Floridada Xocalını anım günü keçiriləcək

post-img

ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsində bu ilin 26 fevralı Xocalını anım günü elan edilib. Bu barədə dairənin meri Daniella Levin Kava və Komissarlar Şurasının sədri Entoni Rodriges bəyannamə imzalayıblar. Məlumatı Diasporla iş üzrə Dövlət Komitəsi verib.

Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 600-dən çox günahsız insanın, mülki şəxsin amansızlıqla qətlə yetirildiyi qeyd olunub. Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch”un Xocalı soyqırımını regionda baş verən ən dəhşətli qətliam adlandırması sənəddə vurğulanıb. Dairə sakinləri Xocalı soyqırımının 33-cü ildönümünü anım günü olaraq xüsusi hörmət və ehtiramla qeyd etməyə dəvət olunub.

Sənəd Floridada fəaliyyət göstərən Azərbaycan–Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə imzalanıb və assosiasiyanın rəhbəri Töhfə Eminovaya təqdim edilib.

Xatırladaq ki, 2006-ci ildə Mayamidə yaradılan bu qurum Azərbaycanın tarixi, mədəniyyəti və çağdaş həqiqətlərinin ABŞ-da təbliği, gənclərimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.

P.ƏMİRCANOV
XQ

Son xəbərlər