“Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitabının təqdimatı olub

post-img

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevin muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitabının təqdimat mərasimi keçirilib. 

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli Sərəncamı ilə muxtar respublikanın 100 illik yubileyi geniş şəkildə qeyd olundu. Türkiyə Respublikasının bir sıra şəhərində,ölkəmizin regionlarında, o cümlədən Bakıda və Naxçıvanda silsilə yubiley tədbirləri keçirildi. Naxçıvan Dövlət Universitetinin alim və pedaqoji heyəti muxtar respublikanın tarixi, mədəniyyəti və ədəbiyyatının araşdırılması istiqamətində elmi-tədqiqatlar apardı, monoqrafiyalar, əsərlər ərsəyə gətirildi.

Rektor qeyd edib ki, Ali Məclis sədrinin müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevin uzunmüddətli elmi tədqiqatlarının nəticəsi olaraq işıq üzü görən “Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitabı Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş dəyərli əsərdir. Çox aktual və əhəmiyyətli bir mövzuya həsr olunan kitabda Naxçıvan diyarı və onun tarixi, siyasi, mədəni və ictimai mərkəzi olan Naxçıvan şəhərindən söhbət açılır. Nəşrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan şəhərinin XIX əsr tarixi kompleks şəkildə araşdırılır. Naxçıvan şəhərinin Rusiya imperiyası tərəfindən işğalı, bölgənin inzibati-ərazi quruluşunda dəyişikliklər və idarəçilik sistemi, sosial-iqtisadi və mədəni həyatı, ermənilərin Naxçıvana köçürülməsi elmi dövriyyəyə yeni cəlb edilmiş sənəd və materiallar əsasında öyrənilir. Əsər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tarixinin digər istiqamətləri kimi şəhər tarixinin öyrənilməsi, tədqiqatçılar, alimlər, tələbə və magistrantlar üçün zəngin mənbə rolunu oynayır. 

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix elmləri doktoru Emin Şıxəliyev, Naxçıvan Dövlət Universitetinin məsləhətçi-professoru, tarix elmləri doktoru Hacı Fəxrəddin Səfərli, universitetin Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev və Ali Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov çıxış ediblər. Çıxışlarda kitabın Azərbaycan və Naxçıvan tarixşünaslığının araşdırılıb öyrənilməsindəki rolundan ətraflı söhbət açılıb. Qeyd edilib ki, əsərdə XIX əsr Naxçıvan tarixi, şəhərin elmi mühiti, ictimai, siyasi həyatı dərin şəkildə tədqiqata cəlb olunaraq öyrənilib, nəşr yubiley ilinə mühüm töhfə olaraq ithaf edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, tarix üzrə fəlsəfə doktoru, müəllif Arzu Abdullayev təqdimat mərasimin təşkilinə, səslənən fikirlərə görə təşəkkür edib. Bildirib ki, çıxışlarda da qeyd olunduğu kimi, Ümummilli Liderimiz Heydər Əliyev XIX və XX əsr Azərbaycan tarixinin tədqiq olunmasını, araşdırılıb öyrənilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Bu baxımdan “Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitabı bu vəzifənin icrası istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Əsər eyni zamanda dövlət başçısı cənab İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama, muxtar respublikanın inkişafı naminə həyata keçirdiyi tədbirlərə minnətdarlıq hissinin ifadəsidir.

 

 

 













Sosial həyat