Dublyaj filmlərində Azərbaycan dili normalarına sayğısızlıq

post-img

“Xalq qəzeti” ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin birgə layihəsinə əsasən, ölkəmizdə xarici filmlərin dublyajı zamanı yol verilən və qeydə alınıb sistemləşdirilən qrammatik norma pozuntularını, üslub və ifadə yanlışlıqlarını oxuculara təqdim edirik. 

Qrammatik norma pozuntuları

Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərki­binə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları təəssüf doğurur. Monitorinqin nəti­cələri daha çox morfoloji aspektdə ismin hal şəkilçilərinin qarışdırılması, başqa sözlə, idarə əlaqəsinin pozulması, sintak­tik əlaqələrin pozulması, inversiya, dilimiz üçün səciyyəvi olmayan cümlə quruluşu özünü göstə­rir. Onlardan bəzilərinə nəzər salaq:

Birinci (birincisi), əsgərlər* həmişə özlərini layiqli aparmalıdır (aparmalıdırlar). Hamı bir yerdə. İkinci (ikin­cisi), əsgərlər* öz hərbi təcrübəsini (təcrübələ­rini) daha da təkmilləş­dirməlidir (təkmilləş­dirməlidirlər). Üçüncü (üçüncüsü), əsgərlər* həmişə hərbi andına sadiq olmalıdır (ol­malıdırlar). Dördüncü (dördüncüsü), əsgərlər* həmişə qənaətcil olmalıdır (ol­malıdırlar) (bədii film).

Bu nümunədə sintaktik əlaqə pozun­tusunu, xəbərin mübtəda ilə uzlaşmama­sını müşahidə edirik. Kontekst, həmçinin sıra sayına mənsubiyyət şəkilçisinin əlavə olunmasını tələb edir.

İlyas, bu gün uzun yol (yola) çıxırsan (bədii film).

Burada hal şəkilçisinin fonunda idarə əlaqəsinin pozulmasını müşahidə edirik.

İctimai nəqliyyatdan istifadə etmək üçün isə neqativ kovid test nəticə­si (kovid testinin neqativ cavabı) göstərilməlidir (sənədli film).

Bu isə söz sırasının pozulması, sin­taktik norma pozuntusu halıdır.

Siz baletşünasları* öz rəqsinizlə* diqqətlərini* (öz rəqsinizlə baletşünas­ların diqqətini) cəlb eləmək istəyirsiniz? (cizgi filmi).

Bu kampyuterlər çoxdan köhnəliblər (köhnəlibdir) (bədii film). 

Nümunədə mübtəda və xəbərin uz­laşması qorunmayıb, kəmiyyət pozulub. 

Hər bir sənaye sahələri (sahəsi) üzrə mütəxəssislərlə* tam işlək* modellər hazırlamışıq (sənədli film). 

Burada isə miqdar sayı ilə ifadə olu­nan ismin cəm şəkilçisi ilə işlənməsi halını müşahidə edirik.

Üslub və ifadə səhvləri:

Monitorinqin nəticələrinə əsasən deyə bilərik ki, tərcümələr zamanı üslubi səhvlərə də yol verilir. Fikrin aydın ifadə edilməməsi, söz və ifadələrin düzgün se­çilməməsi də təəssüf doğuran məqamlar­dandır:

Ama vəkilimiz Ərhan beyin dediyi kimi məhkəməmizə sonsuza qədər inanı­ram (məhkəmənin ədalətli qərar verə­cəyinə ümid bəsləyirəm) (teleserial).

Akvariumlar daha əvvəl olmasa da, Viktoriya dövründən bəri mövcuddur. Hətta indinin özündə belə, şüşə qutu içərisində su olduğca ovsunlayıcı görünür. (Akvariumlar Böyük Britaniya kraliçası I Viktoriyanın hakimiyyəti dövründən is­tehsal olunur. İşığı daxilə asanlıqla keçir­diyi üçün şəffaf akvariumlardakı su daha aydın və duru görünür) (sənədli film).

Şəffaf şüşələri əridib isti prosesi (şəffaf şüşələrin əridilməsi prosesini) təhlil eləyəcəyik (sənədli film).

Biz qayka və şaybaların sirlərini açırıq (hazırlanması üsulları haqqında danışırıq) (sənədli film).

1953-cü ildə döyüşlərə* son qoyul­duqdan sonra oların raketləri* və tankları öz yerlərində* yatır (bu günə kimi baza­larda qorunur) (sənədli film).

Parisin iqlim hədəflərinə çatmaq istəyirsinizsə, burada, zəngin qərb səna­ye ölkələrində iki tonlux elektrikli ... sahib olmaq yaxşı deyil (sənədli film).

Metro ərazisi təxminən 30 milyon in­sana ev sahibliyi edir. Və onu müşayiət edən avtomobillər, avtobuslar* və moped­lər* çoxlu tullantıya çevrilir (sənədli film). (Bu ərazidə hərəkət edən çoxsaylı avto­mobillər, avtobuslar və mopedlər havanın dəhşətli dərəcədə çirklənməsinə səbəb olur (Konteks Dehlidə havanın yüksək sə­viyyədə çirklənməsi ilə bağlıdır)).

Nyu-York sakinləri şəhərin tranzit xət­tini ürək-damar sisteminə bənzədirlər. Qan dövranında olduğu kimi yol şəbəkəsi sanki böyük bir almanın bütün ehtiyacları­nı ödəyir (sənədli film).

Son iki nümunədə cümlələr bir-biri ilə məntiqi ardıcıllıqla bağlanmır və fikir anla­şılmaz olaraq qalır. 

Tərcümənin yüksək səviyyədə olun­maması, mütərcimlərin yol verdikləri üs­lub xətaları filmin həm bədiiliyinə, həm də mükəmməlliyinə xələl gətirir:

Boran və çovğunlarla* yonulmuş son dərəcə soyuq dağlar Yer üzündə ən düş­mən yerlərdən* biridir (Yer planetinin ən təhlükəli yerlərindəndir) (sənədli film).

Dünya əhalisinin 2/3-si elektriklə hərəkət etmək üçün müasir infrastruk­tura sahib olmanın uzun illərə başa gələcəyi bölgələrdə yaşayırlar (Dünya əhalisinin 2/3-si elektromobillərlə hərəkət üçün müasir infrastrukturun uzun müddət­dən sonra qurulacağı bölgələrdə yaşayır) (sənədli film).

Çünki bu tip bir avtomobilin tamamilə elektrikli olacaq gələcəy zamanda ətrafı­mızda olmağa nə qədər davam edəcəyini kim bilir? (Çünki bu tip elektrik avtomobil­lərinin istehsalının gələcəkdə həyata ke­çirilib-keçirilməyəcəyini bilmirik) (sənədli film).

Sonra traktorlar* kaktus meyvələrini emal zavoduna göndərir (Sonra kaktus meyvələri traktorlarla emal zavoduna da­şınır) (sənədli film).

Məni içindən çıxardığı bu qədər pisliydən sonra (bu qədər çətinlikdən çıxardığına görə), mənə elədiyi bu qədər yaxşılıqdan sonra gözündən düşməydən qorxdum (teleserial).

Əvvəldə qeyd etdiyimiz kimi, uşaq filmlərində üslubi xətalar xüsusilə yol ve­rilməzdir:

Bir çox illər bundan əvvəl (çox qə­dim zamanlarda) bizim planetimizdə di­nozavrlar yaşayıb. Onların sortu nəhəng idi. (Onlar nəhəng idilər). Lakin bu qədər böyük olanların içində xırdalara da rast gəlmək mümkündür (Lakin iri dinozavr­larla yanaşı, kiçik dinozavrları da görmək mümkün idi). Bu dinozavrlar pişik boy­da idilər (o qədər kiçik idilər ki, gözə dəymirdilər) (cizgi filmi).

Bizim yanımızda, planetimizdə isə in­sanlar* yaşayır. Onlar* müxtəlif quruluşda, ölçüdə və rənglərdə olur (Bizim plane­timizdə isə insanlar yaşayırlar. Onlar müxtəlif bədən quruluşuna, ölçüsünə və dəri rənginə malikdirlər) (cizgi filmi).

Bu Yer kürəsidir. Onun qayğısına qal. O sahib olduğumuz yeganə varlığdı. (O hamımızın evidir) (cizgi filmi).

Yer Kürəsi Günüdür. Yer isə dünya­da olanların* bir hissəsidir (kainatdakı planetlərdən biridir) (cizgi filmi).

Amma bu gün Yer Kürəsi Günüdür. Planetdən küçədə zövq almaq yaxşıdır (Planetimizi təbiəti sevməklə, ondan zövq almaqla kəşf edəcəyik) (cizgi filmi).

Bu, nədir? Bu, sənin daxili orqaniz­mindir. Bu fikirləşən* beynimdir, nəfəs alan ağciyərlərim*, ürəy* qan ötürür (Bu, sənin orqanizminin və daxili orqanlarının elektron maketidir) (cizgi filmi).

Azərbaycan dilinin lüğət tərkibi zəngin olduğu halda, dublyajda dilimiz sönük və çox quru təsir bağışlayır. Müşahidə olu­nan növbəti norma pozuntusu tavtologiya və sözlərin yersiz təkrarı ilə bağlıdır:

Mənim bir xasiyyətim var, hansı oğ­lan mənim (izafi söz) qızıma rast gəlsə (qızımla evlənmək istəsə), onda gərəy* mənimlə haqq-hesab çürütsün. Bəlkə də, üç nəfərlə bacara bilmərəm, amma işdir, olar* mənimlə bacarmasa, (fikir nata­mamdır). Qızımın yanında onu qoruya bilən bacarıqlı, dürüst, cəsarətli* birinin olduğunu görməy* istərdim. Mən kral olduğum (özümü kral kimi hiss etdi­yim) üçün istəyirəm ki, mənim (izafi söz) şahzadəmi də qoruyan, onun qayğısına qalan mənim kimi güclü* biri olsun. Çünki mən (izafi söz) heç vaxt razı olmaram ki, mənim (izafi söz) qızımın həyatında olan şəxs qorxaq, cəsarətsiz biri olsun (sənədli film).

Axı bizim Sezar çox gözəldir. Bu adi gözəllik deyil. Elə-belə gözəllik deyil. Bu gözəlliyin son həddidir. Güzgü Sezarın gözəlliyindən daha çox gözəllik əks etdirmək iqtidarında deyil. Çünki bu, mümkün deyil. Axı Sezar hamıdan gözəl­dir. Bu, bu, mümkün deyil, mümkün deyil. Amma o Sezarın gözəlliyindən az olan gözəlliyi əks etdirə bilməz. Hətta Sezar nə qədər təvazökar olsa belə, axı bu, Se­zarın gözəlliyinə qarşı bir təhqir olar (bə­dii film).

Təəssüf hissi ilə qeyd etmək lazım­dır ki, dublyaj olunan filmlərin monitorinqi zamanı aşkara çıxardığımız yanlışlıqlar ana dilimizin inkişafına mane olur, ədə­bi dilimizə yad təsirlərin nüfuz etməsinə yol açır. Ana dili bizim ən mühüm mənəvi dəyərimizdir. Dilimizin saflığını qorumaq hər birimizin ümdə vətəndaşlıq borcudur. Biz Azərbaycan ədəbi dilinin bütün norma və prinsiplərinə riayət etməklə həm səlis, rəvan nitqə, savadlı danışıq qabiliyyətinə malik ola, həm də milli kimliyimizi qoruya bilərik.

 

Günel HACIYEVA, 
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi

Mədəniyyət