18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində apardığı müdrik siyasətdən danışıblar. Ümummilli liderin strateji kursunun hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanın hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşadığı diqqətə çatdırılıb.
Keçirilən tədbirlər zamanı vətənpərvərlik mövzusunda sənədli filmlər və bədii kompozisiyalar təqdim edilib, şəhidlərimizin məzarları və tarixi muzeylər ziyarət olunub.
***
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İtaliya Respublikasının Baş Qərargahı arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı”na əsasən, Bakı şəhərində “Qərargah danışıqları” keçirilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələr arasında güclənən əlaqələrin hərb sahəsinə də müsbət təsirinin olduğu qeyd edilib.
Cari dövrdə həm regional, həm də beynəlxalq təhlükəsizliyin önəmindən danışan tərəflər dünyada sülhün təmin olunması üçün birgə çalışmağın əhəmiyyətini vurğulayıblar. Azərbaycan və İtaliyanın hərb sahəsində qurulan əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Hərbi-texniki, hərbi təhsil sahələri üzrə əməkdaşlıq fəaliyyətləri təhlil olunub. Təqdim olunan brifinqlərdən sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
***
Müdafiə Nazirliyinin hərbi hüquqşünaslarından ibarət nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib.
Nazirliyin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay ilə görüşüb.
Görüşdə silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə hüququn inteqrasiyası və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
XQ