Qazax: novruzgülü, bir də Göyəzən dağı...

post-img

Səhər tezdəndir. Hara baxırsan, sanki, ağ tül çıxır qarşına, ağappaq tül... Ağacların ətəkləri geniş gəlin paltarına bənzəyir. Parklardakı heykəllər uzaqdan “Şaxta baba”nı xatırladır. Yolların kənarlarına qar topaları yığılsa da, maşınlar çox rahat gedib-gəlirlər. Hiss olunur ki, bu sahəyə məsul şəxslər işlərini əvvəlcədən bilən adamlardır. Baxırsan, şəhər gül kimidir.

Bəli, Qazaxa ilk qar düşüb. Hamı sevinir. Daha çox uşaqlar bu sevinci yaşasalar da, böyüklər də, sanki, bu günü gözləyirmiş. Amma gəlin etiraf edək ki, elə yerlər var nəinki qarın, heç qışın gəlməsini arzulamırlar. Xüsusilə, bəzi şəhər və rayonların kommunal təsərrüfat işçiləri. Çünki qışa əvvəlcədən hazırlıq görməyiblər, texnika vaxtında saz vəziyyətə gətirilməyib, qum, duz tədarükü aparılmayıb və ya kifayət qədər deyil. Qazaxda isə tamam başqa bir vəziyyətdir. Burada iş əvvəlcədən elə qurulub ki, heç kimə heç nə demək, tapşırmaq lazım gəlmir. Məsuliyyətsizliyə rayon rəhbərliyi tərəfindən necə reaksiya veriləcəyini hamı bilir.

Budur, ADA Universitetinin Qazax Mərkəzinin bir qrup tələbəsi imtahana daha yaxşı hazırlaşmaq, həm də qarın sevincini yaşamaq üçün səhər tezdən təhsil ocağına gəliblər. Qeyd edək ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. ADA universitetinin rektoru Hafiz Paşayevin təşəbbüsü ilə burada tarixi binalar çox yüksək səviyyədə bərpa olunmuş, gözəl bir təhsil ocağı yaradılmışdır.

Tələbələrdən birinin əyilib qarı eşələdiyini görürəm. Birdən “tapdım!” deyib qışqırır. Hamı ona tərəf qaçır. Qarın altından tapıb çıxardığı novruzgülünü oxşaya-oxşaya fəxrlə hamıya göstərir. Tələbələrin sevinci sevincə qarışır.

O qədər də hündür olmayan ağaclar pambıq kollarını xatırladır.

Belə havada Qazaxın rəmzi sayılan Göyəzən dağını yaxından görməmək, necə deyərlər, salam verməmək günahdır. Mərkəzdən 20 kilometr aralıda yerləşsə də, yollların açıq olmasından istifadə edərək Göyəzənə yaxınlaşırıq. Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşən dağ qatı dumana bürünüb. Uzaqdan vulkan püskürən dağa bənzəyir. Ətrafda qarın hündürlüyü az qala yarım metrə çatır.

...Qazaxın yazı-yayı kimi, qışı da gözəldir. Adamları ondan da gözəldir! Son illər bu gözəllik hər addımda–tarlada, müəssisədə, məktəbdə, çöldə-biyabanda daha qabarıq hiss olunur. Belə gözəlliyi bu qış günündə bir daha gördük!

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Qazax





Sosial həyat