Dövlət müstəqilliyinin bərpasının təməllərini Ümummilli lider Heydər Əliyev Naxçıvanda yaratmışdı
1988-ci ildən SSRİ rəhbərliyinin, xüsusilə M.Qorbaçovun Dağlıq Qarabağda başlanan erməni separatizmini dəstəkləməsi və yürütdüyü ermənipərəst siyasət Azərbaycan cəmiyyətində Moskvaya qarşı ciddi narazılıq yaratmış, narazı əhalinin mərkəzi və yerli hakimiyyət strukturlarının qərarlarına qarşı pərakəndə də olsa etirazı başlamışdı. Əhali SSRİ rəhbərliyindən Dağlıq Qarabağla bağlı ədalətli və obyektiv mövqe tutmasını, Azərbaycanın suveren hüquqlarının qorunmasını və s. tələb edirdi. Həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi kütlələr arasında müəyyən populyarlıq qazansa da, əhalinin bir çox təbəqələri, xüsusilə də ziyalılar, texnokratlar və təsərrüfat fəalları ona o qədər də etibar etmirdilər. Sovet İttifaqı rəhbərliyi artan narazılığın səbəblərini araşdırmaq və hüquq çərçivəsində tədbirlər görmək əvəzinə, kütləvi cəza vasitəsilə xalqı qorxutmaq yolunu seçdi və 1990-cı il yanvarın 20-də Bakıda qanlı faciə törətdi.
Sovet qoşunlarının Bakıda törətdiyi qırğın Azərbaycan xalqının həm SSRİ, həm də respublika rəhbərliyinə qarşı narazılığı və nifrətini daha da gücləndirdi, hərəkat milli azadlıq mübarizəsi mərhələsinə keçdi. Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, kəskin bəyanat səsləndirməsi, SSRİ və Azərbaycan rəhbərlərini ittiham etməsi, 1990-cı il iyulun 20-də Vətənə qayıtması xalq hərəkatına həm yeni nəfəs və həm də yeni istiqamət verdi. İyulun 22-də Naxçıvana üz tutan Ulu öndər 1990-cı ilin avqust ayında qədirbilən Naxçıvan əhalisinin kütləvi dəstəyi ilə həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinə deputat seçildi.
Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına deputatlar tərəfindən iclasa sədrlik Heydər Əliyevə həvalə edildi. İclasda onun təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet” və “sosialist” sözləri çıxarıldı.
Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında o da analoji qərarlar qəbul etsin.
1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi ilə milli-azadlıq hərəkatının mərkəzi də Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri də məhz Heydər Əliyev oldu. Nəticədə Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu, əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi dünyagörüşlü ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəalları belə Heydər Əliyevin ətrafında toplaşmağa başladılar.
1991-ci ilin 18 Oktyabrına gedən yol gərgin ictimai-siyasi proseslər və o zamankı hakimiyyətin yaratdığı süni maneələrlə müşayiət olunurdu. 1991-ci ildə İttifaqda, həmçinin Cənubi Qafqazda baş verən hadisələr göstərirdi ki, SSRİ-nin süqutu labüddür. Moskva SSRİ-ni xilas etmək üçün “SSRİ-nin taleyi” məsələsini ortaya atdı. Yeni İttifaq müqaviləsi hazırlanaraq mətbuatda dərc edildi. Layihənin hazırlanmasının iştirakçısı olan Azərbaycan rəhbərliyinin SSRİ Ali Sovetinin sessiyasında onu müdafiə etməsi respublikada birmənalı qarşılanmadı. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasında Heydər Əliyev SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda iştirak etməyin əleyhinə çıxsa da, kommunistlər birləşib referendumda Azərbaycanın iştirakı haqqında qərar qəbul etdilər. Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində referendumda iştirak etməmək haqqında qərar qəbul olundu. Azərbaycan hakimiyyəti Qarabağda respublika suverenliyinin təmini ilə əlaqədar SSRİ rəhbərliyinin vədinə inanaraq referendumda iştirak etməklə martın 17-də keçirilmiş “referen-dum”un nəticələri saxtalaşdırdı.
Naxçıvan Muxtar Respublikası referendumda iştirak etmədiyi üçün ona qarşı təzyiqlər genişləndi.
SSRİ Prezidenti M.Qorbaçovun iştirakı ilə 1991-ci il aprelin 23-də Novo-Oqoryovada SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumu keçirmiş doqquz respublika rəhbərinin görüşü oldu. Görüşdə yeni İttifaq müqaviləsinin imzalanması, konstitusiyanın qəbulu, İttifaq respublikalarında yeni seçkilərin keçirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətləri haqqında birgə yekun bəyanat qəbul olundu. Yeni İttifaq müqaviləsi üzərində iş iyun ayının 17-də başa çatdı və onun yekun layihəsi müttəfiq respublikalarının Ali Sovetlərinə göndərildi.
Azərbaycan SSR Ali Sovetinin sessiyası 1991-ci il iyunun 26-da yeni İttifaq müqaviləsini imzalamaq məqsədilə nümayəndə heyəti seçdi. İyulun 23-də Novo-Oqoryovada respublikaların və mərkəzi rəhbərliyin iştirakı ilə keçirilən iclasda yeni İttifaq müqaviləsinin 1991-ci il avqustun 20-də imzalanması qərara alındı.
Heydər Əliyev imperiyanı qoruyub saxlamağa çalışan qüvvələrə, ilk növbədə, Kommunist Partiyasına və Sovet hökumətinə açıq etirazını bildirdi, onların riyakar siyasətini ifşa etdi. Ulu öndər 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarından çıxdı.
Azərbaycanda irticaya tərəfdar olan qüvvələrə qarşı mübarizə başlandı. Avqustun 22-də fövqəladə vəziyyətin hökm sürdüyü Bakının Nizami meydanında izdihamlı mitinq oldu. Burada respublika rəhbərliyinin dövlət çevrilişinə müsbət münasibəti pislənildi. Mitinq zorla dağıdıldı və onun təşkilatçıları həbs edildi. Avqustun 23-də Azərbaycan Xalq Cəbhəsi (AXC) qərargahı qarşısındakı mitinqdə dinc əhaliyə qarşı güc tətbiq edildi, adamlar xəsarət aldılar. Əhaliyə qarşı bütün zorakılıqlara baxmayaraq avqustun 25–27-də Bakının Azadlıq meydanında bir milyona yaxın adamın iştirak etdiyi mitinqlər keçirildi.
Naxçıvanda üç gün davam edən və 60 mindən çox adamın iştirak etdiyi izdihamlı mitinq və nümayişlər nəticəsində xalq avqustun 26-da Muxtar Respublika Ali Məclisinin fövqəladə sessiyasının açılmasına nail oldu. Sessiyanın qərarına əsasən, Muxtar Respublika ərazisində Azərbaycan Kommunist Partiyasının və komsomolun fəaliyyəti dayandırıldı, onların bütün strukturları ləğv olundu. Mitinqlərdə respublikada prezident seçkilərinin dayandırılması, parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi, Kommunist Partiyası hakimiyyətinin, fövqəladə vəziyyətin ləğv edilməsi, Qarabağda Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti tədbirlər görülməsi tələb edilirdi.
Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edil-məsi haqqında Bəyannamə qəbul etdi.
Sessiyada az əvvəl keçirilmiş referendum nəticələrinin ləğv edilməsi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamənin legitimliyini təmin etmək üçün yeni referendum keçirilməsi haqqında Heydər Əliyevin tələbi Azərbaycan ha-kimiyyəti tərəfindən müsbət qarşılanmadı. Belə olan halda Naxçıvan MR Ali Məclisi 1991-ci il sentyabrın 3-də Heydər Əliyevi Ali Məclisin sədri seçdi. Ali Məclisinin qərarı ilə Naxçıvan ərazisində prezident seçkiləri dayandırıldı. Sentyabrın 8-də keçirilən prezident seçkilərində iqtidar xalq arasında böyük nüfuza malik olan Heydər Əliyevin prezident seçilə biləcəyindən təşvişə düşüb qanuna yaş senzi (65 yaşa qədər) və son beş ildə Azərbaycanda yaşamaq haqqında tələbi daxil edildi. Xalq bu məhdudiyyətlərin götürülməsini tələb edir, mitinqlər keçirirdi. Lakin 8 sentyabr seçkilərinin nəticələrinə görə A.Mütəllibov yenidən prezident elan olundu. Keçmiş ittifaq respublikaları prezidentləri arasında A.Mütəllibov ümumxalq səsverməsi yolu ilə seçilən dördüncü prezident (B.Yeltsin, Z.Qamsaxurdiya, L.Ter-Petrosyan) idi.
XX yüzilliyin sonunda ikinci dəfə müstəqillik bayrağını qaldıran Azərbaycan xalqının həyatında baş verən hadisələrdən biri 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi oldu.
Oktyabrın 18-də XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasına Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının layihəsini təqdim etdildi.
6 bölmə, 32 maddədən ibarət olan Konstitusiya aktında yazılırdı ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsini qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi. Azərbaycan Respublikasının Ali Soveti 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal bəyannaməsini, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsini rəhbər tutaraq konstitusiya aktını qəbul etdi.
Konstitusiya aktının yekun müddəalarında qeyd olunurdu ki, SSRİ-nin hələ mövcud olduğu şəraitdə dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul edilməsi ilə Azərbaycan xalqı 1920-ci ilin aprel ayında bolşevik Rusiyasının işğalı nəticəsində son qoyulmuş müstəqil dövlətini bərpa edir. Aktda Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunurdu.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991-ci il), Pakistan (13 dekabr 1991-ci il), İsveçrə (23 dekabr 1991-ci il), İran İslam Respublikası (25 dekabr 1991-ci il), ABŞ (23 yanvar 1992-ci il), Rusiya Federasiyası (10 aprel 1992-ci il – 109-cu döv-lət olaraq) və başqa dövlətlər tanıdılar.
Mais ƏMRAHOV,
AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor