Yarımçıq qalmış sual-cavab

post-img

Mayın 22-si görkəmli rejissor, teatrşünas, professor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Əsədulla oğlu Məmmədovun anadan olmasının 105-ci ildönümü tamam oldu. M.Məmmədov 22 may 1918-ci ildə Şuşada doğulub. Bakı Teatr Məktəbini bitirib, sonra Moskvada ali rejissor təhsili alıb. Gəncə Dram, Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor işləyib. Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqı) sədri olub. 

Mehdi Məmmədov 1940-ci ildə Gən­cə teatrında M.Təhmasibin "Bahar" dra­mını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejis­sor 1945-ci ilin yay mövsümünün sonu­nadək burada işləyərək sentyabrda Bakı­ya gəlib. Teatrlarda bir sıra rolları ifa edib. “Onu bağışlamaq olarmı?” filmində Qaya roluna çəkilib. Quruluş verdiyi pyeslər də saysız-hesabsız olub. Milli Dram Teat­rında ilk işi V.Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olub. Müəyyən fasilələrlə bu sənət ocağında C.Cabbar­lının "Yaşar", A.Fadeyevin "Gənc qvar­diya", S.Rəhmanın "Aydınlıq", "Əliqulu evlənir", L.de Veqanın "Rəqs müəllimi", Ə.Haqverdiyevin "Dağılan tifaq", M.Təh­masibin "Çiçəklənən arzular", N.Qoqo­lun "Müfəttiş", K.Haldoninin "Mehmanxa­na sahibəsi", Y.Yanovskinin "Prokurorun qızı", N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", İ.Qasımovla H.Seyid­bəylinin "Uzaq sahillərdə", V.Rozovun "Şadlıq sorağında", M.Hüseynin "Alov", M.İbrahimovun "Kəndçi qızı", L.Tolsto­yun "Canlı meyit", H.Cavidin "Xəyyam" və "İblis", S.Vurğunun "İnsan", M.Qorki­nin "Meşşanlar", C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərlərinə müxtəlif janr­larda səhnə həyatı verib.

Opera və Balet Teatrında F.Əmirovun "Sevil" (iki dəfə), L.Delibin "Lakme", C.Ca­hangirovun "Azad", Ü.Hacıbəylinin "Leyli və Məcnun" (iki dəfə), "Koroğlu", C.Puç­çininin "Toska" operalarına quruluş ver­məklə, bu teatrda fəlsəfi-monumental te­atrın imkanlarına genişlik açıb. Rus Dram Teatrında M.Qorkinin "Həyatın dibində" və M.Şatrovun "Mənim Nadejdalarım" dram­larının quruluşçu rejissoru olub.

1985-ci ildə dünyasını dəyişib. Bakı­dakı Fəxri xiyabanda uyuyur... 

Unudulmaz sənətkarla bağlı ürəklər­də, memuarlarda çoxlu xatirələr qalır. Te­atrşünas-tənqidçi, Əməkdar incəsənət xadim İlham Rəhimlinin bəzi qeydlərini təqdim edirik: 

– Günlərin birində Azərbaycan Dövlət İncəsənət İnstitutunda Mehdi Məmmə­dovla görüşdük. Mən mühazirədən çıx­dım və Mehdi müəllimin müdir olduğu ka­fedranın qabağından keçəndə gördüm ki, dərs jurnalını doldurur. İçəri keçib salam­laşdım. İkilikdə təxminən 20-25 dəqiqə söhbətimiz oldu. 

Belə qərara gəlmişdim ki, ona 1001 sual verim. O, suallarımı cavablandıran­dan sonra kitabça şəklində çap edim. Adını da belə qoyum: “1001 suala 1000 cavab”. O vaxtkı qeydlərimə baxdım. Qısa qeydlər 1972-ci ilin oktyabr ayın­dan, nisbətən iri həcmli qeydlər 1974-cü ilin iyun ayından başlayır. Mən institutu 1972-ci ilin iyun ayında bitirib “Kommu­nist” (indiki “Xalq qəzeti”) qəzetində ədə­bi işçilik fəaliyyətinə başlamışam. 1972-ci ilin mayından 1973-cü ilin mayına kimi hərbi xidmətdə olmuşam və qayıdıb yenə redaksiyada çalışmışam.

Onu da deyim ki, Mehdi Məmmədovla bir sıra görüşlərimiz məhz redaksiyanın tapşırığı ilə olub. Xüsusən 1972-1980-ci illərdə. Təbii ki, müxtəlif məkanlarda, çünki görüş yerini möhtərəm sənətkarı­mız müəyyənləşdirirdi. Nə yaxşı ki, mən qəzetimizin adi əməkdaşı kimi şöbə mü­dirim, xeyirxah insan Əfqan Əsgərovdan bu tapşırıqları almışam. Həm də nə yaxşı ki, Mehdi müəllim gəlişimin niyyətindən başqa da suallarımı cavablandırmağa imtina etməyib.

1984-cü ildə 27 mart – Beynəlxalq Teatr Günü münasibətilə Mehdi Məm­mədovdan qəzet üçün müsahibə alırdım. Redaksiyanın tapşırığını yerinə yetirən­dən sonra öz suallarımı verdim... Sonra­lar bir neçə dəfə də söhbətləşdik. Ancaq çox-çox təəssüflər olsun ki, sualı 1001-ə çatdıra bilmədim...

1985-ci il yanvar ayının 28-də Mehdi Məmmədov saat on radələrində iş ye­rimə zəng vurdu.

– Günorta sizin idarənin birinci mərtə­bəsindəki bərbərxanaya gələcəm. Saçı­mı vurdurub sənə zəng edəcəm. Düşər­sən aşağı, 26-lar bağında bir az gəzib sənin o sualların barədə söhbət edərik. 

– Oldu, Mehdi müəllim. Otaqdayam, nə vaxt zəng vursanız düşərəm aşağı. Fasiləyə də çıxmayacam.

İşlədiyim “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin redaksiyası 6 mərtəbəli binanın 3-cü və 5-ci mərtəbələrində yer­ləşirdi. Mənim müdiri olduğum mədəniy­yət, ədəbiyyat və incəsənət, publisistika və felyeton şöbəsi 5-ci mərtəbədə idi. Mehdi müəllimlə telefon danışığımız­dan xeyli müddət sonra 3-cü mərtəbədə oturan, redaksiyanın məsul katibi, Meh­di müəllimin dostu Alp Ağamirov mənə zəng vurdu. Salamsız-kalamsız sərt səs­lə “İlham, tez düş aşağı”, – dedi.

Soruşdum:

– Alp müəllim, Mehdi müəllim zəng vurmalıdır, onu gözləyirəm. Olarmı sonra düşüm?

Öskürdü. “Bilirsən...” deyib, susdu. Hiss etdim ki, qəhərləndi. Susdum. Özü dilləndi:

– Mehdi müəllim yoxdu...

Hövlnak aşağı düşdüm və birlikdə bər­bərxanaya getdik. Mehdi müəllimin meyiti ortada idi, üstünə mələfə örtmüşdülər. Bərbərxanadan milisə zəng vurmuşdular ki, gəlib sənədləşmə aparsınlar.

Meyitin yanında Mehdi Məmmədo­vun qardaşı oğlu Əsəd Məmmədov, ak­tyorlar Eldəniz Zeynalov və Mikayıl Mirzə vardı. Hardan belə tez xəbər tutduqları­nı bilmirəm. Onlarla səssizcə görüşdük. Mehdi müəllimin ustasını tanıyırdım. Yaxınlaşıb ondan soruşdum ki, hadisə necə oldu?

O, bunları danışdı. “İçəri keçdi. Şərfi paltonun üstündən boynuna dolamışdı. Sağa-sola baxıb astaca salamlaşdı. Hə­mişəki kimi üzümə baxdı. Yavaşca “Və­ziyyət necədir?”, - dedi. Gözləyən, uzağı beş dəqiqəyə qurtarıram. Bir neçə saniyə üzümə baxdı. Qoltuğundakı qovluğu qoy­du mizin üstünə. Palto-papağını çıxarıb asdı. Qayıtdı mizə tərəf. Dərindən elə nəfəs aldı ki, o biri ustalar da əl saxladı­lar. Heç kəsə məhəl qoymadan əyləşdi. Biz hər gün təzə qəzetlər alıb mizin üs­tünə qoyuruq. Qəzetdən birini götürdü. İki, ya üç dəqiqə keçmişdi. Bərk taqqıltı gəldi. Qanrılıb baxdım. Mehdi müəllim necə ayağa qalxmışdısa, oturduğu stul yıxılmışdı. Beləcə dimdik durdu, durdu... və birdən əlini ürəyinə aparıb yıxıldı. Tez əyilib nəbzini yoxladıq... gec idi... keçin­mişdi...”

Bu faciəli hadisəyə görə də mənim istəyim baş tutmadı. Amma 2017-ci ilin əvvəllərində “Şərq-Qərb” nəşriyyatın­dan nəhəng sənətkar Mehdi Məmmədov barədə kitab yazmaq sifarişini aldım. Fi­kirləşdim ki, indiki zamanda dünyasını dəyişmiş görkəmli sənətkar barədə kitab yazmaq sifarişi verirlərsə, razılaşmaq lazımdır. Nəhayət, üstündən 32 il keçən­dən sonra söhbətlərimizi də müəyyən sistemə salıb bu kitabda vermək qərarı­na gəldim…

 

Hazırladı:
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”



Mədəniyyət