“Ol kişi Oğuzun tamam bilicisiydi...”

post-img

“Ol kişi Oğuzun tamam bilicisiydi” deyərkən, ilk növbədə, yada Dədə Qorqud düşür. Amma bu məqamda söhbət Xalq yazıçısı, akademik Kamal Abdulladan gedir.

“Kitabi-Dədə Qorqud” dastanını tədqiq edənlər, onun haqqında söz söy­ləyənlər çox olmuşdur. Kamal Abdullanın özəlliyi ondadır ki, o, dastanda hamının baxdığını, lakin görə bilmədiyini görür, gizlinləri, sirr içindəkiləri, semantik say­rışmaları aşkara çıxarır. 

Bu cəhətə görə bəzən Kamal Abdul­lanı Puşkinin “Motsart və Salyeri” əsərin­dəki Motsart obrazına bənzədirəm. Əsər­də Salyeri etiraf edir ki, nə qədər zəhmət çəksə də, Motsart kimi mükəmməl yara­dıcılıq nümunələri yarada bilmir. Və ya Kamal müəllimi dirilik suyu arxasınca gedən Xızırla İsgəndər haqqında olan əfsanədəki Xızır obrazına bənzədirəm. Xızırla İsgəndər hər ikisi “abi-həyat car olan” bulağın yanına gəlirlər. Lakin o sudan içmək yalnız Xızıra nəsib olur və əbədi həyatı yalnız o qazanır... 

Bəlkə də elə Kamal Abdulla dövrü­müzün Dədə Qorqududur. Eynən Oğuz­dakı Qorqud kimi qaibdən dürlü xəbərlər verə-verə insanları maarifləndirməyə, mə­lumatlandırmağa, onlara nəsə deməyə, öyrətməyə çalışır. Onun yaradıcılığında “Kitabi-Dədə Qorqud”a müraciət xətti fa­siləsiz və səngiməzdir. Zaman-zaman Kamal Abdulla ilhamın vəhyindən ər­səyə gələn “Kitabi-Dədə Qorqud”a həsr olunmuş müxtəlif tədqiqat əsərləri ilə, həmçinin “Kitabi-Dədə Qorqud”un süjet, motiv və obrazlarını özündə əks etdirən bədii əsərlərlə elm camesinin və ictima­iyyətin görüşünə gəlir. Kamal müəllim bu möhtəşəm sənət abidəmizi hər zaman yenidən və yeni çalarlarla gündəmə gə­tirməklə aktuallaşdırır, ona marağın sön­məməsi, diqqətin azalmaması üçün daim çalışır. Kamal Abdulla daşıdığı bu missiya ilə “Manqurd” əfsanəsində oğlu Jolomana “Adını xatırla, kim olduğunu xatırla, sən Jolomansan, sənin atan Donanbaydır” – deyən, oğlunun manqurdlaşmaması üçün çalışan Nayman ananı və ya Muxtar Au­ezovun “Sivilizasiyaların aşınması” poe­masındakı “Manas”dan ən azı bir parça əzbər söyləyə bilməyən oğlana qızını ver­məyə razı olmayan atanı xatırladır. 

Bu yaxınlarda akademik Kamal Ab­dulla yenə öz ənənə və missiyasına sadiq qalaraq böyük bir hissəsi “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş ““Kita­bi-Dədə Qorqud”da semantik sayrışma­lar. Mifolinqvistika” adlı orijinal bir tədqiqat əsəri ilə elm camiəsinin və ictimaiyyə­tin görüşünə gəldi. Əsər özlüyündə iki ayrı, tamam fərqli tədqiqat istiqamətini birləşdirməkdədir. Əsərin ““Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar” hissə­sində qeyd edilir ki, dastandakı bəzi an­layışların dərində gizlənmiş mənalarını üzdəki, aydın tərəfin köməyi ilə anlamaq mümkündür. Semantik sayrışmalar das­tan mətnində ilk baxışda anlaşılmayan məqamların üzərinə sayrışmanın işığı­nı salır, onu görümlü edir və mətnin bir bütöv şəkildə anlaşılmasını təmin edir. Məsələn, Kamal Abdulla yazır ki, Beyrə­yin nə üçün yeganə müsbət qəhrəman kimi ölməyi hadisəsi semantik bütövün, yəni sayrışmanın görünən, işıqlı tərəfidir. Bu, bir nəticədir. Sayrışmanın qaranlıq, görünməyən tərəfi isə bu nəticənin səbə­bidir. Beyrəyin ölümü kafir qızına verdiyi sözü tutmadığı, vədi yerinə yetirmədiyi üçün onun mifoloji təfəkkür tərəfindən cəzalandırılmasıdır. Bu isə sayrışmanın qaranlıq, görünməyən, gizli tərəfidir. 

Və ya Kamal Abdullanın digər diqqət­çəkən sayrışan məna aşkarlamalarından biri də Banuçiçəyin istəkliləri ilə bağlıdır. Banuçiçəklə Beyrəyin toyu ərəfəsində ca­susun Bayburd qalasının bəyinə dediyi: “Baybecən bəy sənə verəcəyi qızını indi Beyrəyə verir” cümləsindən çıxış edərək Kamal Abdulla göstərir ki, Banuçiçəyin istəklilərindən (və ya adaxlılarından) biri də Bayburd qalasının bəyi olmuşdur. Burada Kamal Abdullanın gəldiyi daha önəmli qənaətlərdən biri odur ki, əgər Baybecən bəy Bayburd bəyinə qızı Ba­nuçiçəyi verəcəkmişsə, deməli “Bayburd bəyi ilə Dış Oğuz bəyi Baybecən arasın­da belə bir yaxınlıq üçün kifayət dərəcə­də isti münasibət mövcud imiş”. 

Daha bir maraqlı məqam dastanda təzahür edən sevinc və kədər hissləri ilə bağlı aparılan dığı təsnifatdır. Kamal Ab­dulla yazır ki, dastan qəhrəmanları sevinib gülərkən, bu, dastanda yalnız bir təqlidi sözlə ifadə olunur, onlar “qas-qas” gülür­lər. Lakin onlar kədərlənib ağlayarkən isə bu akt dastanda bir neçə şəkildə ifadə olu­nur: onlar ya “bıldır-bıldır”, ya “zar-zar, ya da “ökür-ökür” ağlayırlar. Müəllif belə bir qənaət əldə edir ki, deməli qədim oğuz­lar insan kədərinə daha həssas olmuşlar, kədəri daha dərindən anlamağa çalışmış, onun çalarlarına daha aktiv şəkildə vaqif olmaq istəyibmişlər. 

Tədqiqatda maraq doğuran məqam­lardan biri də Kamal Abdullanın Təpə­gözlə bağlı olan semantik sayrışmanı aşkarlamasıdır. Kamal Abdulla qeyd edir ki, dastanda aşkar şəkildə günah hissini daşımaq məhz Təpəgöz obrazına məx­susdur. O öz dərdini Basata danışarkən yeyib öldürdüyü günahsız oğuzlara görə özünü günahkar hesab etdiyini və buna görə özünə sui-qəsd etmək istədiyini bil­dirir. Kamal Abdulla belə bir nəticəyə gəlir ki, məhz buna görə Təpəgözü ədəbiyyat tariximizdə günah hissini daşıyan və inti­har etmək istəyən ilk qəhrəman kimi tanı­mamız lazımdır. 

Eyni şəkildə Bəkil, casus, at ağızlı Aruz Qoca, Basat da semantik sayrışma­ların içində daha dolğun, daha dərin və daha hərtərəfli görünürlər. 

Tədqiqatın “Mifolinqvistika” adlı 2-ci hissəsi elm aləmində bir ilkdir. Müəl­lif yazır ki, bu plan-prospekt uzun illər bu istiqamətdə aparılan müşahidələri və düşüncələri özündə ehtiva edir. Ka­mal Abdulla tərəfindən konturları cızı­lan, elmi dövriyyəyə təqdim edilən yeni bir elmi tapıntı, kəşf olan mifolinqvistika elmi dilçiliyin və mifologiyanın birləşmiş məkanı kimi bizə kompleks şəkildə adek­vat nəticələr əldə etməyə imkan yarada biləcək. Mifolinqvistika dilimizdə mövcud olan bir sıra (məsələn: qarşı yatan ala dağ, söz güləşdirmək, and içmək və s. kimi özündə mifoloji dövrün izlərini daşı­yan) ifadələrin, sözlərin, deyim tərzinin, üstündən indiyədək etinasız keçdiyimiz mətləblərin dərin qatlarına işıq salacaq, onları bizim üçün daha anlaşıqlı edəcək. 

Tədqiqatın yekununda Kamal Abdulla “Mifolinqvistika” adlandırdığı bu yeni elmi istiqamət haqqında yazır: “İndiki halında mən oxucu qarşısında bu cığırların ümu­mi bir siluetini qoymuş adam kimi özümü hiss edirəm. Sadəcə hələlik o da kifayət­dir ki, oxucu bu silueti təsəvvüründə canlandıra bilsin və ola bilər ki, onun da mənə tövsiyələri əsasında bu ilkin yanaş­ma daha canlı ştrixlərlə zənginləşmiş bir istiqamətə dönsün. Hər halda mən buna ümid edirəm. “Mifolinqvistika” haqqında burada deyilənləri ilk təcrübə kimi qəbul etmək lazımdır. İlk təcrübə bizi hansı sahillərə gətirəcək – bunu bizə zaman göstərər”. 

““Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” əsərində “Dədə Qorqud – prinsip kimi” adlı bir bəhs də var. Bu bəhsdə Kamal Abdulla Dədə Qorqudun nə zamansa real, konkret bir şəxsiyyət olmasına baxmayaraq, sonra­lar onun bir prinsipə, etalona çevrildiyini, zamanın fövqündə dayanan bir obraz ol­duğunu qeyd edir. Bu prinsip silsiləni ar­tırmaq da olar, deyək ki, Boyan, Manas və manasçılar, rapsordlar, eddaların müəllifi Snoppu Sturluson və s. Düşünürəm, vaxt gələcək Kamal Abdulla da prinsipə çev­rilərək zamanın fövqündə dayananlar sil­siləsində öz yerini alacaqdır.

Biz hələ Kamal müəllimlə “Günortac”da görüşü gözləyirik (Söhbət müəllifin ““Kitabi-Dədə Qorqud”un poe­tikasına giriş. Dansökülən variant” adlı tədqiqatından sonra nəzərdə tutulan əsərindən gedir). Müqəddəs missiyanı bundan sonra da fasiləsiz və yorulmadan daşıması üçün Kamal Abdullaya Allah­dan cansağlığı arzulayırıq. 

 

Nail QURBANOV,
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Mədəniyyət