Haqq aşığı Xındı Məmməd

post-img

Borçalı özünün ulular əmanəti – böyük aşıq sənəti, aşıq məktəbi ilə şöhrət tapıb. Burada Sadıq Sultanov, Quşçu İbrahim, Xındı Məmməd, Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev kimi dədə ozanlar sənət zirvəsinə yüksəlib. Onların sırasında Aşıq Xındı Məmməd saz-söz sərrafı kimi daha çox məşhurdur. Sənəti ilə yaddaqalan ucalıqlar yaradıb. Bu da ona şəriksiz şöhrət qazandırıb. O, haqq aşığı idi...

Xındı Məmmədin “Dilqəmi” hava­sı üstündə yanıqlı-yanıqlı oxuması hələ uşaq yaşlarımdan ruhuma hopub. İndi bu sətirləri yazarkən, özüm də “Dilqəmi” üstündə köklənirəm. Xəyalım kəndimizin payız toylarına, fikrimdə canlandırdığım aşıq məclislərinə yön alır. Üzü Borçalıya yol gedirəm...

Xındı Məmməd məclislərdə çox gözəl dastan danışardı. Sənəti ilə yanaşı, ha­zırcavablığı, gözəl qaravəlli bilicisi kimi də sevilirdi. Oxuyanda havacatdan-hava­cata elə ustalıqla keçid edirdi ki, səsinin ahənginin dəyişdiyi və yorğunluğu hiss olunmurdu.

Şeirləri də Xındı Məmmədin ilhamının və istedadının böyüklüyündən xəbər verir. Onun şeir dili heyrət ediləcək dərəcədə aydın və təmizdir. Könül çılğınlığı sazı­na və sözünə hopmuşdu. Ölçülü-biçili, canı-dildən süzülüb gələn, sənət cilalı şeirləri qərinələr, əsrlər ötsə də, sözün ucalığından enmir. O, “Divani”, “Təcnis”, “Qoşma”, “Gəraylı”, “Müxəmməs” və s. üstündə neçə-neçə şeirlər yazıb. Cığalı təcnisləri də aşıq poeziyasının ən gözəl örnəkləri sırasındadır. “Ay hayıf!” rədifli cığalı təcnisi bu qəbildəndir:

Nəzər qıldım tənəzzülün işinə,

Mərd yerini namərd aldı, ay hayıf.

Mən aşıqəm, ay hayıf,

Getdi, oldu ay hayıf.

***

Getdi, daha qalmadı

Qədir bilən, ay hayıf.

Qədir bilən, şirin gülən dostları

Fələk vurub ayrı saldı, ay hayıf.

Burada bir könül titrəyişi, bir ilham lən­gəri var. Şeirin misra yatımına fikir verin. Deyim tərzinin axarı, sözün dərin məna­sı oxucunu valeh edir. Fikir sözlə obrazlı, qafiyələnmiş və ahəngdar şəkildə ifadə olunub. Axıcılıq və ahəngdarlıq daha qa­barıq nəzərə çarpır. Onun bu cığalı təcnisi Borçalıda ellikcə dildə-dodaqda dolaşır. 

Ustadlardan dərs alan Xındı Məmməd geniş yaradıcılıq yolu keçib. Onun bir çox ustad aşıqlarla, o cümlədən dövrünün ta­nınmış el şairləri Şair Ağacan, Şair Nəbi, Təhləli Novruz və başqaları ilə deyişmələ­rində haqq aşığı olduğu aşkar görünür. 

Borçalıda neçə-neçə şagirdi ondan dərs alıb. Onlardan Aşıq Məhəmməd Sa­daxlı, Aşıq Allahyar, Aşıq Ziyəddin, Aşıq Seyfi və başqaları Xındı Məmmədin sənət bulağından su içiblər. Şagirdləri arasında ustadın oğlu Gülabının isə əvəzi yox idi. Xındı Məmməd şagirdlərinə isti ürəklə ya­naşıb, sənətin sirlərini onlara sevə-sevə öyrədib. Aşıq Ziyəddin Borçalı öz ustadı Xındı Məmməd haqqında deyirdi:

– Saza vurğun idim. Ustad aşıqlar bizim kəndə toya gəlirdilər. Bir dəfə də ustad Xındı Məmməd gəlmişdi. Toyda ağ­saqqallar məni göstərib dedilər ki, icazə ver, bu uşaq bir hava oxusun... Oxudum, ustadın xoşuna gəldi. Xındı Məmməd ifamı və saza vurğunluğumu yüksək qiy­mətləndirdi. İfamı dinlədikdən sonra məni özünə şəyird götürdü. Onun daxili dünya­sının gözəlliyi şəyirdlərinə də sirayət edir­di. Bir ustad kimi onların ürəklərinə yol ta­pırdı. Təmkinli davranışı, ədəb-ərkanı da heç vaxt yaddaşımdan silinən deyil. Bu, uca keyfiyyətləri onun “Çata bilməz” adlı şeirində daha qabarıq nəzərə çarpır.

Köklü bir qayanı, atalar demiş,

Qaldırıb yerindən yel ata bilməz.

Layiq bilib sığışdırmaz adına,

Namərd kölgəsində mərd yata bilməz.

***

Dolandım elləri aşıq sanında,

Gövhər xırd eylədim mərd meydanında.

Arif bazarında, sərraf yanında

Hər yetən zər alıb, zər sata bilməz.

Xındı Məmmədin ömür yolu heç də ha­mar olmayıb. Hələ 1930-cu illərdə bu Bor­çalı bülbülü şərlənərək həbs olunub, bir müddət Tiflisdəki Metex qalasında yatıb. Deyilənə görə, həbsdə olanda ürəyi qu­barlanır. Dörd divar arasında sazsız-filan­sız, zil səsilə nisgilli “Mansırı” oxuyur. Səsi şəlalə kimi çağlayır. Həmin anda həbsxa­nanın rəisi də bu səsi eşidir. Göstəriş ve­rir, Xındı Məmmədi onun yanına gətirirlər. Həbsxananın rəisinə məlumat verirlər ki, bu, aşıqdır. Onun gözəl səsinə, avazına valeh olan həbsxana rəisi Xındı Məmmədi həbsdən azad edir.

İkinci Dünya müharibəsi başlayanda Xındı Məmməd də cəbhəyə gedib. Mü­haribəyə yola düşməzdən əvvəl canından artıq sevdiyi sədəfli sazını "Cəngi" havası üstündə kökləyib evinin divarından asıb.

Müharibədən sağ-salamat evinə qa­yıdan aşıq, sazını sinəsinə sıxıb sənətini davam etdirib. Ömrünün sonunadək “Mən qocaman bir aşığam, Meydanda mər­di-mərdanə”, – deyib oxumaqla, könül­lərə bütün sevgilərin ucalığında dayanan sənət sevgisi bəxş edib:

Səhər tezdən bağ içində,

Gülün marağındayam,

Səyyad kimi səhralarda,

Səsin sorağındayam.

Nə müddətdir intizaram,

Gözləyirəm yolları.

Məcnun kimi məskən salıb,

Leyli bulağındayam.

***

Salıb məni nəzərindən

Çərxi fələk – o zalım,

Tənə sözün xəstəsiyəm,

Pərişandı əhvalım.

Dərd əlindən gecə-gündüz

Qanlar ağlar xəyalım.

Kərəm kimi tərsa sevib,

Əsli sorağındayam.

***

Borçalı aşiqiyəm,

Xındı Məmməd adımdır.

Ellərimə şadlıq, varlıq

Məqsədim, muradımdır.

Nişan verim, Qaçağandan

Ağacan ustadımdır.

Məskənimdir Qaş Muğanlı,

Yolun qırağındayam. 

 

Xındı Məmməd ömrünün sonunadək Borçalının Qaş Muğanlı kəndində yaşayıb və 1968-ci ildə rəhmətə gedib. Qəbri doğ­ma kəndindədir. Ruhu şad olsun!..

 

Həzi HƏSƏNLİ,
şair-publisist

Mədəniyyət