“Mən Azərbaycan vətəndaşıyam!”

post-img

Azərbaycan 32 ildir ki, müstəqillik qazanıb. Amma nədənsə biz hələ də farsların soyadlarımıza hopdurduğu “-zadə”, sovetlərdən “miras” qalmış “-ov”, “-yev” sonluqlarından xilas ola bilməmişik. 

Soyad sonluqları tarix, etnoqrafiya, ədəbiyyatşünaslıq, milli dəyərlər və s. üçün də böyük əhəmiyyətə malikdir. Şəxs sonluqları, müəyyən mənada, tarixi ka­teqoriyadır, milli kimlik məsələsidir. 

Farsların hökmranlığı illərində Azər­baycan türkləri üçün fars, eləcə də so­vetlərin repressiya maşını işə düşdükdən sonra, xüsusilə də 1930-cu illərin ikinci yarısından başlayaraq, rus soyad sonluq­ları tətbiq edilib. Bu, xalqımızı milli özünü­dərkdən, tariximizdən uzaqlaşdırmaq idi. Farslaşdırma və ruslaşdırılma siyasəti­nin tərkib hissəsi idi, repressiya idi. Bəs indi? Biz ki, qədim tarixə malik, dünyada öz sözünü deyən müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Təəssüf ki, bu gün heç bir məcburiyyət olmasa da, özgə soyadsonluqları qalmaqda davam edir. 

Soyad sonluğu kimi bir dəyər niyə millilikdən uzaq düşməli, yadlaşmalıdır? Azərbaycan dilinin saflığının qorunması­na çalışan alimlərimiz bu məsələ barədə nə düşünürlər?

Bizimlə söhbətində AMEA-nın həqiqi üzvü, Milli Məclisinin deputatı Nizami Cəfərov məsələnin aktual olduğunu, lakin diqqətdən yayındığını dilə gətirdi. Bildirdi ki, ad, soyad və sonluqlarla bağlı 10–15 il əvvəl xüsusi komissiya yaradıldı: “Komis­siyanın tərkibinə filoloqlar, ideoloqlar, si­yasətçilər, bu işin texnologiyasını bilənlər daxil idi. Xeyli müzakirələr aparıldı. Qəra­ra gəlindi ki, soyad sonluqları ilə bağlı qəti hökm vermək düzgün deyil. Biz milli son­luqları əhaliyə, xüsusən də yeni doğulan övladların valideynlərinə təklif formasında təqdim edə bilərik. Milli sonluqlar kimi “-lı”, “-li”, şəxssiz forma (Səməd Vurğun, Nəbi Xəzri və s.) və eksperimental forma kimi “oğlu”, “-gil”, “-soy” sonluqlarını da qəbul etdik. Daha sonra “-zadə” sonluğu ilə bağ­lı müəyyən mübahisələr ortaya çıxdı və bu sonluğun qəbul edilməsini də nəzərə aldıq. Bu, əlbəttə ki, qanun deyil, hüququ qüvvəsi yoxdur, sadəcə təşəbbüsdür, tək­lifdir. Burada söhbət təkcə soyad sonlu­ğundan gedir, soyadın özünün dəyişdiril­məsindən yox”. 

AMEA-nın həqiqi üzvü onu da əlavə etdi ki, Azərbaycanda yaşayan azsaylı xalqları da nəzərə almalıyıq, onların da öz ənənələri var. Biz onları soyad sonluqları­nı dəyişdirməyə məcbur edə bilmərik. 

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı qəzetimizə açıqlamasında dedi ki, soyad sonluqları ilə bağlı hələ sovet dövründə mövqeyini bildirib, dəfələrlə bu məsələ haqqında danışıb: “Hələ 1992-ciildə Milli Məclisdə qəbul edilən qərarların birində deyilirdi ki, şəxs “-ov”, “-yev” son­luğu yerinə “-lı”, “-li” və ya “-oğlu” yazdıra bilər. Təəssüf ki, bu məsələ müstəqilliyin ilk illəri unuduldu. İşğal və müstəmləkə dövründə zor gücü ilə qəbul etdirilmiş fars və rus soyad sonluqlarından uzaqlaşmalı­yıq. Müstəqilliyin əvvəlində bu məsələnin üstünə ciddi düşsəydilər, görün, nə qədər şəxsin soyad sonluğu milliləşmiş olacaq­dı”. 

Xalq şairi soyad sonluqlarına dövlətin gerbi, bayrağı, himni kimi milli atributların­dan biri olaraq yanaşılmasını doğru hesab edir. 

Sabir Rüstəmxanlı sual edir, “Niyə qey­diyyat şöbələrinə tapşırılmır ki, yeni doğu­lan uşaqların valideynlərinə milli soyadsonluğunun yazılması başa salınsın?”

Vətəndaşların Əmək Hüquqlarını Mü­dafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov da o fikirdədir ki, soyadsonluğu problemini nəsil dəyişikliyi həll et­məlidir: “Yeni doğulan uşaqlara rus, fars soyad sonluqları verilməməlidir. Ömrü­mün yarısını sovetlər birliyində yaşadığı­ma görə, mən köhnə soyadımda qalmaq istəyirəm. Yox, əgər qanun qəbul edilərsə, məcburiyyət olarsa, dəyişərəm”. 

Hüquqşünas Elgün Alıyev isə bildirdi ki, mövcud qanunvericilikdə qayda budur ki, soyad sonluğu seçmək sərbəstdir. Bu halda vətəndaşlarımızın üzərinə də məsu­liyyət düşür. Milli şüur, Azərbaycan təəs­sübkeşliyi, xalqa, tarixə bağlılıq insanın ruhundan gəlməlidir. “Məsələn, Nazirlər Kabineti Prezidentin fərmanına uyğun ola­raq “Adın, ata adının və soyadın verilmə­si və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli qərarının 5-ci bəndində soyad sonluqları­na dəyişiklik edilməsi məsələləri tənzim­lənir. Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaşın ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadları­nın sonluğuna dəyişiklik onların valideyn­lərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata ke­çirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq aktlarda bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir”.

Ziyalılar bildirirlər ki, köhnə nəsli anla­maq olar, çoxu bu soyadla tanınır. Azər­baycan və onun hüdudlarından kənarda necə məşhurlaşıblarsa, elə də toxunul­maz qalmalıdır. Amma yeni nəsli milliləş­dirmək lazım idi. Otuz iki il keçməsinə baxmayaraq, hələ də gec deyil. 

Nəticə olaraq bu qənaətdəyik ki, soyad məsələsi ilə bağlı insanlara sərbəst­lik verilməlidir. Lakin “-ov”, “-yev”, “-zadə” sonluqlu soyadların çoxluq təşkil etməsi o təsəvvürü yaratmasın ki, biz bu son­luqlardan imtina etmək istəmirik. Əslində bu, texniki olaraq davam edir. Bakıda yüz nəfər arasında apardığımız sorğudan və ictimai rəylərdən bu nəticəyə gəldik ki, çox insan soyad sonluğuna fikir vermir, qey­diyyat şöbələrində ata soyadı necədirsə, övlada da elə yazılır. İstərdik ki, qeydiyyat şöbələri şəxsi qeydiyyata aldığı zaman bu məsələni tövsiyə xarakteri olaraq diqqətə çatdırsınlar. Lakin qeydiyyat şöbələrindən aldığımız açıqlamalardan görünür ki, bu, həyata keçirilmir. 

Hər soyad özündə Vətəni, eli, ulusu, nəsli-kökü ehtiva etməlidir. Yabançı son­luqları olan soyadlar “soy” bildirmir, milli kökdən yayındırır. Gəlin, belə demək üçün özümüzdə təpər tapaq: “Mən Azərbaycan vətəndaşıyam!”

 

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”







Sosial həyat