Gəncədəki qədər futbola vurğun ikinci bir azarkeş ordusu tanımıram. Bu qədim şəhərdə adamlar, sanki, futbolla nəfəs alırlar. Vaxt var idi digər şəhər və rayonların stadionlarındakı oyuna 300 adam ancaq toplaşa bilirdisə, həmin günlərdə “Kəpəz”in oyununa 30 min azarkeş gəlirdi. İndinin özündə komanda, hətta son pillələrdə getməsinə baxmayaraq, stadiona kifayət qədər azarkeş yığışırdı. Ona görə “yığışırdı” yazıram ki, xeyli müddətdir “Kəpəz” ev oyunlarını yenə də doğma meydanda deyil, Gəncədən xeyli uzaqda, Qəbələ şəhər stadionunda keçirmək məcburiyyətində qalıb. Səbəb isə stadionun ot örtüyünün bərbad vəziyyətdə olmasıdır. AFFA oyunların həmin stadionda keçirilməsinə qadağa qoyub.
Nəticədə onsuz da sponsoru, avtobusu, istirahət bazası olmayan (uzun müddətdir burada əsaslı təmir işləri gedir) maliyyə durumu pisləşən, bəzən maaşlarını belə vaxtlı-vaxtında almayan klub çox ciddi problemlərlə qarşılaşıb. Amma ruhdan düşməyib, oyunçuların mübarizə əzmi bir qədər də artıb, istənilən güclü komanda ilə bərabər səviyyədə, bəzən ondan da üstün oynamağı bacarıb.
Elə isə nə baş verib ki, bu gün “Kəpəz” komandası haqqında ən müxtəlif söz-söhbətlər yayılır, klub daxilində yaranmış qalmaqal, dedi-qodu səngimək bilmir?
Hələ təxminən üç ay qabaq, dəqiq desək, “Xalq qəzeti”nin 1 mart 2023-cü il tarixli nömrəsində “Futbol dedi-qodu sevmir” sərlövhəli bir yazı dərc etmişdik. Məqalə bu cümlələrlə tamamlanırdı: “Amma bütün hallarda “Kəpəz”in adını yüksək yerlərdə görmək istəyiriksə, umu-küsü bir kənara qoyulmalıdır, hamı bir yumruq kimi birləşməlidir. Bəzi hallarda fərdi xüsusiyyətlər, hətta mentalitet, yerli şərait də nəzərə alınmalıdır. Klubun rəhbərliyi də, baş məşqçisi də elə etməlidirlər ki, hamı onların ətrafında birləşsin, kənar söz-söhbətə yer qalmasın. Futbol dedi-qodu sevmir.”
Bəs indi hanı o birlik, səmimiyyət, mentalitet?! Hansı saytı açırsan, yenə “Kəpəz”dəki bu vəziyyətdən yazır. Futbol sanki unudulub. Hətta komanda yüksək liqada öz yerini qoruyub saxlasa da bu barədə danışan, klubun rəhbərliyini, baş məşqçisini, çoxminli azarkeş ordusunu təbrik etmək barədə fikirləşən yoxdur. Ən müxtəlif söz-söhbətlər yayılır. Biri deyir klubun idarə heyətinin sədri İlqar Nadiri baş məşqçi Tərlan Əhmədovla müqaviləni uzatmayacaq. Digəri yazır ki, keçmişdə xidməti olan bir neçə veteran futbolçu elə Tərlan Əhmədov komandanın sükanı arxasına keçəndən bəri onu istəmir, müxtəlif vasitələrlə, necə deyərlər, “ayağından çəkir”. Hətta azarkeşlər arasında iki, bəlkə də üç-dörd cəbhə yaranıb. Veteranların tərəfdarları, Tərlan Əhmədovu çox istəyənlər, İlqar Nadirini tərifləyənlər, yaxud pisləyənlər...
Doğrusu, vəziyyətin belə gərgin həddə çatacağını gözləmirdik. Futbol fanatları arasında bir-birini ittiham edənlər kifayət qədərdir. Hətta bəzən əlbəyaxa həddinə çatanlar da olur. Biz də bəzi məsələlərə aydınlıq gətirmək üçün sosial şəbəkədə bir sorğu apardıq. Yazdıq ki, vəziyyətin bu hala düşməsində, görünür, klubun rəhbərliyinin də günahı az deyil. “Ola bilsin İlqar Nadiri yaxşı insandır, elə də söyləyirlər, sözüm yoxdur. Amma bu gün “Kəpəz”də yaşanan qalmaqalların kənardan sadəcə müşahidəçisi təsiri bağışlayır.”
Sosial şəbəkədə yazdıqlarımız ətrafında ən müxtəlif fikirlər oldu, bizimlə razılaşanlar da, bizi ittiham edənlər də, razılaşıb tərifləyənlər də, təxribata çəkmək istəyənlər də, böhtan yağdıranlar da.
Bir faktı daha qabarıq nəzərə çatdırmaq istəyirəm ki, keçən ilin sentyabrında Tərlan Əhmədovla bir illik müqavilə bağlananda “Kəpəz”in bir xalı belə yox idi. Halbuki artıq 6-7 tur arxada qalmışdı. Baş məşqçi tezliklə komandanı bu vəziyyətdən çıxara bildi, meydanda istənilən güclü rəqiblə sonadək mübarizə aparmağı bacaran bir komanda yaratdı və “Kəpəz” çox keçmədi ki, xal ehtiyatlarını artıraraq, sonuncu pilləni tərk etdi, yüksək liqada yerini qoruyub saxladı. Hələ fevralın son günlərində biz Tərlan Əhmədovla söhbət edərkən demişdi ki, “mən sözümün üstündə duran adamam”. Halbuki yuxarıda qeyd etdiyimiz çətinliklər mövcud idi, bir tərəfdən tərəfdən də şəhər stadionunun ot örtüyü məsələsi ortaya çıxdı və komanda doğma azarkeşlər önündə çıxış etməkdən yenidən mərhum oldu. Yəni, bütün bunların müqabilində, hakimlərin də bir çox hallarda açıq-aşkar ədalətsizliyinə baxmayaraq, komanda öz oyunu ilə çoxminli futbol azarkeşlərinin rəğbətini qazandı.
...O yerdə ki, laqeydlik var, hansı sahə olursa-olsun, iş getməyəcək. Cəzasızlıq hökm sürürsə, vəziyyət daha pis şəkil alacaq. Baxın, komanda ot örtüyünün yarıtmaz vəziyyətdə olduğuna görə azakeşsiz qaldı. Kiməsə güldən ağır bir söz deyildi? Qətiyyən! Amma bütün şəhər danışırdı ki, ot örtüyünü bilərəkdən yandırıblar. Ona görə ki, Tərlan Əhmədov qarşısına qoyduğu vəzifəni yerinə yetirə bilməsin, çıxıb getsin, yerinə Gəncədən olan mütəxəssis gəlsin. Təbii ki, biz şayiələrə inanıb fikir söyləmək niyyətindən uzağıq. Amma vacib bir məsələnin üstündən sükutla keçmək, stadionu bu vəziyyətə salana və ya salanlara güldən ağır söz deməmək, günahkarları üzə çıxarmamaq şəhərdə böyük narazılığa və müxtəlif söz-söhbətlərin yaranmasına rəvac verdi.Yaxud hər hansı bir hakim təkrar “VAR”da da baxıb görürsə ki, “Kəpəz”in vurduğu top qapıdan keçib və onu hesaba almırsa, deməli, bu sahədə anarxiyadır. Kim nə istəyir onu edir, öz bildiyi qərarı verir, 3-4 gün sonra da başqa bir oyuna hakimlik edir. Çünki onu sorğu-suala çəkən yoxdur.
Sual olunur: Bütün bunlarla kim mübarizə aparmalıdır, kim öz səsini ucaltmalıdır? Əlbəttə, ilk növbədə komandanın rəhbərliyi, Gənclər və İdman Nazirliyi, AFFA. Əslində, klubun idarə heyətinin sədri İlqar Nadiri gənc olmasına baxmayaraq, müəyyən müsbət işləri ilə diqqəti cəlb edib. Tərlan Əhmədov da dəfələrlə, o cümlədən bizimlə söhbətində bəyan edib ki, sədr indiyədək hansı məsələ ilə əlaqədar müraciət etmişiksə, köməyini əsirgəməyib.
Şəhər rəhbərliyi də Gəncədə futbola laqeyd deyil. Niyazi Bayramov oyunlar Gəncədə keçirilərkən tez-tez stadiona gəlir, komandanın oyununu izləyir, üzvləri ilə görüşür, problemləri ilə maraqlanırdı. Hətta mart ayının əvvəllərində şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə “Kəpəz”ə dəstək” adlı bir tədbir də keçirilmişdi. Gəncədən seçilən Milli Məclis deputatlarının da iştirak etdiyi həmin aksiyada qeyd olunmuşdu ki, “Kəpəz”in çətinliklərinin aradan qaldırılmasına yönələn belə bir tədbir şəhərdə ilk dəfədir təşkil olunur. Bütün bunlar onu göstərir ki, doğma komandanın uğurlarına hamı sevinir.
Elə isə şəhərdə bu ikitirəlik, futboldan daha çox qalmaqallardan söhbət açılması nədən və haradan qaynaqlanır? Bunun cavabına əvvəlki yazıda az da olsa toxunmuşduq. Klub daxilində baş verənlərlə bağlı hər yoldan ötən sayta geninə-boluna müsahibələr verməmək, söz-söhbətlərə əhəmiyyət yetirməmək, xırdaçılığa getməmək, başqalarının təhriki ilə iş görməmək lazımdır.
Bu günlərdə klubun rəhbərliyi həm baş məşqçi, həm də digər işçilər və futbolçularla yenidən müqavilə bağlamalıdır. Təbii ki, kimin xidməti var, onunla müqavilənin müddəti uzadılacaqdır. Amma indinin özündə də söz-söhbət səngimir, mübahisələr artır, narazılıqlar çoxalır, hərə öz prinsipini ortaya qoymaq istəyir.
“Kəpəz” ölkə çempionatında yeganə klubdur ki, xoşagəlməz sorağı, necə deyərlər, sərhədləri aşır. Klubun tarixində heç vaxt bu cür hallar olmayıb. Azarkeşin öz yeri, klub rəhbərlərinin də öz yeri olmalıdır. Bu vəziyyətlə uzağa getmək mümkün deyil. Burada udan yoxdur, uduzan var, daha çox isə Azərbaycan futbolu uduzur. Gərək bunu unutmayaq.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Gəncə

