Ulu öndərin ömür yolu Tarix Muzeyində

post-img

Yeni ekspozisiyada görkəmli siyasətçiyə, müasir tariximizə və 44 günlük Vətən müharibəsinə həsr olunan ayrıca bölmələr yaradılır.

Muzeyin elmi işlər üzrə direktor müa­vini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov bildirdi ki, bundan əvvəl eks­pozisiya Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövrü ilə yekunlaşırdı. Ha­zırda isə ən yeni tariximizi də əhatə edən bölmələrdə son işlər gedir.

Ekposzisiyanın bir bölməsi ulu öndə­rin liderlik fəaliyyətinin 1969-1982-ci il­lərə aid dövrünə həsr edilib. Bu bölmədə ümummilli liderin 1969-cu ildə Azərbay­can Kommunist Partiyası Mərkəzi Ko­mitəsinin birinci katibi seçildiyi plenumun stenoqramı və qərarının surəti yer alır. Həmçinin, dahi şəxiyyətin hakimiyətdə olduğu birinci dönəmdə sosial-iqtisadi həyatda baş verən mühüm hadisələrə aid foto, sənəd və başqa nümunələr sər­gilənir. Həmin dövrdə mədəniyyətin inki­şafını əks etdirən bölmədə isə teatr, kino, musiqi, rəssamlıq və s. sahələrlə bağlı eksponatlar əksini tapacaq. 

Heydər Əliyevin 1993-2003-cü illərdə müstəqil Azərbaycanın Prezidenti olduğu dövrə isə bir salon ayrılıb. Burada ölkə­nin həmin dövrdə ictimai, siyasi, iqtisadi, mədəni həyatına işıq salan eksponatlar nümayiş etdirilir. 1993 və 1995-ci illərdə tədavülə buraxılmış Azərbaycan manatı, müstəqil Azərbaycanın ilk konistitusiya­sı, “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı bir neçə eksponat da sərgilənir. “Əsrin müqaviləsi”ni icra edən rəhbər ko­mitənin ilk iclası Tarix Muzeyinin binasın­da keçirilib və Heydər Əliyev şəxsən özü burada iştirak edib. 

Fərhad Cabbarov daha sonra dedi ki, salonda quraşdırılmış xüsusi ekran­da müasir tariximizin əsas hadisələrinin görüntüləri Azərbaycan və ingilis dillərin­də mətnlərlə əks olunacaq. Ulu öndərin daxili və xarici səfərlərində çəkilmiş fo­toşəkillərdən ibarət stendlər də qurula­caq. 

Başqa bir salon isə ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevə və 44 günlük Vətən müharibəsindəki Bö­yük Zəfərə həsr edilib. 

Tarix Muzeyində yeni bölmələrin ya­radılması sentyabrda tamamlanacaq.

M.RÜFƏT

Mədəniyyət