Oqtay Rza dünyası

post-img

... 1973-cü ilin yayı idi. Oqtay Rza “Hünər” televiziya verilişinə müharibə əlili oan atam haqqında material hazırlamaq üçün Qutqaşen rayonunun Mirzəbəyli kəndinə gəlmişdi. Elə o vaxtlar da Qutqaşenə Qəbələ deyirdi. Mənim ədəbiyyata həvəsli olduğumu biləndə dedi ki, sənin adın “qe” hərfi ilə bitir, soyadın isə “qe” hərfi ilə başlanır. İttifaq Qaçayev. Çox ağırdır. Təxəllüs götür. Məsələn, Mirzəbəyli... 

Dedim axı, bizim nəsildə bəy olma­yıb. Dedi, sizin kəndinizin adında xalqın ziyalılığı da var, zadəganlığı da. Mirzə də var, bəy də...

Elə o gündən Mirzəbəyli oldum. 

“Məni Xortdanla bərk qorxutmuşdun”

Mən Bakıya gələndə atam tapşırmış­dı ki, mütləq Oqtay Rzanı tap. Onunla görüş. Məni televiziya tamaşaçılarına ta­nıdıb, süfrəmizdə çörək kəsib. 

Elə ilk aylarda, hələ tələbə olmadığım vaxtlarda APİ-yə gedib Oqtay müəllimi soruşdum. Dedilər coğrafiya fakültəsi­nin Dağıstan küçəsindəki (indiki Azadlıq prospektini kəsən kiçik bir küçə idi – İ.M.) tədris binasındadır. Gedib tapdım. Özü­mü təqdim etdim, xatırladı. Dedi ki, yax­şı gəlmisən, indi fakültəmizin tədbiri var. Bir şeir oxuyarsan. İnstitutun “partkom”u da gələcək. “Partkom” sonradan “26-lar” rayonunun birinci katibi olmuş rəhmətlik Xəlil Xəlilov idi. 

Oqtay müəllim məni tədbir iştirakçıları­na gənc şair kimi təqdim etdi. Bir şeir oxu­dum. Şeirin əvvəlindəki “xortdanlardan, xoxanlardan qorxmaq” ifadəsini eşidəndə bərk narahat oldu. Ancaq kapitalist ölkələ­rini qamçılayan şeir sırf siyasi məzmun­la bitəndə “partkom” da alqışladı, tədbir iştirakçıları da. Oqtay müəllim qulağıma pıçıldadı ki, məni Xortdanla bərk qorxut­muşdun. “Partkom”un elə şeylərdən xoşu gəlmir. Amma, yaxşı qurtardıq. 

“Öhdəlik götürürəm ki, 60 il yaşayacağam…”

... 60 yaşından beş-altı ay əvvəl onu radionun canlı yayımına dəvət etmişdim. Rusiyanın hansısa diyarına səfərdən ye­nicə qayıtmışdı. Çıxışının sonunda üzü­nü salyanlılara tutaraq dedi: 

– İndiyədək Salyanın heç bir ziyalısı 60 il yaşamayıb. Əli bəy Hüseynzadə, Aşıq Pənah, Əliağa Kürçaylı, Ağacavad Əlizadə, Xəlil Rza... heç biri 60 il yaşa­mayıb. Mən öhdəlik götürürəm ki, 60-ı büküb dizimin altına qoyacağam. Həmin verilişin ertəsi günü Salyandan Bəşirov familiyalı bir adam gəlib Oqtay müəlli­min 15 dostuna qonaqlıq verdi. Bəşirov məclisdə “Kaş dünən radioda danışan jurnalisti də gətirəydiniz” – deyəndə Oq­tay Rza mənə eyhamla baxdı və bildirdi: İttifaq Mirzəbəyli belə məclislərə getmir. Ona ayrılıqda məclis təşkil edərik. 

60 il yaşamaq barədə öhdəliyinə isə kişi kimi əməl elədi və 25 il də artıq!

Allah rəhmət eləsin! Ədəbiyyatla, ki­tabla, jurnalistika ilə bağlı tədbir Lənkə­randa, Qusarda və ya Qazaxda olsa belə, mümkün qədər iştirak edirdi. 

“Dayan, o itin ciyərini çıxardım” 

Oqtay müəllim danışırdı ki, salyan­lı şairlərdən biri itdən yaman qorxurdu. Deyir, Salyandakı dostlarımızdan biri bizi kəndə çay içməyə çağırmışdı. Darva­zadan içəri girəndə bağlı it hürdü və az qala, zənciri qıracaq qədər həşir-qiyamət qopardı. Dostumuz sarısını uddu, əlləri əsdi, sifəti ağardı, ürəyi dayanmaq dərə­cəsinə gəldi və birtəhər onu sakitləşdirdik ki, it zəncirdədir, bizə tərəf gələ bilməz. 

Möhkəm yeyib-içdik. Axşamüstü biz həyətdən çıxanda it yenə də həmin həngaməni təkrarladı. Dostum əynindən pencəyini çıxarıb mənə uzatdı ki, bunu saxla, o it səhər də heyvanlıq eləmişdi. İndi onu boğub ciyərini çıxaracağam. 

Dedim, Allah araq yaradanın atasına rəhmət eləsin ki, qonşu həyətdə it hürən­də də burada ürəyi dayanan adam indi itin ciyərini çıxarmaq istəyir. 

“Lağımın “İçərişəhər” dayanacağından “Bəstəkar Qara” dayanacağına”

O, hələ sovet illərində də soyadları­mızdakı “ov”, “yev” şəkilçilərindən istifa­də etmir, müstəqillik dövründə isə bizim də belə düşünməyimizi arzulayırdı. Bir dəfə onun Qara Qarayev ad-soyadını ov şəkilçisiz necə işlədəcəyini öyrənmək üçün soruşdum ki, metronun “Bakı Sove­ti” stansiyasından Qara Qarayev stansi­yasına neçə dəqiqəyə getmək olar? 

Onun fikrincə, mənim sualımda al­tı-yeddi qəbuledilməz söz var imiş. Dedi: “Lağımın “İçərişəhər” dayanacağından “Bəstəkar Qara” dayanacağına 13-14 dəqiqəyə getmək mümkündür.” 

İki ustad 

Ayın, ilin, əsrin və minilliyin dəyişdiyi gün ərəfəsində məni bir yeməkxanaya dəvət etdi. Getdik. Biz yenicə oturmuş­duq ki, rəhmətlik Nüsrət Kəsəmənli ta­nımadığım dostu ilə gəldi. Nüsrət “Nuş olsun, ustad!”– deyə Oqtay müəllimə salam verdi. Oqtay müəllim isə “Ustad, buyurun bizimlə çörək kəsin!” – deyə on­ları da stolumuza dəvət etdi. Gəlmədilər və təxminən, beş-on dəqiqə bizdən tez durub getdilər. 

Mən əlimi yumaq bəhanəsi ilə icazə alıb qalxdım ki, süfrənin haqqını ödə­yim. Xidmətçi xanım dedi ki, sizin stolun hesabını şair verdi. Nüsrət Kəsəmənlini deyirdi. 

Oqtay müəllim bunu eşidəndə Nüs­rətin qarasınca məhz özünəməxsus şə­kildə gileyləndi: Ay səni Allah saxlasın, ustad, bizi niyə utandırırsan? 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Mədəniyyət