Mərvənin Nuraya xəyanəti

post-img

Ötən həftə dünyanın ən nüfuzlu beynəlxalq kinotəqdimatlarından olan Kann film festivalı keçirildi. Azərbaycanın sənət dünyasının da ənənəvi olaraq hər il düzənlənən bu böyük kino hadisəsinə maraq göstərdiyi bəllidir. Sayca 76-cı dəfə baş tutmuş festivala hazırkı marağımızı şərtləndirən həm də türkiyəli Mərvə Dizdarın ən yaxşı qadın aktrisa adına layiq görülməsidir. 

Bəli, M.Dizdarın Nuri Bilge Cey­lanın “Quru otlar üstünə” filmindəki Nuray rolu ona uğur qazandırıb. Əl­bəttə, kino həm də zövq məsələsidir. Yəni, tam mümkündür ki, ona baxıb xoşlamayasan. Hərçənd, M.Dizdarın Kann çıxışındakı artistizmdən sonra əminik ki, rolu da gözəl canlandırıb. Yeri gəlmişkən, bəri başdan deyək ki, aktrisanı artistizminə deyil, artis­tizmə qapılıb söylədiklərinə görə qı­nayanlardanıq. 

Əvvəlcə, diqqət yetirək görək, Mərvə xanım Türkiyədə də birmənalı qarşılanmayan çıxışında göstərilmiş etimada görə təşəkkürünü bildirdik­dən sonra nələri dedi: “Filmdə can­landırdığım Nuray obrazı inandığı şeylər də var olması üçün mücadilə edən və bu yolda məhrumiyyətlərlə üzləşmək məcburiyyətində qalan bir qadındır. Onu tanımaq və anlamaq üçün çox çalışmaq istərdim. Amma nə yazıq ki, yaşadığım coğrafiyada bir qadın olmaq Nurayın və nuray­ların duyğusunu doğulduğum gün­dən bəri əzbər bilməyi vacib edir. Bu mükafatı Nuray və onun kimi qadınların mücadiləsinə güc vermək üçün, özünə layiq görülənlərə boyun əyməyib müqavimət göstərən, bu yolda heç nəyə baxmayan, nə olur­sa-olsun, ümid etməkdən daşınma­yan bütün xanımlara və Türkiyədə haqqı çatan gözəl günləri yaşamağı gözləyən, bütün mücadiləçi ruhlara ərməğan edirəm”.

Mərvə Dizdarın türkcə etdiyi və salonundakılara tərcüməçi vasitəsilə çatdırılmış, ümumilikdə iki dəqiqəyə yaxın sürən çıxışı düşündürücüdür. Sənətin gücü budur, əslində. Amma bunu güc saymaq olarmı? Bəli, razı­yıq ki, 80 milyonluq ölkənin hər yeri eyni səviyyədə deyil. Hətta İstanbu­lun ayrı-ayrı məhəllələrində həyata baxış fərqlidirsə, deməli, bu, həm də Türkiyənin özəlliyidir. Hələ ölkənin ucqarlarını demirik. Orada tam fərq­li bir durum ola bilər və mümkündür ki, bəzi ərazilərdə Mərvə xanımın da vurğuladığı kimi, qadınların, qızların hüquq və azadlıqları yoxdur və ya məhduddur...

Onu da qəbul edirik ki, cəmiyyət­dəki mənfi tendensiyaların aradan qaldırılmasında kino, ümumilikdə, in­cəsənət böyük qüvvədir. Son illərdə yüksək inkişaf dövrü keçən Türkiyə kinematoqrafının cəmiyyətin ehkam kimi görünən mənfi stereotiplərinə qarşı mənəvi immunitet formalaş­dırması diqqətdən yayınmır. Amma bütün bunlara rəğmən, Kann səhnə­sinə yol tapmış aktrisanın çıxışında, hətta, çəkildiyi filmə fokuslanma olsa da, Türkiyəni təqdimetmə tərzi, heç xoş gəlmədi. Adam 4-5 cümləsində ölkəni cəhalət burulğanına çevir­di. Fikrimizcə, çox yanlış və yersiz hərəkətdir... 

Əlbəttə, Türkiyədə qadın hüquq­ları sahəsində ideal durumun möv­cud olduğu kimi iddiamız yoxdur. An­caq tam əminik ki, ölkə başdan-başa qadınların və qızların öz haqlarından məhrum durumda yaşadıqları məm­ləkət də deyil. 

Elə buna görə də belə qənaətə gəlirik ki, aktrisa Mərvə Dizdar çıxı­şı ilə çəkildiyi filmin, canlandırdığı obrazın fəlsəfəsini heçə endirib. Həmin fəlsəfəyə mübahisəli və mə­nasız məntiq, siyasi çalarlar gətirib. O, filmin mesajındakı səmimiyyətin düşündürücülük potensialına zərər vurub. Heç şübhəsiz, indi qadına qarşı şiddətli münasibətilə seçilən kimlərsə Mərvə xanımın çıxışının do­ğurduğu siyasi təmayülə köklənəcək və mətləbdən yayınacaq. 

Məsələ o da deyil ki, həmin şəxs­lər bəhanə qazanmış olacaqlar. On­lar, sadəcə, ekran əsərinin verdiyi müsbət impulsla bağlı düşünməkdən yayınacaqlar. Ən əsası isə, həya­tın müxtəlif sahələrində qadınların hüquqlarına etinasız yanaşanlar bu aktrisanın çıxışındakı siyasi təma­yülü qabardıb ona münasibətdə əks fikir söyləyənlərin təsiri altına düşüb mətləbdən, istər-istəməz uzaqlaşa­caqlar. 

Beləcə, sənətkar öz sənətinə də xəyanət etmiş duruma düşəcək. Çünki indiki halda Mərvə Dizdarın Nuray obrazı ilə təqdim etdiyi böyük sənət onun Kann səhnəsində ya­şatdığı yersiz dramatizmin kiçikliyi - Türkiyəni aşağılamaq ritorikası ilə qarşısına qoyduğu hədəfə meydan oxumuş durumdadır. Çox heyif. 

R.ƏVƏZ, “Xalq qəzeti”

Mədəniyyət