ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçiriləcək görüş yalnız diplomatik protokol deyil – bu, dünya siyasətində yeni mərhələnin açarı ola bilər. Tarix yaxınlaşdıqca beynəlxalq ictimaiyyət də bu suala cavab axtarır: Tramp-Putin görüşü Ukrayna müharibəsinin taleyinə necə təsir göstərəcək və hamının gözlədiyi sülh Avropaya qayıdacaqmı?
Donald Trampın təklifi bir çox Avropa liderləri üçün həm ümid, həm də narahatlıq mənbəyidir. Qərb mediasının məlumatına görə, ABŞ prezidenti bildirib ki, Avropa və Ukrayna liderlərinə təhlükəsizlik zəmanəti verə bilər, amma bu zəmanət NATO çərçivəsində deyil, yalnız ikitərəfli və ya regional razılaşmalar vasitəsilə həyata keçiriləcək.
“Politico”nun məlumatına görə, Prezident Tramp virtual konfransda açıqlayıb ki, ABŞ Kiyevə yalnız atəşkəs əldə edildiyi halda və NATO strukturlarından kənar dəstək verəcək. Diplomatik mənbələr qeyd edir ki, konkret mexanizmlər hələ müəyyənləşməyib və bu qeyri-müəyyənlik həm müttəfiqlər, həm də rəqiblər arasında gərginliyi artırır. Britaniyalı rəsmi isə Donald Trampın yekun razılaşmada mühüm rol oynayacağına inandığını bildirib.
Tramp açıq şəkildə bəyan edib ki, ABŞ Ukraynaya birbaşa silah və ya qoşun göndərməyəcək. Bunun əvəzinə Avropaya silah satışı yolu ilə Kiyevin ehtiyaclarını dolayısı ilə qarşılamaq niyyətindədir. Bu isə bəzi Ukrayna tərəfdarları üçün yetərli deyil və gözləntiləri tam qarşılamır.
The Wall Street Journal yazır ki, Tramp görüşdə ərazi məsələlərinə toxunmağı planlaşdırmır; Əsas məqsəd Rusiya–Ukrayna müharibəsində atəşkəsə nail olmaqdır. Lakin The Telegraph iddia edir ki, Tramp sülh müqabilində Putinə Alyaska və Donbass resurslarını təklif edə bilər – bu isə beynəlxalq hüququn prinsiplərini birbaşa sınağa çəkir.
Daha bir maraq doğuran məqam Ukrayna Prezidenti Volodimir Zelenskinin Alyaska görüşündə iştirak edib-etməyəcəyi barədə idi. Ancaq Prezident Tramp Ukrayna prezidentinin görüşdə iştirakının danışıqlara mane olacağından narahatdır. Avropalı liderlər əvvəlcə NATO baş katibi Mark Rütte və Prezident Zelenskinin birbaşa iştirakı ilə bağlı təklif versələr də, sonradan bu ideyadan imtina ediblər. Razılaşmaya görə, Donald Tramp əvvəlcə Vladimir Putinlə görüşəcək, sonra isə Zelenski və Avropa liderlərini məlumatlandıracaq. ABŞ-ın vitse-prezidenti Cey Di Vens də Avropa və Ukraynanı əmin edib ki, Vaşinqton Ukraynasız Rusiya ilə taleyüklü danışıqlar aparmayacaq.
Bununla belə, siyasi şərhçilərin sözlərinə görə, Prezident Trampın təklifi – “sülh müqabilində torpaq” və NATO-dan kənar təhlükəsizlik zəmanətləri – Qərbin klassik prinsiplərinə ziddir. Bu model ənənəvi kollektiv müdafiə və beynəlxalq hüquq mexanizmlərinə zidd olaraq ikitərəfli və praqmatik kompromislər üzərində qurulub. Bu təklifin tərəfdarlar hesab edirlər ki, belə yanaşma sürətli nəticələr gətirə və uzun sürən münaqişəni sona çatdıra bilər.
Tənqidçilər isə bildirirlər ki, belə addımlar təhlükəli presedent yaradır və gələcəkdə digər münaqişələrdə eyni yanaşmanı stimullaşdıra bilər. Bəzi analitiklərin fikrincə, bu yanaşma yalnız Avropa təhlükəsizliyini deyil, qlobal diplomatiya sistemini də sınağa çəkir. Digər ölkələr də bu modelin öz regionlarında necə tətbiq oluna biləcəyini müzakirə mövzusuna çevirə bilər. Əgər Qərb Ukrayna məsələsində ərazi güzəştlərinə razı olarsa, digər problemli regionlarda oxşar həllərin gözlənilməsi mümkündür.
Bir sözlə, Alyaska görüşündə çoxtərəfli və real, uzunmüddətli sülh üçün proqnozlar qarışıqdır. Bəziləri danışqların nikbin yekunlaşacağına inanır, digərlərisə, əksinə, görüşdən ciddi uğur gözləmirlər. İstənilən halda Tramp–Putin görüşü tərəflərə hansı istiqamətdə hərəkət etməyə aydınlıq gətirəcək.
Səbuhi MƏMMƏDOV
XQ