Vətən sevdalı, vətəndaş şair

post-img

Bəxtiyar Vahabzadə – 100

Türkiyənin Adana şəhərində Cümhuriyyət Günü “Kitab anımı”nı ehtiva edən bir  abidə ucaldılıb. Abidənin postamentində  Mustafa Kamal Atatürkün məşhur bir kəlamı  həkk olunub: “Mən uşaq ikən fəqir idim. İki quruş əlimə düşüncə, onun bir quruşunu kitaba verirdim. Əgər belə etməsəydim, istədiklərimin heç birini edə bilməzdim”. Abidədə məhz kitaba səcdə ilə və özlərinin dəyərli kitabları ilə dahilik qazanmış XX əsrin böyük şəxsiyyətlərinin adları var.  100 yaşını qeyd etdiyimiz “İstiqlal” ordenli Xalq şairimiz Bəxtiyar Vahabzadənin adı bu abidədə ön sıradadır.  

Azərbaycan poeziya məbədinin ucaldılmasında danılmaz rolu olan, dünya ədəbiyyatının xəzinəsinə töhfə verən istiqlal şairi Bəxtiyar Vahabzadə cəsarətli  qələm və kəlam sahibi kimi ən uca zirvələrə layiqdir. Lirikasının mövzu genişliyi və rəngarəngliyi onun böyük mütaliəsindən, İlahi fəhmindən xəbər verir. O, hansı mövzuda yazırsa-yazsın, orada vətəndaşlıq və vətənpərvərlik, millilik, türkçülük və turançılıq, böyük şairin ölçüsüz istedadının təcəllası, müdrik yaradıcılığının ehtişamı var.

Bəxtiyarın yaradıcılığı ilə tanış olan oxucu özünü rahat hiss edir, ürəkdən gələn fəlsəfi sətirlərdə öz dünyasını tapa, həyəcanına sahib çıxa bilir. Qırğızıstan Respublikasının həmişəyaşar ədibi Çingiz Aytmatov Bəxtiyar Vahabzadənin poetik fikirlərinə yaxşı bələd olduğu üçün demişdi: “Bəxtiyar poeziyasında lirizmlə vətəndaşlğın vəhdəti ayrılmaz qoşa simlərdir”. Bəli, bu qoşa simlər səsləndikcə haray qoparır, onun erudisiyalı dünyagörüşünə şəhadət verir. Bəxtiyar Vahabzadə lirikasının vurğunu, sonralar İslam dinini qəbul edən Ahmed Şmide (Hanspeter Şmide) şairin “Ana dili” şeirinin alman dilinə tərcüməsini oxuyandan sonra onu Vətən və ana dilinin mücahidi kimi rəğbətləndirib: “Mən, vətənə və dilimə olan məhəbbətimi Bəxtiyarın “Ana dili” şeirini oxuyandan sonra anladım!” Həqiqətən də, bu canlı abidə Bəxtiyar yaradıcılığının unikal lirikasıdır.

Dil açanda ilk dəfə, ana söyləyirik biz,
Ana dili adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır…

1967-ci ildə Kasablankada qələmə aldığı “Latın dili” şeiri də dilin həssas məsələtək göz bəbəyi kimi qorunmasını hamıya tövsiyə edir. Yox olan vətənin, xalqın bu dildə “ana”, “vətən”, “torpaq” deyəni olmasa da, dil yenə  yaşayır. Şair bu dili sovet vaxtı sıxışdırılan Azərbaycan dili ilə müqayisə edir. “Vətən ola-ola dilimiz niyə korlanıb ?” – deyir. 

…İndi söylə,
Hansı dilə ölü deyək:
Vətən varkən, Millət varkən,
Kiçik, yoxsul komalarda
Dustaq olan bir diləmi?.. 
Yoxsa uzun əsrlərdən
keçib gələn, xalqı ölən,
özü qalan bir diləmi?

Sovet dönəmi prizmasından ədəbi davranışla bir araya sığmayan belə ifadələri yalnız   Bəxtiyar Vahabzadə kimi mübariz şairlər yaza bilərdi.  Bəxtiyar Vahabzadə coğrafiyası geniş lirikası ilə həmişə oxucularının nəbzini tuta bilib. Əslində, bu bacarıq və qabiliyyət şairin liderliyə xas böyük xarizmasından xəbər verir. Müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Günter Qrass özünün Nobel nitqində belə bir sitat gətirib: “Zati-Aliləri! Osvensimdən (Polşada alman nasistlərinin yaratdığı və 600 min adama amansızcasına zülm etdikləri əsir düşərgəsi olan kiçik şəhər) sonra şeir yazmaq barbarlıqdır. Bu həm də, onu deməyə əsas verir ki, şeir yazmaq bu gün çox çətindir”.

Qənaətimə görə, Bəxtiyarin dövründə yaşayıb-yaradan nəslin yaradıcılığında bir güc varıydı, partlayışa və şimşəyə bənzər bir güc. Zamanın böyüdücü şüşəsi altında o güc salnamədə Nobel mükafatının bünövrəsini qoyan dinamitin kəşfinə bənzəyən qədər böyük görünür… Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Əli Kərim, Nəriman Həsənzadə, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Məmməd Araz, Vahid Əziz və başqaları o səhnədə şəfəqli simada görünürlər. İndi zamanın defisiti sayılan və ictimai ruhu oxşayacaq yaradıcılıq nümunələri azdır. İndi zövq də dəyişib. Zamanın zövqü oxşayacaq ədəbiyyatı geri qaytarmağa gücü yetərincə deyil! Yaradıcılıq fəhmli davamçılar bədii meydandan çox, internet məkanına – virtual meydançalara üz tuturlar.  

Bəxtiyar Vahabzadə və onun səviyyəsində olan həməsrləri isə yaradıcılığına görə  dünya yazarlarının ponaptikumunda (Qədimdə mumdan hazırlanmış heykəllər və əntiq əşyalar muzeyi) özünə məxsus fəaliyyəti artıq əbədiləşmişdir.

Çingiz Aytmatovun fikrinə hörmətlə yanaşaraq – “Keçmişə  və ötüb keçənlərə görə əzab çəkib, ona bu günün gözüylə baxmaq Bəxtiyar Vahabzadənin mövzu dairəsinin genişliyindən, fəlsəfəsindən və bir az da mürəkkəbliyindən xəbər verir.” Bir sitat gətirək:

Şeytanlar milləti qorxuda bildi,
Doğru danışanı asdılar dardan.
Qızıl saraylarda fərman verildi,
Tarix gəlib keçdi ac komalardan…

                       (“Topqapı sarayı”)

Həmişə haqlı danışan şair Bəxtiyar Vahabzadə bu günün gözüylə qosqoca tarixi  poetik dili ilə mühakimə edir. Oxucunu inandırır ki, bu günün taleyi ibrətdən asılıdır… 

Kitab rəfimdə ulu şairin seçilmiş əsərləri var. 1999-cu ildə çapdan çıxmış “İstiqlal” əsəri şairin öz dəsti-xətti ilə mənə ərməğan  edilib. “Qeyrət, təmizlik, təvazökarlıq nümunəsi, əzizim Şəmsəddin üçün. B.Vahabzadə. 26.03.2003”. Ruhuna Aləmlərin Rəbbi məlhəm çiləsin!

Ulu şair üçün “Azadlıq” bir rəngdə olmayıb. O, “Azadlıq var özgəsinə yamaq kimidir, azadlıq da var, qollarda qandala bənzər” – deyir. Şair azadlığı ali dəyərlər sırasında görür. Fikrincə, insan azadlığı olmayan məmləkətlərdə fəlakətlər baş verər, beyinlər kütləşər, həqiqət riyakar olar, ədalət boyaya çevrilər!

Azadlıq!

Azadlıq əldən getdimi…
Gedər ağızlardan dad da, ləzzət də.
Ağıl da, ürək də gülər arzuya
Azadlıq olmayan bir məmləkətdə.
Həqiqət bir riya, ədalət boya…
Azadlıq olmayan bir məmləkətdə
Düz əyri adlanar, əyri düz olar….

“Azadlıq alınar, yaddan umulmaz” – deyir şair. Bu sətirləri yazdıqca 1989-cu ilin mitinqləri kino pərdəsi kimi gözlərimin önündə canlanır. Mən onda polis sıralarında xidmətdə idim. Hökumət evinin qarşısındakı meydana toplaşan  milyonlarla vətənsevərlərin əllərində Bəxtiyar Vahabzadə meydana gətirilirdi… Biz, bu unudulmaz mənzərəni seyr etdikcə qürrələnirdik ki, millətimizin belə bir oğlu var.

Şərəfdir ölmək də azadlıq üçün,
Bu məslək dəyməzmi bütün dinlərə?
Deyirəm eşq olsun  dünən və bu gün
Azadlıq yolunda can verənlərə!..

Ruhu bir daha şad olsun. Şair bundan artıq sözünü necə ifadə etməliydi? Heç kimin şübhəsi yoxdur ki, yaşasaydı, 44 günlük Zəfərlə bağlı daşı dəlib keçən poetik sətirlərinin də şahidi olardıq.  

Rusiyanın tanınmış şairi K.Simonov Bəxtiyarı “Müstəsna istedada malik və qeyri-adi şair”, Türkiyənin nüfuzlu şairi Yavuz Bülənd “Azərbaycanın dərdlərini hayqıran şairi” adlandırmışlar.

…İnsan, insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər…

Bəxtiyar Vahabzadənin yaradıcılığı təkrarolunmaz “hadisələr”lə zəngindir. Onun poetik meydanında ardıcıllıq olduğundan oxucunun ekstsessi baş vermir, yəni oxucu mütaliə niyyətindən – qarşısında olan kitabı oxumadan kənara çəkilə bilmir.

Məşhur İngilis yazıçısı və dramaturqu, Nobel mükafatına layiq görülən Con Qolsiorsi zamanında dini ehkamlara qarşı barışmaz mövqedə olduğuna görə keşişlər onu qəbul etmirdi. 1933-cü ildə laureat dünyasını dəyişəndən sonra keşişlərin əlinə fürsət düşdü. İngiltərə yazıçılar cəmiyyəti Qolsiorsinin Vestminster qəbristanlığında dəfn olunması ilə bağlı müvafiq qərar versə də, keşiş bu təklifi rədd etdi. Nə yaxşı ki, şairin “Mənim külümü səpin…” şeiri varıymış. Gediş-gəlişli yoldan kənar bir təpədən şairin külünü ətrafa səpib vəsiyyətinə əməl edirlər. Onun qəbri yer üzündə qalmasa da, qəlbə hopan əsərləri və əməlləri yaşayır və yaşayacaq…

Taleyə baxın! Yazıçının uzaqgörənliyinə heyrətlənməmək olmur. Onun nə vaxtsa yazdığı “Alma çiçəkləri” povestində sevgilisinin aldatdığı qızın özünü çaya atıb intihar etməsi şairə nəcib bir mövzu bəxş etmişdi və ”Mənim külümü səpin…” adlı canlı bir əsər ərsəyə gəlmişdi. Kilsə həmin nakam xanımı da qəbristanlıqda dəfn etməyə icazə vermədiyindən yandırıb külünü ətrafa səpmişdilər…

Yəni, məsələ təkcə kimin harada dəfn edilməsindən, başdaşının qoyulmasından və yaxud qoyulmamasından getmir. İnsanı yaşadan unudulmayan əməlləridir. Abidə insanların ürəyində ucaldılmalı, yaddaşlarda və xatirələrdə dəfn olunmalıdır. İnsanların ürəyində dəfn olunub, abidələri ucaldılanlar həmişəyaşar və pakdırlar, onlar müqəddəs qələm sahibləridir. Xoş hallarına. Belə, uca zirvələrdə uyuyan sənətkarlar heç nəyə, hətta Nobel mükafatına belə möhtac olmazlar.

Zamanın qatmaqarışıq siyasi burulğanlarından şərəflə və üzüağ çıxan Xalq şairi – xalqın şairi Bəxtiyar Vahabzadə ürəklərdə möhtəşəm abidəsi ucalan belə böyük sənətkarlardandır.  

Şəmsəddin ƏLİYEV,
hüquqşünas-publisist

 

Mədəniyyət