Tutu yeyin doyunca...

post-img

Onu yol qırağında əkərdilər ki, səfərə çıxanlar yorulanda kölgəsində nəfəs dərsinlər, acanlar barını dərib yesinlər. Qayalıqda əkərdilər ki, susuzluğa davamlıdır. Həyətdə, qapı-bacada əkərdilər ki, kölgəsində uşaqlar oynasınlar.

Kölgəsində süfrə açdığımız, şü­mal budaqları aynabəndə kölgə salan, üstündə sərçələrin yuva qurduğu tut ağacı... Səhər-səhər gün yerindən çırt­layanda tut ağacının qanadlarını əyib əl-ətəyində şirəyə dolmuş meyvələri yeyən adam çətin ki, mədə-bağırsaq xəstəliklərindən giley-güzar etsin. Tut meyvəsi və ondan hazırlanan doşab və irçal daxili xəstəliklər zamanı hədsiz dərəcədə şəfaverici rol oynayır. Tut qu­rusu ilə çay içməyin özgə ləzzəti var.

Canının qədrini bilən kəs tut dən­zərəndən sovulub qurtaranadək onun dibindən çəkilməz. Tut dərdlər dərma­nı, yaralar məlhəmidir. Tut çubuğunun sivrimini soyandan sonra altındakı ağ zoğlar hansı yaraya qoyulsa, ən qısa vaxtda bitişmə, qaynama əmələ gəlir. Tut yarpağını sivrimlə bir yerdə qayna­dıb soyuyandan sonra qarqara edəndə diş ağrısını kəsir. Tut yarpağını şoraba­nın üstünə qoyanda qoxu çəkilir. Tənək yarpağı kimi tut yarpağına da dolma büküb bişirmək olur. Hətta bəzi yerlərdə tut yarpaqlarını xırda-xırda doğrayaraq qutabın, kətənin içinə də tökürlər.

Tut nadir ağacdır ki, onun həm yar­pağı, həm budağı, həm meyvəsi, həm də oduncağı çox qiymətlidir. İpəkqurdu yalnız və yalnız tut yarpağı ilə qidala­nır. Qurumuş tut budaqlarından təndirə yaxşı alışıq olur, közü üstündə kabab bişirirlər. Kənd yerində yayda alaçığa tut odunundan səcin vuran qışda soyuqdan korluq çəkməz. Tutun közü uzun müd­dət sönmür, hətta ondan kömür də ha­zırlayırlar. Dəhrə ilə tutun qol-budağını qırırsan, növbəti il təzədən pülkələyir.

Ən yaxşı tütək qoz və fındıq ağacla­rının budağından çıxır. Tut budağından da tütək düzəltmək olur. Tut toxmağı­nın üstündə döyülən ətin dadını heç nə verməz. Tut budağından yaxşı cəvərən toxunur. Dəyirmanın unluğu, təhnəsi, xəlbirin, ələyin sağanağı tut ağacından düzəldilir. Tutdan düzəldilən səhəngə oxşayan qab–onu güşad adlandırırlar– həmişə suyu sərin saxlayır. Torpaqda ən gec çürüyən tutun oduncağıdır – ona görə də ondan başdaşı kimi də istifadə edirlər. 

Ən nəhayət, tut yeganə ağacdır ki, ondan tar, saz və kaman hazırlanır. Sü­mük, oynaq ağrıları olanların tut yığılıb qıcqırdılmış çəlləyə girməsi çox faydalı­dır. Çinar və palıd ağaclarının kölgəsin­dən sonra oturmalı, dincəlməli sərin yer tut kölgəsidir. Nənələrimiz körpə uşaqla­rın yüyrüyünü həmişə şah tutdan asardı­lar. İri gövdəli tut ağaclarının altında toy mağarları qurulardı.

Tut ağacına çıxmaq, onun budaq­ları üstündə gəzmək elə bir məharət tələb etmir. Çətini ayağını yerdən üzüb əl-ətəkdəki budaqların üstünə qalxın­cadır. Ondan sonra budaqdan-budağa, qanaddan-qanada adlamaq çox sadə və rahatdır. Tutun budaqları elə düzülüb ki, onun üstündə nəinki rahat hərəkət et­mək, hətta gəzdəyinə söykənib yatmaq da olar. Gizlənpaç oynayanda iri göv­dəli tut ağacının koğuşuna girsən, çətin ki, səni orda tapalar. Yetər ki, koğuşda ilan-çayan olmasın.

Tutun növləri çoxdur: qonur tut, cır tut, bedana tut, şah tut, xar tut... Bir iş var ki, hansının üstünə çıxsan, gərək şirəyə batmış köynəyindən əl üzəsən. Tutun şiv budaqlarında, bəzi budaqların ucunda qalan meyvələr gün vurduqca şirəyə dolur və bal kimi şirin olur. 

Bəzi bölgələrdə əbəs yerə demirlər:

Alçanı göy ye, 

Almanı soy ye, 

Əriyi doy ye, 

Gilası əy ye,

Heyvanı döy ye, 

Ağ tutu hey ye!

 

Süleyman QARADAĞLI



Sosial həyat