən hər kəsə və bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun ki, uzun illər ərzində məni yad­dan çıxarmamış, unutmamısınız. Yaşa­sın Azərbaycan–Özbəkistan qardaşlığı!

Ona bağışlanan gül dəstələrindən Azərbaycanın özəl ətrini alan Nəsibə xanım bu anlarda xoşbəxtcəsinə gülüm­səyirdi. 

Yadımıza onun 100 illik yubileyi qeyd olunan ümummilli lider Heydər Əliyevi böyük iftixarla yad etməsi düşdü: “İlk dəfə ulu öndər Heydər Əliyevlə Özbə­kistanda keçirilən türkdilli dövlətlərin prezidentlərinin görüşü zamanı qarşı­laşmışam. Qonaqların şərəfinə verilən konsertdə mən də çıxış edirdim. Həmin konsertdə özbək və Azərbaycan mahnı­larını ifa etdim. Sonra məni prezidentlə­rin oturduğu otağa dəvət etdilər. Heydər Əliyev mənimlə doğma Azərbaycan di­lində danışdı. Prezident İslam Kərimov zarafatla dedi: “Həəə... öz dilinizdə da­nışın, ancaq Nəsibə bizim qızımızdır”. Heydər Əliyev isə cavabında dedi ki, o həm sizin, həm də bizim qızımızdır. Həm özbək, həm də Azərbaycan mil­lətinin sevimli qızıdır. Həmin görüşdə o, mənim Bakıdakı qohumlarımla, ailə vəziyyətimlə maraqlandı, mahnılarımı sevdiyini söylədi. Onun üzündə xoş bir səmimilik, böyüklük hiss etdim. Elə bil ki, hər zaman yanımda görmüşdüm. O qə­dər mehriban və xoş rəftarla söhbət etdi ki, həmin gündən Heydər Əliyev mənim yaddaşıma dünyanın ən gözəl insanı kimi yazıldı. Ertəsi gün isə Azərbaycan səfirliyində növbəti görüşümüz baş tut­du. Bu böyük insan mənim xatirəmdə fırtına kimi, geniş ürək sahibi, çox dərin daxili mədəniyyətə malik insan, yüksək bir intelligent kimi qalıb. Allah ona rəh­mət eləsin, ruhu şad, məkanı cənnət olsun".

Biz də fəxr edirik ki, Özbəkistan Mə­dəniyyəti Günlərində qardaş ölkənin təmsilçiləri arasında sevimli Xalq artisti­miz, gözəl müğənni Nəsibə Abdullayeva da var.

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Mədəniyyət