Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF İB) ümumi yığıncağı keçirilib.
XQ xəbər verir ki, konfransda gündəlikdə duran məsələlər elan olunub, 2025-ci il ərzindəki fəaliyyət haqqında federasiyanın prezidenti Firudin Qurbanov tərəfindən hesabat təqdim edilib.
Konfransın gündəliyində yer alan məsələlərə əsasən, İcraiyyə Komitəsinin say tərkibində dəyişiklik edilib, üzvlərin sayı 7-dən 9-a artırılıb. Azərbaycan Tələbə Liqasının cari ildəki fəaliyyətinin və Təftiş Komissiyasının yekun hesabatı təqdim edilib.
Konfrans zamanı Xorvatiyada keçirilən futzal üzrə XIV Universitetlərarası Avropa çempionatında ölkəmizi uğurla təmsil edən və çempion adını qazanan Azərbaycan İdman Akademiyasının komandasının bu nailiyyətinə görə ATFF İB-nin rəhbərliyinə təşəkkür edilib.
Konfrans iştirakçılarının səsverməsi nəticəsində Tehranağa Abdullayev, Tural Qarayev, Elşad Quliyev İcraiyyə Komitəsinə üzv seçiliblər.
Qeyd edək ki, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrində futbolu inkişaf etdirmək, daha çox komandanın çempionatlarda, tələbə futbol yığmalarının isə beynəlxalq səviyyədə iştirakını təmin etməkdir.







