Bu il həm də tanınmış şair-dramaturq çoxsaylı oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi, eyni zamanda, A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmiş görkəmli ziyalımızın 100 illiyidir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Yadigarlar” silsiləsindən Əməkdar incəsənət xadimi, nəğməkar şair-dramaturq İslam Səfərliyə həsr olunmuş görüş keçirilib. Tədbirdə şair-dramaturqun ailə üzvləri, elm xadimləri, bir sözlə İ.Səfərli sevənlər toplaşmışdılar.
MEK-in baş direktoru professor Məmməd Əliyev çıxış edərək “Yadigarlar” silsiləsindən növbəti görüşün yaddaşlarda əbədi izi qalan, zəngin yaradıcılıq irsinə daim müraciət edilən İslam Səfərlinin 100 illiyinə həsr olunduğunu, onun qısa ömrünə böyük bir sənətkar irsini sığışdırmasını, şairin şeirlərinə bəstələnmiş mahnıların Azərbaycan musiqi mədəniyyətinin qızıl fondunu təşkil etdiyini bildirib.
Tədbirdə çıxış edən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Qurban Bayramov vurğulayıb ki, Azərbaycanda Aşıq Ələsgərə poema yazan ilk şair məhz İ.Səfərlidir.
Görüşdə şairin qızı Dilşad Səfərli ədəbi-bədii tədbirin təşkilində əməyi keçənlərə minnətdarlığını bildirib, ailəsi adından AMEA MEK rəhbərliyinə Təşəkkürnamə təqdim edib, atası ilə bağlı xatirələrini bölüşüb.
Müzakirələr şəraitində keçən görüşdə qeyd edilib ki, “Ana”, “Yadıma düşdün”, “Nə vaxta qaldı”, “Aylı gecələr”, “Ay qaşı, gözü qara qız”, “Bir xumar baxışla”, “Qonaq gəl bizə”, “Bakı, sabahın xeyir!”, “Bir könül sındırmışam” kimi sözlərində axıcı və gözəlliklərlə dolu əbədiyaşar mahnılar şairin poetik nümunələri əsasında ərsəyə gəlib.
Sonda şairin öz ifasında səsləndirdiyi şeirlər dinlənilib, həmçinin MEK tərəfindən ərsəyə gələn, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İslam Səfərlinin həyatını əks etdirən video nümayiş olunub.
Anar ƏLİ,
“Xalq qəzeti”