Qədim köç yolu kənddəki ata evimizin yaxınlığından – Çal dağından başlayıb, Yırğançaydan keçib Ballı bulağa qədər uzanırdı. Uşaqlıq illərimdə kəndimizdə el yaylağa gedəndə köç karvanına tamaşa etməkdən yorulmurdum. O dolaylı-düzənli köç yolunu ilin yaz fəslində bir dəfə başdan ayağadək keçəndə sehirli təbiətin rəngarəng mənzərələrini görmüşdüm. Kəndimizin yaşlı kişiləri, əli ağac tutandan beli bükülənədək ömrünün çox payını köç yolunda keçirmişdi. Ağgünlü kəndinin camaatı ta qədimdən qoyunçuluqla şöhrət tapmışdı. Ona görə də arandan yaylağa, yaylaqdan qışlağa köç edirdilər.
...Aranda çobanların yataq yerində qoyun-quzunun mələşməsi ilə qarğı tütəyin həzin səsi bir-birinə qarışmışdı. Çoban əmi təbiətin öz əli ilə yonulmuş Haça Qaya heykəlinin üstündə oturub çöllərin seyrinə dalmışdı. Bir də baxıb gördü kü, sürü taxıl zəmisinə sarı axışıb gedir. Ayağa qalxıb toppuzlu zoğal çomağını göydə fırladıb sürü tərəfə atdı. Çomağı elə dəqiq nöqtəyə atdı ki, qoyun-quzuya dəymədi. Sürünün qabağını çəkib gedən erkəc təkə dərhal geri döndü. Sürü taxıl zəmisindən uzaqlaşdı.
– Hara gedirsiniz, ay bərəkətinizə qurban olum? Görmürsünüz, sünbüllər dən bağlayıb?! - deyən çoban əminin üzü gülürdü. Qarşıdan gələn ayda köç yolu ilə yaylağa üz tutacaqdı. Qayanın başından aşağı üzünü mənə tərəf çevirib səsləndi:
– Ayə, qardaşoğlu, bizim tərəflərə xoş gəlmisən, - dedi. Görüşüb hal-əhval tutduq. Sürünün ətəyi yatağa doğru sallananda döl arxacına gedib çıxdıq.
Körpə quzular saxlanan arakəsməyə baş çəkdik. Qarınları belləri ilə bərabər, doğar qoyunların yelinləri qıçlarının arasına güclə sığırdı. Duruşları, baxışları nazlı, xumar gözlü quzuların mələrtisi elə xoşuma gəlirdi ki... Elə bilirdim mənim gəlişimdən xəbər tutub, səs-səsə veriblər. O səs o vaxtdan yaddaşıma yazılıb.
Qoyunlar arxacda yatıb kövşək vururdu. Çoban əmi qumral qoyuna sığal çəkib dedi:
Nənəm, a narış qoyun,
Yunu bir qarış qoyun.
Çoban səndən küsübdü,
Əkiz doğ, barış, qoyun.
... Başkeçid yaylaqlarında kəndimizin yurd yerləri hər nəslin öz adı ilə bağlıdır. Çobanlar yazın burnu qanayandan payızın son ayına kimi sürünün dalısınca gəzərdi. Dəfələrlə Qəmər atının tərkində babam məni də yaylaqlara aparmışdı. Yuxum gələndə məni atın tərkindən götürərdi. Qucağına alar, qolunun üstündə yatırardı. Özüm babam yaşında olsam da, onun mehrindən və meylindən ötrü indi də darıxıram. Deyirəm kaş ki, ömrümün sonunadək babamla üzü dağlara yol gedəydim...
Çobanların yaylaq həyatı, babamla at belində keçən günlərim yaddaşımda elə dərin izlər buraxıb ki... Atdan düşəndə babamın yerişindəki vüqar, baxışındakı nur qəlbimi inamla, istəklə doldururdu. Elə bilirdim babamın Qəmər atına minib düşəndə, mən də onun kimi görünəcəm. O çağlarda arzular qoynunda böyüyürdüm. Ürəyimdən bir arzu da keçirdi. Deyirdim görəsən, nəvaxtsa mən də babam kimi belə nurlu qocalaram?...
Yox, mən babam kimi qocala bilmədim. Onun ömrü köç yolunda, yaylaqların qoynunda keçmişdi. Kəl arabaları beşiyi, dəyələr evi-eşiyi olmuşdu. Güclü və sağlam adam idi. Çox məharətlə at sürməyi vardı. Cıdırlarda həmişə birincilik qazanıb nəmər alardı. Mahir ovçu kimi quşu dimdiyindən vurardı. O, ilin hər fəslində gecələr çardaqda, quş tükü kimi yumşaq ot döşəyinin üstündə yatardı. Yuxusuna biçilmiş ot ətri dolardı. Onun sağlamlığıi nəvələrinə də sirayət etmişdi. İndi babamın böyük qız nəvəsinin 90-dan, kiçik oğul nəvəsinin isə 70-dən çox yaşı var.
Yaylaqlara doğru uzanan köç yolu elimizin aran yolu, dağ yoludur. Kəndimizin tarixi taleyində köç yolunun əhəmiyyəti ölçüyəgəlməz dərəcədə böyükdür. Mal-heyvan sürülərini yayın odundan, istisindən qurtarmaq üçün arandan dağa köç karvanı başlayırdı. Tanrının mərhəmətilə köç yolunda günlü yağışlar yağırdı. Vaxtsız yağan yağışlar zamanı göy qurşağı təbiətin gözəlliklərinə naxış vururdu. Yolun tozunu, tozanağını yatırdıqdan sonra yağış kəsirdi. Sürü yoluna davam edirdi.
Köç yolu ilə sürünü yaylağa yetirmə vaxtı, yaylaq mövsümünü başa vurduqdan sonra da dağdan arana gətirmə vaxtı elə dəqiq hesablanmışdı ki... Allah eləməmiş, dağdan arana köçün vaxtını ötürsəydin, göy kişnər, bulud ağlardı. Dağları duman bürüyərdi, payızın qara yelləri əsərdi, sürülər borana-qara düşərdi. Ona görə də dağ adamlarının köç karvanı saat kimi işləyirdi.
...Köç yolunun qəlbi-qəlbi dağlar aşıb zirvəyə dirənən yerinə çatanda adam qartal olub uçmaq istəyir. Bilir ki, ucalığın ziyarətinə gəlib. Zirvə unudulmaz və mənim sevdiyim ünvandır.
Yurd yerlərində qalın keçələrdən dəyələr qurulmuşdu. At arabalarından barxanaları düşürüb yerbəyer etdilər. Kimi çırağı yandırır, kimi ocağa od salır, kimi də samovarı qaynadıb dağ çiçəklərindən çay dəmləyirdi. Sacda çörək bişirən kim, ocaq daşının üstündə yemək hazırlayan kim... Hərə öz işi ilə məşğul idi. Arandan gələn köç karvanı elat bayramını xatırladırdı.
Samovardan süzülən kəklikotu çayının qoxusu ətrafa yayılırdı. Dağ havasını ciyərlərinə çəkdikcə, kəklikotu çayından içdikcə köç yolunun yorğunluğu arandan gələn qonaqların canından çıxırdı.
Yaylaq mövsümü davam edirdi. Hərə öz işinin başındaydı. Atalar qoyunları, oğullar quzuları otarmağa getmişdi. Analar ağartıdan qışın azuqəsini hazırlayırdılar. Ağgünlü kəndinin yağlı motal və saçaxlı pendirini, çeçilini, süzmə qurudunu, nəhrə yağını el dağdan köçəndə Borçalının aran kəndlərində əl-əl axtarırdılar.
... Çobanın oğlu quzuları dağların kəklikotu qoxuyan güneyinə yayıb göy otun üstünə uzanmışdı. Bulaq başına gedən qızlar bulağın ayna sularında güzgülənirdilər. Oğlan qarğı tütəyini dodaqlarına yaxınlaşdırdı. Tütək dağlara, dərələrə səs saldı. Tütəyin səsi qızların şaqraq gülüşlərinə, bulaqların təranəsinə qarışmışdı. Çobanın oğlunun əlləri tütəkdə, ürəyi tətikdə, gözləri bulaq başına gedən qızların arasında sədrin qızını axtarırdı.
Sədrin qızı dağ döşündə kəklikotudan, zərif dağ çiçəklərindən dərib dəstə bağlayırdı. Çobanın oğlu göy otun üstü ilə sürüşə – sürüşə, tütəyini sədrin qızının iki addımlığında çalırdı. Çobanın oğlunun ürəyi tütəkdə yanırdı. Elə şirin, elə yanğılı çalırdı ki, sanki o səs qeybdən gəlirdi. İki sevən gəncin bəxt ulduzu göydə pıçıldaşırdı. Onların ömrünün ən xoşbəxt dəqiqələri idi.
... El dağdan arana köçməyə üz qoymuşdu, köç yolunun nə əvvəli, nə axırı idi. Amma Ağgünlü kəndinə ildırım sürətiylə bir şad xəbər yayılmışdı:
–Bəs, kolxoz sədrinin qızı ilə çobanın oğlu bir könüldən-min könülə bir-birinə aşiq olub...
Həzi HƏSƏNLİ,
şair-publisist