Küləyin və kitab vərəqlərinin xoş xışıltısı...

post-img

Sərgiyə getmək üçün paytaxtın Nizami küçəsindən keçib Nigar Rəfibəyli küçəsinə dönüncə, vaxtilə burada böyük “Kitab passajı”nın olduğunu xatırladım. Elə 26 A– 26G ünvanında divara vurulmuş barelyefdən “Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyli bu evdə yaşayıb yaratmışlar” cümləsini oxuyanda onların övladı Anar Rzayevin çiynində çanta asta-asta üzü passaja getməsi gözümün önündə bir daha canlandı...

Amma təəssüf ki, indi məşhur mə­kanda nə “Kitab passajı” qalıb, nə də rəssamların əl işlərini satdıqları guşələr. Əvəzində kafelər, telefon, suvenir, ətriy­yat dükanları, “Tantuni” və sair var. Bir sözlə, kitabdan başqa hər şey. 

Bir qədər üzüyuxarı gedib Təbriz Xə­lilbəyli küçəsində haçansa olmuş daha bir kitab mağazasının qalıb-qalmadığını öyrənmək istədim. O da yerli-dibli yoxa çıxmışdı. Təəssüf hissi və nostalji duyğu­larla oradan aralanıb V Milli Kitab Sərgisi­nin təşkil edildiyi Qoşa Qala qapısı tərəfə üz tutdum. Xoşbəxtlikdən, meydanda əsl kitab bumunun yaşandığına şahid oldum. Qala divarlarını yalayıb ötən küləyin xışıl­tısına kitab səhifələrinin xışıltısı da qarı­şaraq xoş bir ahəng yaratmışdı...

Artıq neçə gündür ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatı dəstəyi ilə müstəqil nəşriyyat­ların keçirdiyi sərgi Həsən bəy Zərdabi­nin heykəlinə qədər olan geniş meydanı əhatə edir. Azərbaycan Beynəlxalq Ban­kının, Fortis Qrupun və İsveç səfirliyinin sponsorluğu ilə başa gələn sərgi çərçivə­sində təqdimatlar, müzakirələr, panellər, görüşlər, ustad dərsləri və imza günləri keçirmək üçün Bakı Foto Evi, Maqsud İbrahimbəyovun ev-muzeyi və Həsən bəy Zərdabi dəhlizi iştirakçıların ixtiyarı­na verilib. Bəzi tədbirlərsə qədim şəhərin müxtəlif məkanlarında, açıq havada təş­kil olunur.

“Qanun” Nəşrlər Evinin çadır-guşələ­rində bizə sərgi haqqında geniş tanıtım materialların toplandığı “Kitab bələdçisi” adlı broşür verilir. Elə oradaca Həbibbəy Mahmudbəyov adına 2 saylı liseyin şa­girdləri əllərində “Kitab bələdçisi” tutaraq tanınmış naşir Şahbaz Xuduoğlu ilə xa­tirə şəkli şəkdirirlər. Onlarla maraqlı su­al-cavab edən naşir fərqlənənlərə kitab hədiyyə edir. Sonra mənim “Sərgi barədə nə deyə bilərsiniz?” sualıma cavab ola­raq qısaca deyir:

-Sərgi əla gedir. Nəşriyyatımızın bü­tün bədii, publisistik, sosial və siyasi ki­tablarını, bestseller ədəbiyyatını oxucu­lara 30 faiz qiymət endirimi ilə təklif edir. Alıcılar da çoxdur.

Ümumiyyətlə, doqquz günlük sərgidə ziyarətçilərə 30-70 faizədək endirimli 70 mindən çox kitab təklif edilməsi fərəhli haldır. Tanınmış yazıçı Şərif Ağayar oxu­cuların, xüsusilə də gənclərin kitaba əlça­tanlığının təmin edilməsi, onların müta­liəyə daha sıx bağlanmaları baxımından belə tədbirləri zəruru saydığını bildirir. 

-Milli kitabın İçərişəhərdə təqdimatı ciddi strateji məsələdir, - deyir. - Dün­yada qazanılan bütün qələbələr kitab­larla əbədi olur. Bir də ki, kitabı zəif olan güclü ölkə tapmaq qeyri-mümkündür. Bu baxımdan, dövlət səviyyəsində keçirilən tədbirlərdən başqa, müstəqil nəşriyyatla­rın da belə sərgilər keçirməsi təqdirəla­yiqdir. Bütün qurumları kitab məsələsin­də birliyə çağırırıq. Qoy, dünya görsün ki, biz hərb meydanında qalib gəldiyimiz kimi, kitaba xüsusi münasibətimizlə də fərqlənirik. Arzu edərdim ki, kitabla bağlı tədbirlər yaxın gələcəkdə Şuşada, Laçın­da da təşkil olunsun.

Ötən günlərdə sərgi xalq yazıçıları Anar və Çingiz Abdullayev, həmçinin Əli­sa Nicat, Elçin Hüseynbəyli, Ərşad Əzim­zadə, Rəhman Bədəlov, Akif Aşırlı, Meh­riban Vəzir, Ədalət Tahirzadə, Xalq artisti Vidadi Həsənov, memar Elçin Əliyev və digərləri ilə keçirilən görüş və imza gün­ləri yaddaqalan olub. 

Milli Kitab Sərgisini gəzənlər arasın­da xarici qonaqlar da çoxdur. Onu da deyək ki, xarici ölkə səfirlikləri də sərgidə iştirak edir, maraqlı təqdimatlar keçirirlər. Məsələn, Argentina səfirliyi tərəfindən Eduardo Sacherinin “Gözlərindəki sirr” kitabının təqdimatını qeyd etmək olar. İsveç səfirliyi hamının sevdiyi Karlson, Pippi və Emili qəhrəmanlarının yaradı­cısı Astrid Lindqrenin əsərləri ilə balaca oxucuları tanış edib. Yaponiya səfirliyinin kalliqrafiya ilə bağlı ustad dərsi böyük maraq kəsb edib. Məşhur türk yazarları Ahmet Ümit və Şah Selimi Türkay da Milli Kitab Sərgisində iştirak edirlər. 

Sərgidə 15-dən çox özəl nəşriyyat – “Əli və Nino”, “İzə”, “TEAS Press”, “Ting” və digər nəşriyyatlar, kitabçılar, ikinci əl kitabların satıcıları, bukinistlər, öz kitab­larının satışını həyata keçirən müəlliflər fəal iştirak edirlər. 

Bir tərəfdə alıcılara öz kitablarını tək­lif edən Azərbaycan Yazıçılar Birliyi və Braziliya Yazarlar Klubunun üzvü, həm­yerlimiz Rüstəm Mirzəyevlə tanış oluruq.

-Vətənə istirahətə gəlmişdim. Belə bir möhtəşəm tədbirin keçirildiyini bilən kimi ona qatılmağı qərara aldım. Mən əsasən rusca yazıram. Burada “Nə üçün”, “Pro­kuror” və “Qızıl şar” kitablarım satılır. Özü də hər bir kitabı 1 manata təklif edirəm ki, alan çox olsun. Üstəlik, bir kitab alana birini də hədiyyə edirəm.

Bu sətirlərin müəllifi də sərgidə Azər­baycan dilinə tərcümə etdiyi kitabları görməkdən məmnun qalır. Bunlar ingi­lis yazarı Corc Oruellin “Kataloniyaya məhəbbətlə”, “Birma günləri” və “Yaşasın fikus” kitablarıdır. Gənc alıcı Fuadın xa­hişi ilə kitablardan birini onun üçün imza­layıram.

Sərgi çərçivəsində bədii proqram­lar da təqdim olunur. Balaca ziyarətçilər böyük həvəslə Respublika Uşaq-Gənc­lər İnkişaf Mərkəzinin “Qavaldaş” nağa­ra-ritm qrupunun və “Simurq” kukla teat­rının çıxışlarını izləyirlər.

V Milli Kitab Sərgisi iyunun 4-dək da­vam edəcək.

Ə.NƏCƏFXANLI, “Xalq qəzeti”



Mədəniyyət