Borçalıda el dolandıran kişi

post-img

Kəndimizdə yurd salan, çıraq yandıran, el dolandıran kişilər haqqında elin xeyir-şərində ürəkdolusu danışırlar. Belə kişilər el-oba üçün ən yaxşı yiyə, ən yaxşı ağsaqqal olublar.

Onlardan biri də Əli Əliyevdir. Bir za­manlar doğma kəndinin abadlaşması, inkişafı üçün əlindən gələni əsirgəməyən bu nurlu insanı kənd camaatı da qədir­bilənliklə xatırlayır. Bu günlərdə könül­lərdə taxt-tac qurmuş unudulmaz el ağsaqqalının 100 yaşı tamam olacaq, bu münasibətlə xatirə gecəsi keçiriləcək, savab işləri bir daha yada salınacaq.

Əli Bayram oğlu Borçalının adlı-sanlı kişilərindən idi. Boy-buxunu, el atasına yaraşan ədəb-ərkanı ilə soydaşlarımızın yaddaşında dərin iz buraxıb. Kəndimizin adamları həmişə onun işgüzarlığından, təşkilatçılığından iftixarla söhbət açırlar. Uşaqlıq illərimdən bu yana onun haqqın­da həmişə xoş sözlər eşitmişəm.

Bu insan keşməkeşli dünyanın acı­lı-şirinli günlərini görmüş və həyatın hər çətinliyinə sinə gərmişdi. Onun gəncliyi müharibə illərinə təsadüf etmişdi. Atası qətlə yetirildikdən sonra ailənin bütün çə­tinlikləri onun üzərinə düşmüşdü. Bu çə­tinliklərə baxmayaraq, o, gecəsini gündü­zünə qatıb çalışıb, ali təhsil alıb və vəzifə pilləsində ucalıb.

Əli Əliyev 1923-cü ildə Borçalının dilbər guşələrindən olan Faxralı kəndin­də işıqlı dünyaya göz açıb. Orta təhsilini də həmin kənddə əla qiymətlərlə bitirib. Faxralının say-seçmə oğulları İkinci Dün­ya müharibəsinə səfərbər ediləndə o da könüllü olaraq cəbhəyə gedib, silaha sarılıb, düşmənə qarşı vuruşub. Hərbi topçuluq məktəbini bitirib və zabit rütbəsi alıb. Ukrayna və Belarusiya cəbhələrin­də, ölüm-qalım savaşlarında alman fa­şistlərinə qarşı döyüşlərdə fərqlənib. Sta­linqraddan Polşayadək rəşadətli döyüş yolu keçib, şücaət göstərib...

Əli Əliyevin atası Bayram kişi də ha­lal adam olub. Arxa cəbhədə cəfakeşliklə çalışıb. Ailəsinin çörəyini öz halal zəhmə­ti ilə qazanıb. Nə qədər acı olsa da, Bay­ram kişi aclıq illərində at arabası ilə də­yirmana buğda üyütdürməyə gedərkən yolda güllələnib. Ölümündən əvvəl və­siyyət edib: “Oğlum gələndə deyərsiz ki, məni düşmənçiliklə deyil, dəyirmana apardığım bir kisə buğdanı əlimdən al­mağa görə vurdular…” 

Müharibə bitincə Əli Əliyev Faxralıya qayıtdı. Yurd-yuvası, ata-anası və doğ­maları üçün çox qəribsəmişdi. Kəndin adamları, hər qarış torpağı ona əziz idi. Qanlı-qadalı döyüşlərdən sağ-salamat qayıdıb gələndə qollarını geniş açıb ana torpağı qucmaq istəyirdi. El-obasına bəs­lədiyi mehrə, məhəbbətə görə ana kəndi də ona qucaq açıb.

O, əynindəki əsgər paltarını mülki geyimlə əvəz etdi. Bir işin qulpundan ya­pışmaq üçün kənd rəhbərliyinə üz tutdu. Ona bilik və bacarığına uyğun iş təklif olundu. Faxralı orta məktəbində müəl­lim işlədi. Kolxozda mühasib köməkçisi kimi çalışdı. Çox keçmədi ki, mühasib vəzifəsinə irəli çəkildi. İşgüzarlığı, yüksək təşkilatçılığı sayəsində, bir müddət sonra “Qələbə” kolxozunun idarə heyətinə sədr seçildi. Onun rəhbərliyi dövründə kolxoz Borçalının ən qabaqcıl təsərrüfatları sı­rasına çıxdı. Adlı-sanlı təsərrüfat rəhbə­ri Əli Əliyev kolxozun uğurları ilə bağlı fərəhləndirici rəqəmləri və faktları heç də son hədd saymırdı. Daha böyük nai­liyyətlər qazanmaq üçün bütün qüvvəsini səfərbər edirdi...

Əli Əliyev təsərrüfatda çalışmaqla yanaşı, təhsilini davam etdirməyə və elmi iş üzərində işləməyə də vaxt tapıb. Tbilisi Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub və universiteti mü­vəffəqiyyətlə bitirib. Daha sonra Azərbay­can Kənd Təsərrüfatı İnstitutunun aspi­ranturasına qəbul edilib. “Şəki–Zaqatala zonasında ipəkçiliyin müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda elmi əsər üzərində işləyib. Adıçəkilən möv­zuda müxtəlif nəşrlərdə elmi məqalələri dərc olunub.

Bir müddət sonra Bolnisi rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilib. O, bu vəzifədə rayon camaatının həyat səviyyəsinin yüksəldilməsi üçün əlindən gələni əsir­gəməyib. Ömrünün neçə ili insanların rifah halının, sosial həyatının yaxşılaşdı­rılmasına sərf olunub. Onun xüsusi təş­kilatçılıq qabiliyyəti vardı. Rayonda tikinti və abadlıq işlərinə, sosial məsələlərə, infrastrukturun genişləndirilməsinə daha geniş meydan verirdi.

Qurub yaratdıqları özündən sonra gələcək nəsillər üçün miras qalıb. Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində 7 il işləyib. Daha sonra Meliorasiya və Su Təsərrüfatı İdarəsinə rəhbərlik edib. Həmin dövrdə də xalqı üçün böyük iş­lər görüb. Rayonun kəndlərini (xüsu­silə azərbaycanlılar yaşayan kəndlərini) Borçalının gözəl, füsunkar guşəsinə çevirmək üçün hər çətinliyə qatlaşıb. Kəndlərin su problemini həll edib. Onun bu sahədə də xidmətləri danılmazdır. 

Rayon mərkəzində tikilən xəstəxa­na, kəndlərdə müasir tipli məktəblər, uşaq bağçaları, yollara asfalt örtüyünün döşənməsi onun rəhbərliyi sayəsində həyata keçirilib. O, bir rəhbər işçi kimi, rayonun ictimai-siyasi, ideoloji, sosial-iq­tisadi, mənəvi problemlərinin həlli üçün çox inadla çalışırdı. Qohum-qonşulara əl tutar, gəncləri ali təhsil almağa yönlən­dirərdi. Ehtiyacı olanlara torpaq sahəsi verər, işsizləri işlə təmin edərdi.

Gürcüstan Ali Sovetinin sabiq deputa­tı, Faxralı kənd sakini, 83 yaşlı Tükəzban Tanrıverdiyeva ilə bu günlərdə telofonla danışdım. Əli kişinin haqqında xatirələrini dilə gətirib dedi: 

– Əli Bayram oğlu hələ Faxralı “Qələ­bə” kolxozunun sədri olduğu vaxtlardan gənclərə xüsusi qayğı ilə yanaşardı. Ali məktəblərə qəbul ola bilməyən gənclərin savadlı kadr kimi yetişməsində öz kömə­yini əsirgəməzdi. Onların nəcib istək və arzularının həyata keçməsinə vəsilə olar­dı. Onun şəxsi nümunəsi, gənclərə doğ­ma münasibəti bizi daha yaxşı işləməyə ruhlandırırdı. O, çox mehriban, torpağa, el-obaya bağlı insan idi.

Əli müəllim rayon İcraiyyə Komitə­sinin sədri işlədiyi 7 il ərzində çox işlər görüb. Gürcüstanda geniş ictimaiyyə­tin dərin rəğbət bəslədiyi tək-tək rəhbər işçilərdən olub. Bolnisi rayonunda o dövrlərdə, gürcülər və azərbaycanlılarla yanaşı, digər millətlərin nümayəndələri də yaşayardı. Onlar da Əli Əliyevin rəh­bərliyi ilə görülən işlərə yüksək dəyər verər, ona xüsusi rəğbət bəsləyərdilər. Rayonun rəhbər işçiləri arasında o, gözəl qədd-qaməti, vüqarlı görkəmi ilə də se­çilərdi.

Onun həyatı maraqlı görüş və ha­disələrlə zəngindir. Əli Bayram oğlunun respublika əhəmiyyətli tədbirlərdə alovlu çıxışları çoxlarını heyran edərdi. Gürcüs­tan Kommunist Partiyasının XXIII qurul­tayında onun rus dilində səlis və savadlı, məzmunlu nitqi qurultay iştirakçıları tərə­findən sürəkli alqışlarla qarşılanıb. Məğ­rur görkəmli Əli Əliyev tribunada olanda, hətta qurultayın işində iştirak edən Sov.İKP MK-nin baş katibi Nikita Xuruşovun da diqqətini özünə cəlb edib. Xruşov Gür­cüstan KP MK-nın birinci katibi V. Mja­vanadzedən Əli Əliyev haqqında ətraflı məlumat alıb. Onun fəaliyyətini və qurul­taydakı çıxışını yüksək qiymətləndirib. 

Əli Əliyev Gürcüstan KP MK üzvlü­yünə namizəd seçilmiş və dəfələrlə rayon sovetinin deputatı olmuşdur.

Onun şərəfli və mənalı həyatı haqqın­da Loğman Çıraqovun qələmə aldığı ki­tabda toplanan xatirələr də ömür yolunun salnaməsidir. Bu xatirələrdə onun doğma el-obaya bağlılığı, yurd sevgisi, dost sə­daqəti, xeyirxahlığı, zəhmətsevərliyi və digər mənəvi dəyərləri aydın görünür.

Əli Əliyevin xatirəsini yaşadan, onu unudulmağa qoymayan yaxşı əməlləri və nəsillərə nümunə olmasıdır. O, əsl insan, əsl ata, əsl vətəndaş idi. Xalq təsərrüfa­tının müxtəlif sahələrində çalışmaqla ya­naşı, elmi iş üzərində də yüksək şövqlə işləyərdi. Elmi işini yekunlaşdırsa da, müdafiə etmək ərəfəsində, əcəl macal vermir, o, 50 yaşında dünyasını dəyişir. Həyata keçirmək istədiyi bir çox işləri və arzuları yarımçıq qalır.

Həyat hər yetəni belə ucaltmır. Gərək o insanın canında el kamalı, el amalı olsun. Elimizin kamallı oğlu Əli Əliyev­lə öyünməyə haqqımız var. O, xalq və Vətən qarşısında xidmətlərinə görə, “Qır­mızı Əmək Bayrağı” ordeni, “Əməkdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Alma­niya üzərində qələbəyə görə” və başqa medallarla təltif edilmişdir.

Gözəl ailə başçısı olmuş Əli Əliyevin özündən sonra altı ömür yadigarı – üç oğlu və üç qızı qaldı...

Həzi HƏSƏNLİ,
şair-publisist

Sosial həyat