Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib

post-img

Dekabrın 18-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib.

XQ xəbər verir ki, görüşdə bünövrəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələyə yüksəldilmiş ölkəmizlə BMT arasındakı əməkdaşlıqdan, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin, xüsusilə də “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasının, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının, “Milli Dayanıqlı İnkişaf Məqsədlərinin Monitorinq Sistemləri üzrə BMT-DSK Birgə İşçi Qrupu”nun yaradılmasının, BMT-nin Ölkə üzrə İdarə Heyəti (UNCT) və Dövlət Statistika Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində “DİM-lər üçün məlumatların dezaqreqasiyası” adlı praktiki vəsaitin hazırlanmasının statistikanın inkişafı istiqamətində mühüm addımlardan olduğu, BMT-nin Uşaq Fondunun dəstəyi ilə 2023-cü ildə keçirilmiş Çoxgöstəricili Klaster Sorğusu nəticəsində 18 DİM göstəricisi üzrə məlumatların əldə edildiyi bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (UNSDCF) müzakirə edilmiş, milli statistika sistemlərinin gücləndirilməsi, DİM-lərin monitorinqi və hesabatlılığı istiqamətində fikir mübadiləsi aparılmışdır.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdə fəaliyyəti başa çatan BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyevaya faydalı əməkdaşlıq üçün təşəkkür etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır.

BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva səmimi görüşə görə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqova öz minnətdarlığını bildirmişdir.

Sosial həyat