Günün mübarək, kapitan!

post-img

Tale bizə SSRİ çempionatlarında Azərbaycanın ən yaxşı komandası “Neftçi”nin şərəfini qorumuş daha bir futbolçunu xatırlamaq, onun 1937-ci ildə həyata vəsiqə almış və hazırda 88 yaşlı kollektivin heyətində keçdiyi yola nəzər salmaq imkanı yaratmışdır.

Bu gün – 22 fevral sabiq FİFA referisi, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin həyatında xüsusi bir gündür. Yaşıl meydanlarda inamlı çıxışı ilə yadda qalmış, bir müddət də komandanı qolunda kapitan sarğısı ilə meydana çıxarmış o uzaq illərdə mərkəz müdafiəçimizin doğum günüdür – 68 yaşının tamam olması münasibətilə təbrikləri qəbul edir.

A.Xudiyev səkkiz il – 1977-1984-cü illərdə SSRİ çempionatlarının güclülər dəstəsində 201 oyunun iştirakçısı olmuşdur. Bir çempionatda ən çox görüşü 1981-ci ildə keçirmişdir – 32 oyun. O, 1977-ci ildə “Neftçi”də çıxışlarına başlayanda komanda dörd illik fasilədən sonra yenicə birinci dəstədən güclülər dəstəsinə qayıtmışdı. Həmin il məşqçilər Xudiyevə 9 oyunda etimad göstərmişlər. Komanda isə 30 görüşdə 27 xal toplayaraq, 16 kollektiv arasında finişə 13-cü çatmışdır. Özünün ilk çempionatında Asimin müdafiə xəttində oyundaşları Rəşid Özbəyov, Asəf Namazov, Arif Orucov, Rafiq Quliyev, Bəxtiyar Qulamov, Valeri Oqerçuk və başqaları olmuşlar.

Bayaq 1981-ci il mövsümünü xatırladıq. İki səbəbdən həmin çempionat üzərində bir qədər ətraflı dayanaq. Əvvəla, 1911-ci ildə (respublikamızda tutbolun tarixi rəsmən həmin ildən hesablanır) meydana çıxmış Azərbaycan futbolunun 1981-ci ildə 70 illiyi qeyd olunmuşdur. “Neftçi” də güclülər dəstəsinə qayıtdıqdan sonra ən yaxşı nəticəsinə məhz həmin il sevinmiş, 32 xalla 10-cu yeri tutmuşdur. İkincisi isə, A. Xudiyev ölkə birinciliyi matçlarında ən çox məhz həmin ildə meydana çıxmış, yuxarıda xatırlatdığımız kimi, 32 görüşdə iştirak etmişdir.

“Neftçi” formasında oynadığı bütün illər ərzində doğma kollektivin, onunla da birlikdə Azərbaycan futbolunun şərəfini layiqincə qorumuş A.Xudiyev daim əzmkar mübarizəsi ilə fərqlənmiş, müdafiənin mərkəzində qapımızın təhlükəsizliyini təmin etmək üçün cəsarətli oyun nümunəsi göstərmişdir.

Bakılı futbolçunun SSRİ-nin olimpiya yığma komandası heyətində iki yoldaşlıq görüşünə cəlb olunduğunu da qeyd edək. Hər iki oyun 1982-ci ildə keçirilmişdir. Sovet kollektivi əvvəlcə öz meydanında Polşa komandasına qalib gəlmiş (2:1), sonra isə səfərdə Trinidad və Tobaqo futbolçuları üzərində qələbə qazanmışdır (5:0).

Coşğun gənclik illərində “Neftçi”yə, Azərbaycan futboluna ürəkdən xidmət etmiş, indi isə onun sadiq pərəstişkarı olan A. Xudiyev bu gün də sevimli idman növündə fəaliyyətini davam etdirir, beynəlxalq rəsmi yarışlarda müxtəlif ölkələrin stadionlarında hakim həmkarlarının işini qiymətləndirir, bu zaman həm də bitərəf azarkeş kimi bir-birindən maraqlı oyunlardan əsl zövq alır. UEFA öz turnirlərində Azərbaycan təmsilçisini görüşlərə hakim-inspektor təyin edərkən yaxşı bilir ki, Tofiq Bəhramov və Eldar Əzimzadə məktəbinin davamçısı ona həvalə edilən işi lazımi səviyyədə yerinə yetirəcək.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman