Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Bakıda keçirilən Dünya dini liderlərinin qlobal Sammiti noyabrın 6-da başa çatıb.
Sammit işini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçirilən plenar iclasla davam etdirib.
Tolerantlıq və Sülh uğrunda Qlobal Şuranın sədri Ahmed Mohamed Aljarwan Alshamsi, Misir diyarının Baş müftisinin müşaviri İbrahim Neqm, Mərmərə Qrupu Fondunun prezidenti Akkan Suver, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Nuriddin Kholiknazar, Finlandiya Dinlərarası Əməkdaşlıq üzrə Milli Forumunun prezidenti Atik Ali, Türkiyənin cəfəri şiə icmasının başçısı Selahitdin Özgündüz, İordaniya Dinlərarası birgə yaşayış araşdırma Mərkəzinin direktoru Nəbil Həddad, Ümumafrika Kilsələr konfransının Baş katibi Fidon Mvombeki və digər çıxışçılar bütün yaradılanlara hörmət etməyin əhəmiyyəti, qlobal dəstəyi gücləndirmək, ətraf mühitin toxunulmazlığı, müqəddəsliyi, birgə fəaliyyətin vacibliyi barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Onlar Sammitə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin yekun sənədi - Bakı Bəyannaməsi və Dünya dini liderlərinin müraciəti qəbul edilib. Sammit iştirakçıları, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.
XQ