“Bakı-2015” mükəmməl təşkil edilmiş möhtəşəm idman hadisəsi idi

post-img

Yaraşığı və əzəməti ilə fəxr etdiyimiz Azərbaycanın ən böyük idman meydanı olan Bakı Olimpiya Stadionunda "Köhnə qitə"nin idman hərəkatında yeni dövrə start vermiş birinci Avropa Oyunlarının təntənəli açılış mərasimindən daha bir il ötür. Artıq səkkiz ildir ki, ölkəmiz tarixdə Avropa Oyunlarının vətəni kimi yaşayır. Əgər qədim Yunanıstan Olimpiya oyunlarının vətəni olması ilə fəxr edirsə, gündən-günə gözəlləşən, möhkəmlənən və beynəlxalq nüfuzu durmadan artan qüdrətli Azərbaycan Respublikası da Avropa Oyunlarının vətəni kimi tanınması ilə qürur duya bilər. Deməli, nə qədər ki, bir an belə dayanmayan heyrətamiz idman həyatı davam edir, bu iki ölkəyə və onların baş şəhərləri Afina ilə Bakıya beynəlxalq dairələrdə xüsusi hörmət və ehtiramla yanaşılacaq.

Təsadüfi deyil ki, "Bakı–2015"in xarici ölkələrdə ilk təqdimat mərasimlərindən biri 2014-cü ilin sentyabr ayında, Bakı­da Avropa Oyunlarının açılışına doqquz ay qalmış Afinanın "Akropol" muzeyində keçirilmişdi. Hələ onda Yunanıstan Milli Olimpiya Komitəsinin rəhbəri Spiros Kap­ralos Avropa qitəsində baş tutacaq Oyun­lara hazırlığın yüksək səviyyədə getdiyini bildirərək, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Avropa Oyunlarının Təşkilat Komitəsinin gərgin işlədiyini və bu prosesə Prezident İlham Əliyevin güclü dəstək verdiyini xü­susi qeyd edib, onu da vurğulamışdı ki, bütün Avropa kimi, Yunanıstanda da Bakı startlarını böyük maraqla gözləyirlər.

Paytaxtımızda yarışların elə ilk gün­lərindən aydın oldu ki, Avropa idman hərəkatında yeni səhifə açıldığını bildirən "Bakı-2015" ümidləri tam doğruldacaq. Müasir idman meydanlarında ən yüksək səviyyədə təşkil edilib, hamıda xoş əhval yaradan maraqlı və gərgin startlarda 50 ölkənin 6000-dən çox təmsilçisi ideal şə­raitdə mübarizə aparmaqdan böyük zövq aldı. İştirakçıların hər biri, hətta medal qazana bilməyib, fəxri kürsüdən kənarda qalanlar da tarixdə ilk Avropa Oyunların­da yarışmağına şad idi. Mükəmməl şəkil­də təşkil edilən turnirlər hamının ürəyin­dən olmuşdu.

İndi, aradan səkkiz il keçdikdən son­ra 2015-ci il iyunun 12-dən 28-dək Azər­baycanın bütün bölgələrində unudulmaz idman bayramını xoş bir həyəcanla izlə­miş vətəndaşlarımızın, eləcə də, Avropa ilə yanaşı dünyanın bir çox ölkəsində milyonlarla idman pərəstişkarının "Ba­kı-2015"dən necə xoş təəssürat aldığı xatirələrdə hələ çox yaşayacaq. Pay­taxtımızda birinci Avropa Oyunlarının ən yüksək səviyyədə, hətta bir çox məşhur mütəxəssisin və nüfuzlu idman nəşrləri­nin yekdilliklə etiraf etdikləri kimi, Olimpi­ya oyunları səviyyəsində keçirildiyi barə­də bir-birindən xoş rəyləri unutmamışıq. Bununla belə, "Bakı-2015"in 8 yaşının tamam olduğu günlərdə bəzi məqamlar üzərində dayanıb, tarixdə Avropa Oyun­larının vətəni Azərbaycana beynəlxalq idman dairələrində göstərilən böyük hör­mət və ehtiramı bir daha nəzərə çatdır­maq yerinə düşər.

Avropa Oyunlarının ilk paytaxtı adını qitənin hər hansı bir nəhəng ölkəsinin baş şəhəri, deyək ki, Moskva, London, Berlin, Roma, Paris, Madrid yox, Azərbaycanın zəngin idman ənənələrinə malik paytaxtı daşıyır. Bu, Bakıya və bakılılara, bütün Azərbaycana, onun dostlarına xoşbəxtlik hissləri yaşadan böyük etimaddır. Həm də şəhərimizin dünyanın ən yaxşı idman mərkəzlərindən biri olmasının dolğun tə­zahürüdür.

Bakı Avropanın ona göstərdiyi yük­sək etimadı şərəf və ləyaqətlə doğrultdu. Oyunların əla təşkili dünyanın, demək olar, hər yerində böyük rəğbətlə qarşı­landı, hamı yarışların bütün iştirakçıların və rəsmi şəxslərin qəlbində xoş hisslər oyatdığını, Azərbaycan qonaqpərvərliyini və səmimiyyətini, turnirlərin bütün bey­nəlxalq standartlara uyğun keçirildiyini, medallar uğrunda mübarizənin ədalətli idman rəqabəti şəraitində davam etdiyini sevinclə bildirdi.

Beynəlxalq dairələrdə Azərbaycana, dövlətimizə böyük rəğbət respublikamı­zın uğurlarını, həyatın bütün sahələrində sürətli inkişafını gözü götürməyənlərə, onların Avropa Oyunlarını boykot etmək çağırışlarına layiqli cavab idi və bədxah­larımızı geri çəkilib susmağa məcbur etdi. Azərbaycan irəliləyişimizə mane ol­maq üçün dəridən-qabıqdan çıxan qara qüvvələri öz yüksək mədəniyyəti, əla təş­kilatçılıq bacarığı, hər bir qonağa qayğı­keş münasibəti, gərgin mübarizə meyda­nında qələbə və medalları ilə susdurdu.

Bununla da ölkəmiz inamla təsdiq etdi ki, Avropa Oyunları Azərbaycan döv­lətinin və idmanının zəfər marşıdır. Dün­ya Azərbaycanın nəyə qadir olduğunu bir daha yəqin etdi.

Yadımdadır, "Bakı-2015"də qonağı­mız olmuş xarici ölkə mütəxəssislərindən biri öz ölkəsinin müxbirləri ilə müsahibə­sində Azərbaycanda Avropa Oyunlarını ümummilli layihə adlandırmışdı. Bu isə o demək idi ki, ölkəmizdə heç kim qitə idman hərəkatında yeni mərhələ olan yarışlara hazırlıqdan kənarda qalmamış, hamı startların yüksək səviyyədə təşkil edilib, keçirilməsi üçün əlindən gələni edərək, Avropa Oyunlarını gənclərin par­laq idman bayramına çevirmişdir.

İspaniya Milli Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko sanki hər şeyin əla olacağını qabaqcadan hiss edirmiş kimi, hələ Avropa Oyunları baş­lamazdan əvvəl belə bir fikir söyləmişdi ki, Bakı Avropa üçün çox vacib olan bu yarışları sensasiyalı şəkildə təşkil edə­cək. Belə də oldu, finişdən sonra Avropa­nın hər yerində ölkəmizin ünvanına çoxlu minnətdarlıq sözləri söylənildi. 28 iyun axşamında Bakı Olimpiya Stadionunda tarixdə ilk Avropa Oyunlarının təntənəli bağlanış mərasimində isə Azərbaycanda zəfər marşı daha ucadan səsləndi.

Paytaxtımızda yarış günlərində ki­çik San-Marinodan tutmuş Avstraliyaya, Kuba və Monteneqroya, İspaniya və Çin Xalq Respublikasına qədər, bir sözlə, dünyanın hər yerində əzəməti ilə hamını valeh edən gözəl paytaxtımıza ünvanla­nan və hər bir Azərbaycan vətəndaşının qəlbini riqqətə gətirən xoş sözlər Bakının zirvədə dayanmasına dərin ehtiramın ifa­dəsi idi.

Adını çəkdiyimiz ölkələrlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Belarus, Almaniya, İtaliya, Böyük Britani­ya və digər dövlətlərin nümayəndələri də Bakının qonaqlara göstərdiyi səmimiyyət, onların paytaxtımızda özlərini evdəki kimi hiss etmələri üçün yaradılan gözəl şərait haqqında razılıq hissi ilə söz açmışdılar.

Azərbaycan dövlətinin rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin respublikamıza rəhbərliyinin 12-ci, ölkə olimpiya hərəkatına isə lider seçilməsinin 18-ci ilinə təsadüf etmiş Av­ropa Oyunları və bu mötəbər yarışda mil­li komandamızın ümumi hesabda yalnız Rusiyadan geri qalıb, 56 medal – 21 qı­zıl, 15 gümüş və 20 bürünc mükafatla 50 ölkə arasında finişə ikinci çatması, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi ölkələri geridə qoyması istər təşkilatçılıq, istərsə də nəticə baxımından fantastik nailiyyət idi.

"Bakı-2015"in bağlanış mərasimin­dən dərhal sonra Kuba Kommunist Par­tiyası Mərkəzi Komitəsinin orqanı "Qran­ma" qəzetinin Prensa Latina Agentliyinə istinadla yazdığı "Bakıda birinci Avropa Oyunlarının ən yüksək səviyyədə təşkili göstərdi ki, bu paytaxt şəhər Olimpiya oyunlarını da keçirə bilər" fikri də deyilən­lərin təsdiqi idi.

London Olimpiadası–2012-nin bü­rünc mükafatçısı, Bakıda Avropa Oyun­larında Belarus Respublikasının bədii gimnastika üzrə yığma komandasının məşqçisi olmuş Lyubov Çerkaşinanın "Veçerni Brest" qəzetinə söylədikləri ölkəmizin qüdrəti, ildən-ilə Azərbaycanda baş verən xoş dəyişikliklər barədə ürək­dən gələn fikirlər idi:

"Məndə Azərbaycan və Bakı haqqın­da ən yaxşı xatirələr qalıb. Əgər sırf id­man məsələlərini nəzərə alsaq, birinci Avropa Oyunları çox yüksək hədd müəy­yənləşdirib. Ona görə də ikinci oyunların təşkilini öhdəsinə götürən şəhər üçün çox çətin olacaq. Azərbaycan öz qonaqpər­vərliyi və maliyyə imkanları ilə hər şeyi yüksək səviyyədə təşkil etmişdi, burada dünya miqyasında tanınan mütəxəssislər işləyirdilər. Bütün bunlar mənə London Olimpiadasını xatırladırdı.

Bakı gözəl şəhərdir. Bu şəhər daim in­kişaf edir... Mən müqayisə apara bilərəm: 2003-cü ildə Bakıda olmuşdum, 2015-ci ildə də oldum. Ondakı Bakı ilə indiki Bakı arasında yerlə göy qədər fərq var".

Biz isə əlavə edib, deyə bilərik ki, son səkkiz il ərzində həmin fərq dəfələrlə artmışdır. Əgər Azərbaycan 2015-ci ildə Avropa Oyunlarını erməni işğalçılarla müharibə şəraitində keçirmişdisə, artıq torpaqlarımız azaddır, indi bu gözəl yer­lərdə – doğma, əziz Şuşada, dupduru, şəffaf Suqovuşanda və azad olunmuş digər ərazilərdə nəinki ölkədaxili, hətta beynəlxalq yarışlar keçirilir, müasir idman bazaları inşa olunur.

...Unudulmaz "Bakı–2015" şənliklə­rindən səkkiz il ötür. Bu müddət ərzində ikinci Avropa Oyunları da baş tutmuşdur. Səkkiz il əvvəl estafeti Azərbaycan pay­taxtından qəbul edən Minsk 2019-cu ilin yayında qitənin ən yaxşı idmançılarını gül-çiçəklə qarşılamışdı.

Bu gün isə üçüncü Avropa Oyunları ərəfəsindəyik. Tezliklə qitəmizin idman ulduzları Polşanın Krakov şəhərində gö­rüşəcəklər. İyunun 21-də başlayıb, iyu­lun 2-də finişə çatacaq bu yarışlar tarixi 2015-ci il Bakı startlarından hesablanan və vətəni Azərbaycan olan Avropa Oyun­larında növbəti böyük idman bayramı ilə əlamətdar olacaq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist





İdman