33 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Akt 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra qazanıb. Ulu öndər ölkədə qazanılmış müstəqilliyi qoruyub möhkəmləndirmək üçün xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırıb.
2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib. Tarixi sənədə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.
Artıq 1 qərinədir ki, xalqımıza milli azadlığını qazandırmış 18 oktyabr günü ölkəmizdə ən əziz günlərdən biri kimi təntənə ilə qeyd olunur. Dünən Milli Məclis Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Birinci vitse-prezident Mehriban Əliyeva isə Müstəqilliyin Bərpası Günü münasibətilə rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib.
Hər il olduğu kimi, bu il də 18 oktyabrda müstəqilliyimizin bərpası ilə bağlı ölkəmizin müxtəlif yerlərində silsilə mədəni-kütləvi tədbirlər keçirilir.
Bakı
Müstəqilliyin Bərpası Günü münasibətilə Yasamal rayonunda bayram konserti keçirilib.
Azərbaycan Milli Konservatoriyasında keçirilən şənlikdə “Vətənim” adlı konsert proqramı təqdim edilib. Proqramı Xalq artisti Siyavuş Kərimi və Əməkdar artist Ramil Qasımov təqdim ediblər. Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Göydəniz Qəhrəmanov, Polad Bülbüloğlu, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, həmçinin incəsənət xadimləri və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
***
Milli Kitabxanada Müstəqilliyin Bərpası Günü münasibətilə virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Sərgidə mövzu ilə bağlı fotolar, ölkəmizin müstəqillik tarixi, inkişaf yolu, xarici siyasəti ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc edilən məqalələr nümayiş olunur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında da Müstəqilliyin Bərpası Günü ilə əlaqədar elektron məlumat bazası, virtual və ənənəvi kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, elektron bazada bu günün təsis edilməsinə dair qəbul edilən rəsmi sənədlər, görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər, “Müstəqilliyin bərpası və qorunub saxlanılması”, “Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”, “Heydər Əliyev yolunun davamçısı” kimi tam mətnlər, Azərbaycan Respublikasının dövlət simvolları haqqında məlumatlar yer alır. Bunlarla yanaşı, virtual kitab sərgisində “Heydər Əliyev. Azərbaycan Parlamenti”, “İlham Əliyev. İnkişaf – məqsədimizdir”, “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev – İlham Əliyev. Azərbaycançılığın Zəfər yolu”, “Müstəqillik yollarında: Liderlik missiyası”, “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri nümayiş olunur.
***
Hərb Tarixi Muzeyində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 33 illiyi münasibətilə “Milli sərvətimiz – müstəqilliyimiz!” adlı tədbir keçirilib.
Muzeyin mətbuat xidmətindən bildirilib ki, tədbirdə A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin, Bakı Hərbi Kollecinin, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin “Xalqımızı müstəqilliyə aparan yol”, muzeyin təd-
qiqatçı-baş elmi işçisi Vahid İsmayılovun “Müstəqillik uğrunda milli azadlıq mübarizəsi” mövzusunda məruzələri dinlənilib və müzakirələr aparılıb.
***
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib.
“Müstəqilliyimizin bərpası: tarixin işığında”, “Müstəqilliyimiz əbədidir”, “Biz azadıq, biz müstəqilik”, “Müstəqilliyin Bərpası Günü”, “Vətən mənim bugünüm”, “Müstəqil Azərbaycan” adlı tədbirlərdə BŞTİ-nin, rayon icra hakimiyyətlərinin, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər. Azərbaycanın müstəqilliyinin bərpasının 33-cü ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılarla Vətənə olan sevgilərini nümayiş etdiriblər. Tədbirlərdə müstəqillik tariximizdən bəhs edən video-
çarx və sənədli filmlər də nümayiş etdirilib.
***
Müstəqilliyin Bərpası Günü münasibətilə ölkənin şəhər və rayonlarında da silsilə mərasimlər, şənliklər keçirilib.
Naxçıvan
Naxçıvan Müəllimlər İnstitutunda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş mərasimdə çıxış edən institutun rektoru Azad Novruzov Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasından bəhs edərkən bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Odur ki, bu gün Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Sonra günün anlam mahiyyətini əks etdirən qısametrajlı videorolik nümayiş olunub, institutun tələbələrinin iştirakı ilə hazırlanan tədbirin bədii hissəsində vətənpərliyə həsr olunmuş müxtəlif məzmunlu şeirlər, solo mahnılar ifa edilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda da Müstəqilliyin Bərpası Günü ilə əlaqədar sərgi açılıb.
Gəncə
Gəncə Dövlət Universitetində “Azadlığımızın şərəfli tarixi – 18 Oktyabr Müstəqilliyin Bərpası Günü”nə həsr edilən toplantı keçirilib. Universitetin prorektoru Gülsüm Fətəliyeva çıxış edərək dövlət müstəqilliyinin əldə edilməsinin tarixi hadisə olduğunu bildirib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və əbədiliyi təmin edilir. Daha sonra universitetin kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev “Yüksələn və yeniləşən Azərbaycan” adlı məruzəsində ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olduğunu vurğulayıb.
Lənkəran
Lənkəranda da “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda şənlik təşkil olunub.
DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, Lənkəran İslam Kollecinin direktor müavini Cəmaləddin Quliyev və tələbələr iştirak ediblər.
Kəlbəcər
Kəlbəcər Rayon İcra Hakimiyyətində 18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Əslində, Azərbaycan əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.
Cəbrayıl
Cəbrayıl rayonunda Müstəqilliyin Bərpası Gününün 33-cü ildönümü münasibəti ilə təntənəli mərasim keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov iştirakçıları müstəqilliyimizin bərpasının
33-cü ildönümü münasibətilə təbrik edib. İcra başçısı qeyd edib ki, artıq ölkəmiz Heydər Əliyevin yaratdığı siyasi məktəbin davamçısı, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlətdir. Xalqımız azaddır, müstəqildir, sərbəstdir. Son 21 il müxtəlif tarixi hadisələrlə zəngin bir dövr kimi tariximizə yazıldı.
Xaçmaz
Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova bildirib ki, müstəqilliyin ilk illərində xalqımızın yenidən onu itirmək təhlükəsi ilə üzləşdib, böyük siyasi təcrübəyə malik olan
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşub, ölkənin möhkəm əsaslar üzərində yeni inkişaf xətti müəyən edilib. Digər çıxış edənlər də ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutması nəticəsində müstəqilliyimizin daha da möhkəmlənməsindən söz açıblar.
Hazırladı:
Rizvan FİKRƏTOĞLU
XQ