Kino Agentliyi “ağ atlı oğlana” çevrilə biləcəkmi?

post-img

120 illik tarixi olan Azərbaycan kinosu dünya kinematoqrafiyasında özünəməxsus yerlərdən birini tutur. Sovet dövrü filmlərimizi hətta kinematoqrafiyamızın ən parlaq nümunələri hesab etmək olar. Lakin müstəqilliyimizin bərpasından sonra etiraf edək ki, Azərbaycanda kino sənayesi müəyyən tənəzzül dövrünü yaşadı. 

Təkəmseyrək sanballı filmlərdən başqa ciddi və sanballı ekran əsər­ləri ərsəyə gətirilmədi. Əvəzində şit, darıxdırıcı, heç bir məzmun və ma­hiyyəti,tərbiyəvi əhəmiyyəti olmayan serial sənayesi inkişaf etməyə başla­dı. Qısası, kino zövqümüz korlandı, dünya kinosu səviyyəsində çəkiləcək hansısa filmin ortaya qoyulmasına olan inamımız isə zəiflədi. Lakin dü­şünürük ki, dövlətin ciddi müdaxiləsi kinematoqrafiyamızın “ağ atlı oğ­lan”ına çevrilə biləcək. Bu baxım­dan, Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həya­ta keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və ya­yım infrastrukturunun müasirləşdiril­məsi məqsədilə Prezident fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradıl­ması təqdirəlayiqdir. 

Fərmanla müəyyən edilib ki, Agentlik Azərbaycanda kinematoq­rafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyə­ti təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi işti­rakçılarının fəaliyyətinin, eləcə də bu sahədə yeni informasiya-kommuni­kasiya texnologiyalarının və innova­siyaların tətbiqinin stimullaşdırılması, dünya kinematoqrafiyasına inteqra­siya sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoq­rafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsin ən yaxın zamanda fəaliyyətə başlaması üçün nazirlik tərəfindən aidiyyəti qu­rumlarla birgə lazımi tədbirlər həya­ta keçirilir. Mədəniyyət Nazirliyindən bildirilib ki, quruma rəhbər təyinatı, onun strukturunun təsdiq olunması, maddi-texniki baza ilə təmin edilmə­si və s. istiqamətlərdə müvafiq işlər görülür.

Qənaətbəxş cavab hesab etmək olar. İnam var ki, tezliklə kinematoqra­fiyamızda dirçəliş dövrü başlayacaq. İstedadlı aktyorların üzə çıxarılması, incəsənət duyumlu, geniş erudusiya, nitq, dünyagörüşü ölçülərinə cavab verən film oyunçularımızın bir arada cəmlənməsi, onların dolanacaq üçün ölkədən getməsinin qarşısı alına­caq. Nəticədə, dünya standartlarına uyğun gələn, normal büdcəsi, təsir­li ssenari və rejissor işi olan filmlər izləyə biləcəyik. Nəhayət, biz də öz filmlərimizin dünyada yayılması və izlənmə arealı ilə öyünəcəyik. 

 

Anar TURAN, “Xalq qəzeti”

Mədəniyyət