Turan sevdalılarının hesabatı

post-img

Türk xalqlarının ortaq mədəni sərvətlərinin təbliği, öyrənilməsi və inkişaf etdirilməsində sənət festivalları əvəzsiz rol oynayır. Bir həftədən bəri paytaxtımızda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) bu baxımdan xüsusi seçilir.

AMEA-nın əsas binasının önündəki Elmlər Akademiyası parkında düzən­lənən və zəngin proqramı ilə diqqət çəkən festivalın Beynəlxalq Türk Müəl­lifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Res­publikası Mədəniyyət Nazirliyi, Milli Məc­lisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mə­dəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yu­nus Əmrə İnstitutu, İLESAM və digər qu­rumların dəstəyi ilə araya-ərsəyə gəlməsi mədəni sərvətlərin qorunub saxlanması­na və nəsildən-nəslə ötürülməsinə necə ciddi yanaşıldığının göstəricisidir.

İlk günü Qarabağ müharibəsi qazilə­rinə həsr olunan “Əsgərnamə elegiyası” və “İgidlərin sözü” layihələrinin uğurlu təqdimatı ilə açılan festival daha sonra türk dünyasının ünlü sənət və söz adam­larının çıxışları ilə daha da təsirli oldu. Sanki gözoxşayan, böyük bir göyqurşağı qollarını geniş açaraq Akademiya şəhər­ciyini ağuşuna almışdı. 

Festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar öz məhsullarını oxuculara təklif edirlər. Bayramın hər günü bir ölkəyə həsr olu­nur. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan günləri yaddaqalan tədbirləri ilə süslənib. Eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri festivalı daha da dolğunlaşdırır. Dünən qədim türk diyarı Qırğızıstanın tarixi-mə­dəni irsi və çağdaş ədəbiyyatı ətraflı təq­dim olundu. 

Festivalın növbəti panelində səhnə Sumqayıt şairlərinin ixtiyarına verildi. AYB Sumqayıt Bölməsinin sədri şair Gül­narə Cəmaləddin poeziyasevərləri sa­lamlayaraq gənclik və gözəllik şəhərinin ədəbi aləmi, qələm sahiblərinin yaradı­cılıq ənənələri, uğurları barədə məlumat verdi və şeir oxudu. 

AYB-nin poeziya seksiyasının rəhbə­ri, Türk Ədəbiyyatı Vəqfinin fəxri üzvü, Sumqayıt Poeziya Evinin direktoru İbra­him İlyaslı türkdilli ədiblərin yaradıcılıq əlaqələrindən, Turan qardaşlığının tarixi kökləri üzərində pərvəriş tapan bugün­kü sıx münasibətlərdən bəhs edərək bu mövzuda yazdığı şeirini təqdim etdi. AMEA-nın Coğrafiya İnstitutunun elmi işçisi, fəlsəfə doktoru, şair Natiq Quba­doğlu xalqlarımızın ortaq dəyəri olan toponimika mənbələri ilə bağlı fikirlərini bölüşdü və lirika dəftərindən nümunələr səsləndirdi. 

Sonra söz tədbirə qatılan sumqayıtlı müəlliflərə verildi. Rəfiqə Şəms, Əyyub Qiyas, Xatirə Fərəcli, Xan Rəsuloğlu, Gülnar Ümid, Əli Nəcəfxanlı və başqala­rının səsləndirdikləri yeni şeirləri alqışlar­la qarşılandı.

Gün ərzində reallaşan panellər, imza günləri, türk dünyasının tanınmış ya­zarları ilə görüşlər, Saatlı rayonundan “Adıgün” Ahıska folklor kollektivinin çıxı­şı, film nümayişləri ecazkar təsir bağış­layır, hamısı bir ağacın qolları olan türk dövlətlərinin qardaşlıq münasibətlərinin möhtəşəm nümayiş meydanına çevril­miş məkanı coşdururdu. Özünün parlaq vətənpərvərlik nəğmələri ilə dünyaya səs salmış qələm dostumuz Şahin Mu­saoğlu demişkən, kimi sözü-sazı, kimi sevgisi, kimi şeiri, kimi də kitabları ilə fes­tivalın axarına qoşulmuşdu. Damlalardan göl, dalğalardan dəniz yaranmışdı. 

İnanırıq ki, uğurlu sonluğuna çatan festivalın təəssüratları uzun müddət kö­nülləri tərk etməyəcək, türk dünyasının sarsılmaz birliyinə, eyni mədəniyyətə, ədəbiyyata, tarixə malik olan dövlətlərin əlaqələrinin daha da möhkəmlənməsinə əvəzsiz töhfələri ilə yadda qalacaq. 

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Mədəniyyət