Sülh gündəlik, həftəlik, aylıq prosesdir ki, tədricən fikirləri dəyişir, köhnə əngəlləri yavaş-yavaş dağıdır, sakitcə yeni strukturlar yaradır.
Con Kennedi
Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında risklərin artdığını siyasilər etiraf edirlər. Bunun başlıca səbəbi böyük güclərin regionda nüfuz və marağın təminatı uğrunda yeni mübarizə səviyyəsinə keçmələri ilə əlaqələndirilir. Eyni zamanda, iki istiqamətdən – Yaxın Şərqdən və Şərqi Avropadan təhlükələr yaxın məkanlara yayılmaqdadır. Həmn regionlardan qaynaqlanan qeyri-sabitlik, xaos və hərbi toqquşmalar riskinin çoxalması qarşısında Cənubi Qafqazın təhlükəsizliklə bağlı nəticəverici addımlar atması lazımdır. Ancaq təcrübə göstərir ki, bu məsələ o qədər də sadə deyildir. Onun da bir neçə özəl səbəbləri var.
Regional səbəblər
Burada üç məsələ “3+3”-ün reallaşmasına əngəl olaraq qalır. Birincisi, İranın əsaslandırılmamış etirazları. İkincisi, Ermənistanın Azərbaycanla sülh müqaviləsini ədalətli və səmimi yanaşma əsasında imzalamaqdan müxtəlif bəhanələrlə yayınması. Üçüncüsü, hələ də normallaşmayan Rusiya – Gürcüstan münasibətləri.
Bu neqativ faktorların təsiri hələ də qalmaqdadır. Siyasətçilərin və diplomatların ciddi səylərinə baxmayaraq vurğulanan üç səbəbi ortaq müsbət nəticəverici “sahəyə” gətirmək mümkün olmamışdır. Bunu həmin formatda keçirilən ilk iki görüşün nəticələri sübut edir. Hələlik, “3+3”-ə daxil olan ölkələr tam tərkibdə görüşməmişlər. Rəsmi Tbilisi Rusiya nümayəndələri ilə müzakirələrdə iştirak etməyəcəklərində israrlıdırlar. Hətta, 2021-ci ildə həmin formatın Moskvada keçirilən ilk iclasında Gürcüstanın bayrağının da qoyulmasına rəsmi Tbilisi etiraz etmişdi.
Gürcüstan XİN bununla bağlı yaydığı bəyanatda bildirmişdi: “Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub və bu, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Biz buna müvafiq diplomatik kanallar vasitəsilə reaksiya vermişik”.
Tehrandakı ikinci müzakirədə də Gürcüstan iştirak etmədi. Ermənistan isə iştirak etsə də, orada alınan qərarlara əməl etmir. Rəsmi İrəvan hələlik havadarlarının məsləhəti ilə alternativ platformalardan dəm vurur. Eyni zamanda, formal olaraq “3+3”-dən də imtina etmir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın üçüncü İstanbul görüşünə qatılması bu baxımdan təsadüfi deyildir.
Ancaq “3+3”-ə törədilən maneələr regional miqyasla məhdudlaşmır.
Qərbin qeyri-konstruktiv yanaşması
Açıq demək gərəkdir ki, arxa planda Ermənistan və Gürcüstanın “3+3”-ə yanaşmasında qeyri-müəyyən və nəticəverici olmayan mövqe nümayiş etdirmələrində Qərbin ciddi təhrikedici payı vardır. İlk növbədə ABŞ və Avropa İttifaqı (Aİ) Tbilisini hər fürsətdə anti-Rusiya mövqeyinə sürükləyir. Onlar bir tərəfdən, münaqişələrin siyasi-diplomatik həllindən bəhs edirlər, digər tərəfdən isə Cənubi Qafqazda bu prinsipə əməl olunmaması üçün əllərindən gələni edirlər. Bu kimi saxta yanaşmaların nəticəsidir ki, hələ də Rusiya ilə Gürcüstan düşmən kimidirlər.
Ermənistan istiqamətində Qərbin fəaliyyəti bundan fərqli deyildir. Lakin burada məqsəd daha konkret qoyulur: Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda yaranmış müsbət geosiyasi dinamikanı pozmaq. Buna görə də Qərbin “3+3” formatına real dəstək verəcəyini və ya rəsmi İrəvana bu prosesdə səmimi iştrak etməsini tövsiyə edəcəyini gözləmək ağlabatan deyil.
Lakin son zamanlar elə proseslər gedir ki, onlar “3+3” platformasının şansını yüksəldir.
Oyun qaydaları dəyişir
Regionda Rusiya və Türkiyənin təsirləri artır və bunun fonunda İran regional siyasətində müəyyən korrektələr etməyin zəruriliyini anlamağa başlamışdır. M.Pezeşkianın prezident seçilməsindən sonra xarici siyasətdə ifadə etdiyi əsas tezislərdən biri “bütün qonşularla münasibətləri normallaşdırmaq”dan ibarət oldu. Bunun fonunda İranın Azərbaycan və Türkiyə ilə münasibətlərə yeni konstruktiv təkan verəcəyi gözlənilir. Türkiyənin Xarici işlər naziri Hakan Fidan son müsahibələrinin birində İranla bağlı çox şeyin dəyişdiyini ifadə etmişdir. İstanbuldakı üçüncü görüşdə də İran təmsil olunur.
Bundan başqa, rəsmi İrəvanın da müəyyən məqamlar üzərində düşünməyə başladığı hiss edilir. İndi Qərbin birmənalı olaraq müsbət və konstruktiv geosiyasi rol oynadığı qəbul edilmir. Ermənistan anlamalıdır ki, region dövlətləri olmadan onun hər hansı uğurlu geosiyasi rol oynaya biləcəyini gözləmək absurddur. Gürcüstanın acı təcrübəsi bunu bir daha sübut edir. Əgər Ermənistan müstəqil olmaq istəyirsə, mütləq regional konteksti ciddi surətdə nəzərə almalıdır.
Cənubi Qafqazda geosiyasi oyun qaydalarının yeniləşməsi prosesində Türkiyənin rolunu ayrıca vurğulamaq lazımdır. Ankara təmkinli və qətiyyətli gedişləri ilə Yaxın Şərq, Avropa, Balkanlar, Qafqaz və Mərkəzi Asiya istiqamətlərində getdikcə artan templə fəaliyyətini davam etdirir. İndi Türkiyənin ciddi surətdə geniş bir geosiyasi məkanda xüsusi rol oynadığını hər kəs qəbul edir. Cənubi Qafqaz bu aspektdə ayrıca yer tutur.
Məsələ onunla bağlıdır ki, Cənubi Qafqazda Türkiyənin əsas strateji müttəfiqi vardır. Şuşa Bəyannaməsinə görə, bu, Azərbaycandır. Deməli, Türkiyə Azərbaycanla bağlı üzərinə konkret öhdəliklər götürmüşdür və bütün variantlarda Bakıya dəstək verməlidir. Ankara dəfələrlə bu barədə bəyanat vermişdir. Son olaraq Prezident R.T.Ərdoğan Azərbaycanın fəaliyyətini təqdir etdiklərini və bütün məsələlərdə onu dəstəkləməkdə davam edəcəklərini bildirmişdir.
Maraqlı və əhəmiyyətlidir ki, Türkiyənin bu mövqeyinə ən çox hörmət və anlayışla yanaşan böyük dövlət Rusiyadır. Rəsmi Moskva Türkiyənin Cənubi Qafqazdakı fəallığına qarşı addım atmır və əksinə, getdikcə daha çox miqyasda Azərbaycan – Türkiyə tandemi ilə birgə fəaliyyət göstərir. Bu isə o deməkdir ki, bir neçə əsrdən sonra Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir!
Vurğuladığımız kontekstdə “3+3” platformasının şansını artıran başqa bir dinamika diqqəti çəkir.
MDB – TDT: Tarixi əməkdaşlıq şansı
Ola bilsin ki, bir çoxları üçün bu məsələ ikinci dərəcəlidir. Lakin iki özəlliyi mütləq nəzərə almaq lazımdır. Birincisi, MDB və TDT faktiki olaraq ortaq geosiyasi məkanda fəaliyyət göstərən regional təşkilatlardır. Buna görə də onların münasibətləri aydınlaşdırması istənilən halda qaçılmazdır. Mümkün deyildir ki, özlərində böyük potensialı birləşdirən iki güclü təşkilat uzun müddət bir-birini nəzərə almasın. İkincisi, MDB və TDT-yə üzv olan ölkələrin əhatə dairəsi, demək olar ki, eynidir. Burada fərqli olan Rusiya və Belarusun TDT üzvü olmamasıdır. Ermənistan ayrı mövzudur. MDB üzvləri: Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Ermənistan. Türkmənistan isə MDB-nin assosiativ üzvüdür və təşkilatın işində fəal iştirak edir. Bu ölknin prezidenti son Moskva sammitində də iştirak etmişdir. TDT üzvləri: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan. Müşahidəçi dövlətlər: Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti.
Göründüyü kimi, MDB-nin 9 üzvündən 5- i türk dövlətidir və onların 4-ü TDT-yə daxildir, Türkmənistan da müşahidəçi statusunda təşkilata bağlıdır. Bundan başqa, MDB-nin iki əsas üzvü Rusiya və Belarusun TDT-nin bütün üzvləri ilə, ilk növbədə Azərbaycanla çox yaxşı münasibətləri vardır.
Bəs bu iki təşkilatın geniş bir geosiyasi məkanda təhlükəsizlik məsələsində ortaq davranmaları üçün hansısa maneə varmı? Heç bir maneə və əngəl yoxdur. Proqnozlaşdırmaq olar ki, MDB və TDT həmin istiqamətdə əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
“3+3”: Təhlükəsizliyin əsas platforması
Yuxarıda vurğulanan məqamlardan aydın olur ki, “3+3” platformasının İstanbul sammiti geniş bir geosiyasi məkanda ciddi yeniliklərə yol aça bilər. Bu format həm Cənubi Qafqazın təhlükəsizliyinin etibarlı təminat formuludur, həm də daha geniş məkanda MDB – TDT münasibətlərinin konkret praktiki müstəvidə təhlükəsizliklə bağlı əməkdaşlığını stimullaşdıra bilər. Bu yanaşma həm regiondaxili ziddiyyətlərin müsbət aspektdə aradan qaldırılması, həm də regiona kənardan ola biləcək neqativ təsirlərin neytrallaşdırılması baxımından əhəmiyyətlidir.
İstanbul görüşündə qəbul edilmiş bəyanatın əsas məzmunu da bu tezisin doğruluğuna əsas verir. Orada xüsusi olaraq “region dövlətlərinin öz aralarındakı problemləri dialoq yolu ilə həll etmələrinin vacibliyi” vurğulanmışdır. “Bəyanatda BMT Nizamnaməsində qeyd edilən prinsiplərə əsaslanaraq, regionda siyasi mübahisələrin sülh yolu ilə həlli, suverenliyə, ərazi bütövlüyünə, siyasi müstəqilliyə hörmət, sərhədlərin toxunulmazlığı və güc tətbiq etməmə kimi məsələlər qeyd edilmişdir”. Bununla yanaşı, “3+3” formatında iştirak edən dövlətlərin “regional iqtisadi əməkdaşlığın etimad üzərində qurulması, rifahın artırılması və sabitliyin təmin edilməsində oynadığı mühüm rola diqqət yetiriləcəyi” ayrıca vurğulanmışdır.
Aydındır ki, İstanbul görüşü “3+3”-ü faktiki olaraq yeni fəaliyyət səviyyəsinə yüksəldir. Orada alınan qərarların tezliklə həyata keçəcəyinə ümid bəsləmək doğru olmazdı. Hələlik çox məqamlar vardır ki, uyğunlaşdırmaq gərəkdir. Lakin açıq hiss olunur ki, bu formatda işirak edən dövlətlərin bir-birinə etimadı artmışdır. Buna görə də “3+3”-ün reallaşmasında üzvlər maraqlıdırlar. Burada İranın mövqeyinin necə olacağından bir sıra məqamların asılılığını inkar etmək olmaz. Bundan başqa, Rusiya – Türkiyə və Rusiya – Azərbaycan münasibətlərinin inkişaf dinamikasının təsiri ciddi olacaqdır.
Bunların fonunda Gürcüstanla Rusiyanın münasibətlərini normallaşdırması çox önəmlidir. Təbii ki, Azərbaycan – Ermənistan münasibətlərinin normallaşması da böyük əhəmiyyət kəsb edir.
Beləliklə, İstanbul görüşü “3+3” platformasına daxil olan ölkələrin ortaq fəaliyyətinin zəruriliyini bir daha gündəmə gətirmişdir. Bundan sonrakı gedişatın konkret məzmunu haqqında dəqiq fikir bildirmək çətindir. Lakin aydındır ki, region dövlətlərinin hər birinin “3+3”-ə ehtiyacı vardır. Bu baxımdan İstanbuldakı görüş yeni mərhələlərə yol aça bilər. Burada Ermənistanın müxtəlif bəhanələrlə Qərb faktoruna üstünlük vermək cəhdlərini edəcəyini də gözləmək lazımdır. Lakin bu istiqamətdə rəsmi İrəvanın manevr imkanlarının tükənməkdə olduğunu düşünürük. Çünki reallıq göstərir ki, Qərbin Cənubi Qafqazla bağlı apardığı siyasətin heç Ermənistana da faydası yoxdur. Əbədi düşmənçilik şəraitində heç bir halda bu regionda erməni dövləti mövcud ola bilməz. Çox güman ki, Ermənistan bu tarixi zərurəti dərk edəcəkdir!
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru