Bakı qlobal kosmos ictimaiyyətinin ali məclisinə hazırlaşır

post-img

Bu il oktyabrın 2-dən 6-dək Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı tanınmış nəzəri fizik və astrofizik, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun Kosmik şüa mənbələrinin fizikası laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynovla görüşüb, belə bir möhtəşəm tədbirlə bağlı fikirlərini bölüşməsini xahiş etdik. O dedi:

– Əsasını ulu öndərimiz Heydər Əliyevin qoyduğu siyasi və iqtisadi inki­şaf kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə adekvat şəkildə xüsusi ba­carıqla və qətiyyətlə davam və inkişaf etdirilməsi müasir Azərbaycanı yeni inkişaf mərhələsinə və dünyanın apa­rıcı dövlətləri ilə bir sıraya çıxarmışdır. Məhz bu inkişafın, uğurlu xarici siyasət diplomatiyasının və ən başlıcası, Azər­baycan Prezidentinin böyük iradə və qətiyyətinin nəticəsidir ki, qlobal iqtisadi və mürəkkəb siyasi məsələlərin həllin­də dünyanın aparıcı dövlətləri, o cüm­lədən inkişaf etmiş Qərb ölkələri Azər­baycanla hesablaşır və yeni əlaqələrin yaradılmasına və inkişafına böyük ma­raq göstərirlər.

Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı, onun beynəlxalq aləm­də günbəgün yüksələn nüfuzu və ölkə­mizə olan çox böyük inam respublika­mızı beynəlxalq və qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi etibarlı bir məkana çevirmişdir. Artıq iki onilliyə yaxın bir dövrdür ki, Azərbaycan çox nüfuzlu beynəlxalq və qlobal tədbirlərə evsahibliyi edir. 

Belə mötəbər tədbirlərdən biri də Beynəlxalq Astronavtika Federasiyası Baş Assambleyasının qərarına əsasən, 2023-cü il 2–6 oktyabr tarixlərində Azər­baycanın paytaxtı Bakı şəhərində keçi­riləcək 74-cü Beynəlxalq Astronavtika Konqresidir (BAK). “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” adlanan bu mühüm qlobal tədbirin əsas məqsə­di kosmik elm və tədqiqatlar, kosmik tətbiqlər və əməliyyatlar, kosmik texno­logiya, kosmik infrastruktur sahəsində yeni inkişaf, müasir tendensiya və prob­lemləri müzakirə etmək, astronavtikanın dinc məqsədlər üçün inkişafını təşviq etmək və kosmosla bağlı elmi və tex­noloji nailiyyətlərin yayılmasını dəstək­ləmək üçün qlobal kosmos ictimaiyyə­tini bir araya toplamaqdır. BAK 2023-də 5000-dən çox nümayəndənin iştirakı gözlənilir. Biznes, maliyyə, iqtisadiyyat, beynəlxalq hüquq nöqteyi-nəzərindən baxdıqda açıq-aydın görünür ki, kosmos sahəsində fəaliyyət göstərən şirkətlərə və agentliklərə, investorlara, işəgötürən­lərə, işçilərə və s. perspektivli tərəfdaş­larla sıx əməkdaşlıq əlaqələri qurmaq, öz təkliflərini daha böyük ictimaiyyətə təbliğ etmək və BAK 2023 günləri ərzin­də təşkil olunacaq böyük sərgi pavilyo­nunda öz nailiyyətlərini nümayiş etdir­mək üçün unikal imkanlar yaradılır.

– 74-cü konqresə evsahibliyi et­mək üçün namizədliyi irəli sürülənlər arasında Sinqapur, Rio-de-Janeyro və Yeni Dehli kimi şəhərlər olduğu halda, nə üçün Azərbaycan paytaxtı seçilib?

– Hər şeydən öncə, 74-cü BAK-a evsahibliyi etməyə namizəd olan dünya şəhərləri arasından Beynəlxalq Astro­navtika Federasiyasının Baş Assamb­leyası tərəfindən, məhz, Azərbaycanın paytaxtı Bakı şəhərinin seçilməsində hərtərəfli dövlət dəstəyi ilə ölkəmizdə kosmik sənaye üzrə müasir infrastruk­turun yaradılması, telekommunikasi­ya və Yerətrafı müşahidə peyklərinin orbitə buraxılması, bu sahədə əldə edilmiş təcrübə, formalaşmış yeni in­san kapitalı və etibarlı tərəfdaş imici kimi faktorlar mühüm rol oynamışdır. Belə bir mötəbər beynəlxalq konqresin Azərbaycanda keçirilməsi dövlətimizin başçısı, cənab Prezident İlham Əliye­vin reallaşdırdığı uğurlu daxili və xarici siyasətin nəticəsində beynəlxalq aləm­də respublikamızın siyasi nüfuzunun və ölkəmizə olan inamın çox yüksək səviyyədə olmasından, eyni zamanda Azərbaycanda gedən proseslərin dün­ya miqyasında aparıcı dövlətlər, bey­nəlxalq ictimaiyyət və nüfuzlu təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılanma­sından xəbər verir. 

– Azərbaycanda astronomiya və astrofizikanın inkişafında hansı im­kanlar mövcuddur və kimlərin xid­mətləri olmuşdur? 

– Azərbaycanda səma cisimlərinin və ümumiyyətlə, kosmik aləmin öyrənil­məsinin tarixi kökləri var. Tarixdən mə­lumdur ki, 1259-cu ildə görkəmli Azər­baycan astronomu, alimi və mütəfəkkiri Nəsirəddin Tusi Marağa Rəsədxana­sını yaratmışdı. XX əsrin ikinci yarısı Azərbaycanda astronomiyanın inkişafı və kosmik tədqiqatlar sahəsində çox böyük uğurlar əldə edilmişdi. Əsrin ikinci yarısında Azərbaycan ərazisində üç rəsədxana yaradılmışdı: Şamaxı Astrofizika Rəsədxanası (Şamaxı ra­yonu), Batabat Rəsədxanası (Şahbuz rayonu) və Leninqradın (Sankt-Peter­burq) Pulkovo Rəsədxanasının filialı olan Ağdərə müşahidə stansiyası (Or­dubad rayonu). Azərbaycanın bir sıra astronom və astrofizikləri astronomiya elminin, o cümlədən astrofizikanın in­kişafına əhəmiyyətli töhfələr vermiş­lər. Bu sırada O.Hüseynov, N.Cəlilov, Z.Seyidov, H.Sultanov, Ə.Quliyev, R.Hüseynov, H.Məmədbəyli, P.Amnuel, Ə.Əliyev, F.Qasımov, N.İsmayılov, İ.Yusifov, N.İbrahimov, C.Quluzadə, S.eynalov, H.Arazov, E.Babayev, A.As­varov, R.Salmanzadə və digərlərinin adlarını çəkmək olar. 

– Astronavtikanın inkişafında xüsusi xidmətləri olan və bilavasitə Azərbaycanla bağlı olan məşhur in­sanlar haqqında nə deyə bilərsiniz?

– Azərbaycanlı mühəndis və gene­ral-leytenant K.Ə.Kərimov kosmosun tədqiqinə mühüm töhfə vermiş, keçmiş Sovet İttifaqının kosmik proqramının əsas alimlərindən və banilərindən biri kimi qiymətləndirilir. O, uzun müddət Pilotlu Uçuşlar üzrə Dövlət Komissiya­sının sədri olmuşdu. 

Keçmiş Sovet İttifaqının üç kosmo­navtının adı və həyatı bilavasitə Azər­baycanla bağlıdır. Kosmonavt V. M. Jo­lobov 1937-ci ildə Ukraynada doğulsa da, 1954-cü ildə Bakıda 164 saylı orta məktəbi, 1959-cu ildə isə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azər­baycan Dövlət Neft və Sənaye Univer­sitetini) mühəndis ixtisası üzrə bitirmiş­di. Kosmonavt M.X.Manarov 1951-ci ildə Bakıda anadan olmuşdu. Kosmo­navt V.V.Ryumin 1939-cu ildə Rusiya­da anadan olsa da, onun həyatının və fəaliyyətinin iki ili (1959–1961) Azər­baycanın Gəncə və Lənkəran şəhərləri ilə bağlıdır. 

– Düz yarım əsr bundan əvvəl BAK Bakı şəhərində keçirilmişdi. Həmin konqresin keçirilməsi nəticə etibarilə nəyə gətirib çıxardı?

– Bəli, 1973-cü ildə Azərbaycan xal- qının ümummilli lideri Heydər Əliyevintəşəbbüsü ilə keçmiş Sovet İttifaqında ilk dəfə Bakıda “Kosmik Tədqiqatlar: Elm və Texnologiyaya Təsir” adlı 24-cü BAK keçirilmişdi. 24-cü BAK-ın Bakı­da təşkilinin bilavasitə nəticəsi olaraq, 1974-cü ildə Azərbaycanda kosmik tə­dqiqatlar sahəsində ilk tətbiq yönümlü qurum olan “Kaspi” Elm Mərkəzi və 1975-ci ildə Azərbaycan Dövlət Univer­sitetində (indiki Bakı Dövlət Universiteti) Astrofizika kafedrası yaradılmışdı. Yeni yaradılmış “Kaspi” Elm Mərkəzi sürətlə inkişaf etməyə başlamış və bir müddət sonra bu mərkəzin və Azərbaycanın digər əlaqədar elm qurumlarının alim­ləri, mühəndisləri “Salyut-Soyuz” orbital kompleksi üçün RS-17 rentgen spekt­rometrinin və “Mir” orbital stansiyası üçün Pulsar-X-1 rentgen aparatının hazırlanmasında fəal iştirak etmişdilər. 1992-ci ildə “Kaspi” Elm Mərkəzinin ba­zasında Azərbaycan Milli Aerokosmik Agentliyi yaradılmışdı. 

– Kosmos, o cümlədən aerokos­mos sahəsində Azərbaycanda fəa­liyyət göstərmiş və hazırda fəaliyyət göstərən hansı alimlərin xidmətləri diqqəti cəlb edir?

– Azərbaycanda kosmos, o cümlə­dən aerokosmos sahəsində elmi, tex­noloji, mühəndis təşkilati və idarəet­mə məsələlərinin həllində görkəmli alimlər olan A.Paşayev, R.Saqdeyev, A.Mehdiyev, T.İsmayılov, A.İsmayılza­də, Ə.Səmədov, N.Cavadov, F.Ağayev, E.İsgəndərzadə, B.Əzizov, T.Süley­manov, V. Məhərrəmov, R.Rüstəmov, N.Əliyev, İ.Əliyev, B.Əliyev, H.Əsədov, F.Məmmədov və başqalarının xidmətlə­ri xüsusi qeyd olunmağa layiqdir. 

– Respublikamızda bu sahədə hansı müəssisələrdə kadrlar hazırla­nır və elmi tədqiqatlar aparılır?

– Hazırda respublikamızın ali təh­sil müəssisələrində və elmi-tədqiqat institutlarında (Milli Aviasiya Akade­miyası, Milli Aerokosmik Agentlik, Şa­maxı Astrofizika Rəsədxanası, Fizika İnstitutu, Bakı Dövlət Universiteti və s.) aerokosmos, astronomiya, o cüm­lədən astrofizika üzrə bakalavr, magistr və doktorantura təhsilli səviyyələrində mütəxəssislər hazırlanır və elmi tə­dqiqatlar aparılır. 

– Azərbaycanda kosmik sənaye­nin inkişafı barədə nə deyə bilərsi­niz?

– 2008-ci ildə Azərbaycan Respub­likasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommu­nikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncam imzalamışdı.

2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Qafqaz regionunda ilk və yeganə peyk operatoru kimi təsis edilmişdi. 2013-cü ildə “Azerspace -1” telekommunikasiya peyki, 2014-cü ildə “Azersky” Yer müşahidə peyki, 2018-ci ildə “Azerspace-2” telekommunikasiya peyki uğurla orbitə çıxarılmışdı. Hazır­da bu peyklər bütün dünya üzrə tərəf­daşlara yüksək keyfiyyətli və etibarlı xidmətlər təqdim edir.

2021-ci ildə Azərbaycan Respubli­kası Prezidentinin Fərmanı ilə “Azər­kosmos” Azərbaycan Respublikasının Kosmik Agentliyinə çevrilmişdir.

– BAK 2023 tədbirinin yüksək səviyyədə keçirilməsi məqsədilə hazırda respublikamızda hansı işlər görülür?

– Bəli, bu işlərə start hələ 2022-ci ilin əvvəllərindən verilib. 2022-ci il 7 fevral tarixində Azərbaycan Respub­likasının Prezidenti 74-cü BAK-ın Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təş­kilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Bu tədbirlə əlaqə­dar olaraq, artıq kütləvi informasiya vasitələrindən məlumdur ki, konqresin keçirilməsi ilə bağlı Tədbirlər Planı ha­zırlanıb və icra edilməsi üçün Nazirlər Kabineti tərəfindən aidiyyəti üzrə müva­fiq tapşırıqlar verilib. 2023-cü il 10 yan­var tarixində Azərbaycan Respublikası­nın Nazirlər Kabinetində 74-cü BAK-ın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib. Konqresə hazırlıq məqsədilə görülən işlər və Tədbirlər Planının icrasından irəli gələn məsələlər müzakirə olunub.

74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinə əsas cavab­deh qurumlardan biri olaraq Azərbay­can Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, o cümlədən Azər­baycan Respublikası Kosmik Agentliyi­nin (Azərkosmos) sözügedən konqresə hazırlıqla bağlı fəaliyyəti ciddi hazırlıq­dan xəbər verir. Həm respublikamızda, həm də beynəlxalq miqyasda kütləvi informasiya vasitələrində maarifləndiri­ci və təşviqat işlərinin aparılması, kos­mosla əlaqədar olan xarici təşkilatların rəhbərlərinin və müvafiq mütəxəssislə­rin Bakıda keçiriləcək bu mötəbər təd­birə yüksək dəyər verməsi təqdirəlayiq haldır. 

– Konqresin əhəmiyyəti və ondan olan gözləntiləriniz barədə fikirləri­niz maraqlıdır.

– Yaşadığımız Yer ucsuz-bucaqsız kosmosdan kiçik bir zərrəcik kimi gö­rünür. Biz istəsək də, istəməsək də bu böyük Kainatın qanunları ilə idarə olu­nuruq. Müasir elm, o cümlədən fizika və astronomiya Kainatda mövcud olan materiyanın cəmi dörd faizini izah edə bilir. Qalan materiyanın 72 faizi gizli (görünməyən) maddə, 24 faizi isə gizli enerji şəklində mövcuddur. Bu və digər məsələlərin dərk olunması, kosmosun tədqiqi, mövcud sahədə yeni qanunla­rın kəşf olunması, kosmik və astrofiziki hadisələrin dərindən dərki bəşəriyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşı­yır.

Qlobal Kosmos Birliyinin bu il Bakı­da toplanması onu göstərir ki, Azərbay­can astronavtikanın təşviqi, qlobal sülh və firavanlığa nail olmaq üçün qlobal çağırışların və kosmik imkanların mü­zakirəsi üçün nəinki Qafqazda, hətta dünyada unikal yerlərdən biridir.

Bakı Konqresində beynəlxalq astro­navtika və respublikamız üçün mühüm əhəmiyyət kəsb edən qərarların qəbulu beynəlxalq astronavtikanın, o cümlə­dən Azərbaycanda kosmik sənayenin inkişafı, bu sahədə yeni infrastruktur­ların yaradılması və kadrların hazırlan­ması, yeni peyklərin orbitə çıxarılması, iqtisadiyyatın kosmik uğurlara əsasla­nan yeni sahəsinin sürətli və geniş inki­şafı üçün perspektivlər açacaq və ölkə­mizin iqtisadi qüdrətini gücləndirəcək.

Bütün bunlar bu il Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin uğurla keçiriləcəyini vəd edir. Azərbay­can qlobal kosmos ictimaiyyətini Bakı­da salamlamağı səbirsizliklə gözləyir. 

İnanırıq və ümidvarıq ki, bu mötəbər qlobal tədbirin keçirilməsinə, bu tədbir­lə bağlı əlaqədar məsələlərin çevik və layiqli şəkildə həll olunmasına Azərbay­can dövlətinin və hökumətinin çox yük­sək səviyyədə və ciddi şəkildə hərtərəfli diqqət və qayğı göstərməsi Konqresin uğurla baş tutmasını tam təmin edəcək.

Bu konqres, eyni zamanda, minlərlə xarici qonağın 28 ildən sonra işğal altın­da qalmış torpaqlarını erməni əsarətin­dən xilas edən Azərbaycan dövlətinin sürətli inkişafını, milli mədəniyyətimi­zi, tarixi abidələrimizi, xalqımızın qo­naqpərvərliyini yaxından görməsi üçün nadir bir imkandır. 

 

Söhbəti apardı:
Kəmalə ABDİNOVA





Müsahibə