Yaxud, dövlətsizlik cəzasına aparan yol
Ermənistan baş naziri Nikol Paşinyanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Renderforest kompaniyasını ziyarəti zamanı etdiyi çıxışda bir neçə maraqlı məqam var. Ən maraqlısı isə erməni baş nazirin optimizmi və həmin optimizm fonunda “Real Ermənistan” məsələsini gündəmə gətirməsidir. Əvvəlcə Nikolun fikrini əsaslandırmaq üçün dediklərinə diqqət yetirək: “Çoxlarına qəribə gələcək açıqlama vermək istəyirəm”.
Deməli, Paşinyan hələ öncədən də söyləyəcəklərinin mənasız olduğunu bilir, amma yenə danışır. O deyir ki, Ermənistanın gələcəyi ilə bağlı 2018 və ya 2019-cu ilə nisbətən daha nikbindir. Erməni baş nazir fikirlərini ətraf mühit müstəvisində dilə gətirsə də, tam hiss olunur ki, vurğuladığı cəhət fərqlidir. Yəni Nikol söhbəti siyasətə çəkir.
Baş nazir 2018-ci və 2019-cu illərdə gələcək, ona aparan yollar haqqında düşünərkən, heç nəyin davamını görməyərək, dalana dirəndiyini bildirib. Onun 2018-ci ildə hakimiyyətə gəldiyi, 2019-cu ildə isə iqtidar kürsüsünü möhkəmləndirərək, sərsəm bəyanatlar verdiyi məlumdur. Söhbət “Qarabağ Ermənistandır və nöqtə” bəyanatından gedir. Belə nəticəyə gəlmək mümkündür ki, sözügedən bəyanat erməni hökumət rəhbərinin dalana dirəndiyi dövrün məhsuludur. Nəticə hasil olur ki, o, həmin vaxt gələcəklə bağlı heç bir ümidi olmadığından, psixoloji sarsıntı keçiribmiş. El misalında deyildiyi kimi, keçinin buynuzu qaşınanda, çobanın çomağına sürtünər.
Bəli, N.Paşinyan hakimiyyəti başda olmaqla, bütövlükdə Ermənistanı Azərbaycanın “dəmir yumruğ”u qəflət yuxusundan ayıltdı. Nəzərə alaq ki, bəzən psixoloji sarsıntılı adamı da, cəmiyyəti də müalicənin zor yolu var. Ancaq o halda ki, xəstəlik şizofreniya mərhələsinə daxil olmasın. Nikol bu gün gələcəyə optimist yanaşdığını dilə gətirirsə, belə qənaətə gəlmək olar ki, hazırda onun durumu daha pisdir. Çünki 2018 və 2019-cu illərdə Paşinyan nəyisə görməyə bilərdi, ancaq indi görməyə məhkumdur. Bunu dərk edirmi? Əlbəttə ki, yox!
N.Paşinyan deyir ki, hazırda vəziyyət bir qədər fərqli olsa da, çoxlu risk görsə də, onları aradan qaldırmaq və idarə etmək imkanları və gələcək yolun davamı var. Belə yanaşma, müəyyən mənada, müsbət sayıla bilər. Bəs nəyə görə Nikollu Ermənistanın vəziyyətini pis kimi qiymətləndiririk? Nə üçün hesab edirik ki, ölkə ilə bağlı nikbin olmaq pafosdur?
Diqqət yetirək, erməni baş nazir düşüncəsini əsaslandırmaq üçün bildirir: “Bu yolun sonu nədir və ya praktikada tətbiq etmək istədiyimiz bu yolun nəzəri məqsədi nədir? Biz bunu “Real Ermənistan” anlayışı adlandırırıq və bu, birbaşa dövlət anlayışı ilə bağlıdır. Mənası belədir: Ermənistan Respublikasının və bütövlükdə dövlətin çox praktik məqsədi var və onlar öz vətəndaşlarının rifahını təmin etmək üçün alətdir. Bu, daha böyük və daha iddialı dövlətin yaradılması üçün alət, baza və ya tramplin yox, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində öz vətəndaşlarının rifahını təmin etmək üçün bir vasitədir”.
“Real Ermənistan” və “böyük və iddialı dövlət”. Deməli, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ikinci deyimin təsiri altında verib. 44 günlük müharibədəki rüsvayçı məğlubiyyət isə Ermənistana real yanaşmaq zərurəti formalaşdırıb. Ancaq zərurətin dərkində problemlər var. Problemlər var ki, Paşinyan və komandası 2020-ci ildən bəri manipulyasiya etməklə, Azərbaycanla sülh məsələsində müxtəlif məqamları reallıq kimi təqdim etməklə məşğuldurlar. Nəhayət, Ermənistan Qarabağ avantürasından əl çəkibmi? Xeyr! Bu gün də “Qarabağ kartı” ölkənin anti-Azərbaycan təbliğatında mühüm vasitədirsə, deməli, Nikolun haqqında söz açdığı təfəkkür yoxdur. Xəstə erməni cəmiyyətini bir kənara qoyaq, rəsmi İrəvanın özü də “Real Ermənistan” məntiqindən uzaqdır.
N.Paşinyan “Real Ermənistan”ın hədəfinin əhalinin rifahı olduğunu deyir, amma bu rifah naminə ən optimal yolu seçmir, ərazi bütövlüyü və suverenlik iddialarına baş vurur. Onun yanaşması haradansa bu iki anlayış barədə eşitdiklərinin məcmusudur. Məsələ ondadır ki, əslində, Ermənistan heç zaman real dövlət olmayıb. 1830-cu ildən, hətta bir qədər əvvəldən başlayaraq, ermənilərin Cənubi Qafqaza köçü başlayıb. Bu, məqsədli şəkildə reallaşdırılmış proses olub.
İmperialist dairələr Türk dünyasını parçalamağın Cənubi Qafqaz seqmentini işə saldılar və erməniləri alət kimi istifadə edərək, niyyətlərini gerçəkləşdirdilər. 1849-cu ildə bölgədə erməni vilayəti yaradıldı. Sonradan, yəni 1918-ci ildə o vilayət dövlətə çevrildi. Yenə də reallıqdan uzaq bir şəkildə həmin dövlətə qədim Azərbaycan və türk yurdu olan İrəvan paytaxt verildi. Ancaq erməni qövmü əldə olunmuşlarla kifayətlənmədi, yeni torpaqlar əldə etməyə başladı. Söhbət keçmiş SSRİ zamanında ermənilərə peşkəş edilən Azərbaycan ərazilərindən gedir.
SSRİ-nin süqutu ilə N.Paşinyanın barəsində söz açdığı “Real Ermənistan”ın yaranması mümkünləşdi. Ancaq 1991-ci ilədək yaşananlar göstərirdi ki, bu, baş verməyəcək. Axı 1988-ci ildən erməni millətçilərinin Qarabağ avantürası vüsət aldı. 1991-ci ildən sonra isə avantüra özünü işğalçılıq mahiyyətinə köklədi. Deməli, “Real Ermənistan”ın yaranma şansı itirildi. Beləcə otuz ilə yaxın bir zaman da fövtə verildi.
Bəli, 2018-ci ildə N.Paşinyanın hakimiyyətə gəlməsi ilə də “Real Ermənistan”ın formalaşması üçün yaxşı fürsət yaranmışdı. Nəzərə alaq ki, Nikol iqtidara yiyələnməzdən əvvəl Qarabağı Ermənistanın çiyinlərindən asılmış ağır daş kimi göstərmiş və bildirmişdi ki, ölkə bu daşı üzərindən atmalıdır. Yəni, Paşinyan bu ideya ilə baş nazirliyə yüksəlmişdi. Ancaq o, kresloda möhkəmləndikdən sonra əvvəldə qeyd etdiyimiz “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirdi. Deməli, şans əldə çıxdı. Halbuki, heç bir müharibəsiz filansız torpaqları qaytara və Azərbaycanın o zamankı güzəştlərindən faydalana bilərdi...
Bir məqamı da vurğulayaq ki, hakimiyyətlər dövlət üçün cavabdehdir. Bu mənada, demək olmazdı ki, Paşinyan özündən əvvəlki erməni iqtidarının hərəkət və davranışları üçün tamamilə məsuliyyət daşımırdı. Daşıyırdı, ancaq Nikol Köçəryan – Sarkisyan tandeminin uzun müddət formalaşdırdığı erməni obrazının mənfi təsirlərini minimallaşdırmaq imkanında idi. Ancaq...
44 günlük müharibə ona görə baş verdi ki, Paşinyan hakimiyyəti “Real Ermənistan”ı deyil, qeyri-real Ermənistanı seçdi. Məsələnin qlobal tərəflərinə diqqət yetirmək, Nikolun Qərbin təhriki ilə müharibəyə başlamasından söz açmaq fikrindən uzağıq. Hər halda, Qərbin aləti olmağa, ümumən alətə çevrilməyə razılıq da reallıq hissini itirmək, avantüraya meydan verməkdir.
Bəli, Paşinyan hakimiyyəti 44 günlük müharibədən sonra da avantüraya getdisə, Qarabağdakı erməni silahlılarını ərazidən çəkmədisə, mina terroruna rəvac verdisə, deməli, yenə “Real Ermənistan” ideyasından uzaq durdu. Yaxşı, tutaq ki, Paşinyan özündən əvvəlki hakimiyyətlərin hərəkətlərinə görə cavabdeh deyildi, bəs onun özü? Axı 44 günlük müharibə də, lokal xarakterli antiterror tədbirləri də, onun ayağına yazılmalıdır.
Yəni Paşinyan hakimiyyətinin həm əvvəlki, həm də hazırda davam edən destruktivliyi “Real Ermənistan” ideyasından uzaq düşməsidir. Daha doğrusu, bu ideyanın beşiyindəcə boğulmasıdır. Rəsmi İrəvan indinin özündə də hərəkət və davranışlarında səmimi deyil və qeyri-səmimiliyinin müxtəlif aspektlərini vurğuladıq. Bəs bütün bunların cəzası olmamalıdır, ya yox? Əlbəttə ki, olmalıdır! Məsələ ondadır ki, Paşinyan hakimiyyəti hazırda tutduğu mövqe, hərəkət və davranışları ilə məhz həmin cəzaya doğru gedir. Cəzanın isə adı var – dövlətsiz ermənilər.
Bu boyda oyun çıxart, axırda da de ki, “Real Ermənistan”. Yoxdur elə bir dünya! Çünki “Real Ermənistan”da yaşamaq istəyən, bu təfəkkürdə olan, yalnız rifahı və asayişi düşünən erməni, böyük ölçüdə, yox dərəcəsindədir. Durumun günahkarları isə erməni hakimiyyəti adına iddialılardır. O cümlədən, Nikol Paşinyan.
Ə.CAHANGİROĞLU
XQ