Unudulmaz “yetmişincilər”

post-img

Ötən əsrin 70-ci illəri idi. Bakıda ilk tanış olduğum adamlardan biri də sonradan tələbə yoldaşımız olmuş şair, kürdəmirli Əlislam Səmədov idi. Atası Bilal müəllim rəhmətə gedəndən sonra Əlislam Bilal təxəllüsü götürmüşdü. İndi o… yoxdur. Bayılda – Neftçilərin İliç adına Mədəniyyət Sarayında – indi o da yoxdur – fəaliyyət göstərən ədəbi birlikdə tanış olmuşduq.

Əlislam Paris Komun­nası adına gəmi təmiri za­vodunda işləyirdi, – indi o yoxdur, mən isə 26 Bakı Komissarı adına Neft və Qazçıxarma idarəsində – o da yoxdur. Əlislamın Tofiq Bayramla tez-tez salammə­leyki olurdu – indi o yoxdur, mənim isə Oqtay Rza ilə – o da yoxdur–təxminən, 10 illik salam-kəlamım var idi. 

Əlislam məni “KAS­PAR”ın yataqxanasında – o da yoxdur – Tofiq Bayramla görüşə dəvət etmişdi. Gö­rüşü rəhmətlik Allahverdi Məmmədli aparırdı – o da yoxdur. Mən isə Əlislamı neftçilərin yataqxanasında – o yoxdur – yazıçı Firudin Ağayevlə – o da yoxdur – keçirilən görüşə dəvət et­mişdim. 

Əlislam bir dəfə məni SSRİ-nin – Allaha şükür ki, o da yoxdur –50 illiyi adına dillər institutunda – o da yox­dur – yenicə Komsomol mü­kafatı laueratı adı almış – o yoxdur – Cabir Novruzla – o da yoxdur – görüşə dəvət et­mişdi. Mən isə ona Bakıda keçirilən Sovet Ədəbiyyatı günləri – o da yoxdur – çər­çivəsində Rəsul Həmzətovla – o da yoxdur – keçirilən gö­rüşə dəvətnamə almışdım. 

Offf.. iş uzanır. Nədən söz açsam, o yoxdur, o da yoxdur. 

… Beş-altı il əvvəlin söh­bətidir. Bakıdakı şadlıq sa­raylarından birində toyda iş­tirak edirdik. O saray indi də var. Bizdən bir neçə masa aralıda əyləşmiş gənclərdən biri qalxaraq mənə sarı gəldi: – İttifaq əmi, salam! Sizi görməyimə nə qədər şad ol­dumsa, deyə bilmirəm. 

– Təşəkkür edirəm! Amma incimə, mən səni ta­nıya bilmədim. 

– Əmi, mən Əlislam Bila­lın oğluyam.

Qucaqlayıb bağrıma basdım. Allaha min şükür ki, O VAR!!!

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”



Mədəniyyət