Təcrübəli pilot: Bu hadisə bir daha Azərbaycan pilotlarının işinin peşəkarı olduğunu göstərdi

post-img

“Qəzaya uğrayan Bakı-Qroznı reysinin kapitanı, 2-ci pilotu və təyyarə bələdçiləri özlərini çox peşəkar aparıblar. Hadisə zamanı ekipaj sərnişinləri xilas etməkdən ötrü “2 cəbhədə savaşıb”. pilotlar idarəetmə sistemləri sıradan çıxmış təyyarəni yerə endirməkdə, təyyarə bələdçiləri isə sərnişinləri qəza enişinə hazırlamaqda peşəkarlıq nümayiş etdiriblər”.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində AZAL-ın təlimatçı-kapitanı Rafiq Hüseynov Bakı-Qroznı uçuşunu yerinə yetirərkən Aktauda qəzaya uğrayan təyyarədə həlak olan həmkarları haqqında danışarkən deyib.

Təcrübəli pilot bildirib ki, aviasiya qaydalarına əsasən yaxınlıqdakı bütün hava limanları problemlə üzləşən təyyarələrə qəza enişi üçün lazımi şərait yaratmalıdır.

“Yaranmış vəziyyətdə bizim fədakar pilotlarımız təyyarəni Aktau şəhərinə çatdırmağa nail olub və qəza enişi ediblər. Əgər aviasiya tarixini araşdırsaq, görərik ki, bu cür qəza enişləri zamanı çox nadir hallarda heyət üzvləri işini peşəkar qaydada yerinə yetirə bilib. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan pilotları, təyyarə bələdçiləri işlərinin peşəkarıdırlar”, - deyə kapitan Rafiq Hüseynov bildirib.

Qəzada həyatını itirən kapitan İqor Kşnyakin ilə hələ sovet dövründə Yevlax aeroportunda işləyərkən tanış olduğunu bildirən Rafiq Hüseynov deyib ki, sonradan onunla birlikdə Bakı aeroportunda çalışıb. İqor Kşnyakin həmişə sakit, təmkinli, gülərüz, mehriban, öz işinin ustası olub. Bütün iş yoldaşları da ona daim hörmətlə yanaşar, onun peşəkarlığını, ustalığını yüksək qiymətləndirərdilər.

AZAL-ın Pilotların Hazırlığı Mərkəzində plana uyğun olaraq məşqlər keçirildiyini bildirən təlimatçı kapitan R.Hüseynov əlavə edib: “Həmin mərkəzdə biz qəza hadisəsi baş verərkən pilotların, ekipaj üzvlərinin necə davranmalı olmalarına dair məşqlər keçirik. İqor Kşnyakin də bu işlərin çox böyük mütəxəssisi idi. O, öz təcrübəsi əsasında formalaşdırdığı biliklərini, bacarıqlarını həmin məşqlərdə bölüşürdü”.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər, o cümlədən heyət üzvləri - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva həlak olub, 29 nəfər yaralanıb.

Son xəbərlər