Səhnəmizin gözəl və özəl aktrisası

post-img

"Şeyx Sənan"ın Xumarı, "Antoni və Kleopatra"nın Kleopatrası, "Od gəlini"nin Solmazı kimi tanınan Hökumə Qurbanova Azərbaycan teatr tarixində iz qoymuş sənətkarlardandır. O, bir-biri ilə əks qütblərdə qərar tutan komik və faciə rollarının mahir ifaçısı idi. İlk vaxtlar Milli Dram Teatrının tamaşalarında ara-sıra çıxış edib, amma 1938-ci ildən ömrünün sonunadək – 50 il əsas rolların ifaçısı olub. 

Bəlkə də çoxları bilmir ki, Hökumə Qurbanovanın ilk rolu kinoda olub. O zaman konservatoriyanın fortepiano sin­fində oxuyurdu. Böyük dramaturq Cəfər Cabbarlının diqqətini cəlb edib və onun təşəbbüsü ilə "Almaz" filmində Yaxşı ro­luna çəkilib. Həmin film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılsa da, Hökumə xanımın kinoda daşıdığı Yaxşı adı onun bir aktrisa kimi yaradıcı­lıq yolunun xarakterini müəyyənləşdirib: ard-arda gələn bütün çıxışları yaxşı olub. Elə buna görədir ki, taleyini əsasən te­atrla bağlasa da, kinonu da unutmayıb və sonralar "Azərbaycanfilm"in istehsal etdiyi filmlərdə öz sözünü deyə bilib. Təkcə 1958-ci ildə dörd filmdə oynayıb: “Kölgələr sürünür”, “Onun böyük ürəyi”, “Ögey ana” və “Uzaq sahillərdə”. Sənət yolundakı kölgələri yox edə bilib, böyük ürəyi ilə ögey anadan sevimli əziz anaya çevrilib və bu gün sənətsevərlərin yad­daşının uzaq deyil, ən yaxın sahillərində qərar tutur. 

Haqqında verilən ensiklopedik məlu­matlarda qeyd edilir ki, istedadlı aktrisa səslə daxili ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji, zid­diyyətli mənəvi aləminin açılmasına is­tiqamətləndirməkdə mahir ustad idi. 

Azərbaycanın teatr səhnəsin­də Sona, Şirin, Səhər, Maral, Gülarə, Sürəyya, Xədicə... kimi obrazlara həyat verən Hökumə Qurbanovanın parlaq ifalarını yaşlı nəslə mənsub olan teatr­sevərlər yaxşı xatırlayırlar. Roldan-rola püxtələşərək, böyük yola çıxan aktrisa­nın sənət xidmətləri yüksək qiymətləndi­rilib. O, 1960-cı ildə Azərbaycanın, 1965-ci ildə SSRİ-nin Xalq artisti fəxri adlarına layiq görülüb.

Yaşının 70-ci ilindən sonra da gənc­lik şövqü ilə çalışan, çıxışları Akademik Milli Dram Teatrında gənclər üçün qə­nimət “ustad dərsləri” kimi dəyərləndirilən Hökumə xanımın sənət ardıcıllarından biri də qızı Vəfa Fətullayeva idi. Təəssüf ki, Vəfanın çox erkən vəfat etməsi onun ana qəlbini yaralayıb və övladından son­ra cəmi bir il yaşayıb.

...Hökumə Qurbanovanın canlandır­dığı rollardan biri “İnsan məskən salır” filmindəki Ana obrazı idi. Özü də bir ana kimi sevimli övladından sonra çox yaşa­ya bilməyib fani dünyanı tərk etsə də, kö­nüllərimizdə əbədi məskən salıb. 

 

Ə.NƏCƏFXANLI, “Xalq qəzeti”

Mədəniyyət