Formula 1 Azərbaycan Qran Prisinə geri sayım başladı – Yarışa cəmi 2 ay qaldı!

post-img

19–21 sentyabr tarixlərində Bakıda baş tutacaq Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinə cəmi 2 ay qalır! Yarışın startına sayılı günlər qaldıqca, şəhərdə motor sədalarının və böyük idmanın nəfəsi hiss olunmağa başlayır.

Bakı Şəhər Halqası ilk dəfə 2016-cı ildə dünya çempionatının bir mərhələsinə ev sahibliyi edib və bu tarixdən etibarən hər il yadda qalan anlara imza atıb. Azərbaycan Qran Prisi, təkcə mübarizə və sürət yox, həm də şəhər və mədəniyyətin birləşdiyi unikal tədbirə çevrilib.

Azərbaycan Qran Prisi ilk dəfə 2016-cı ildə “Avropa Qran Prisi” adı ilə baş tutdu və bu tarixdən etibarən həm yarış gərginliyi, həm də şəhər atmosferi ilə Formula 1 azarkeşlərinin sevimli mərhələlərindən birinə çevrildi. Hər il Bakıda baş verən hadisələr bir çox hallarda mövsümə təsir edən dönüş nöqtələri kimi tarixə düşüb.

2017-ci ildə “Ferrari”nin pilotu Sebastyan Fettel ilə “Mercedes”in sürücüsü Lüis Həmilton arasında yaşanan insident, 2018-ci ildə Valtteri Bottasın son döngədə şin partlaması səbəbilə əldən verdiyi qələbə və 2021-ci ildə həm Maks Ferstappenin qəzası, həm də Həmiltonun finişə bir neçə dövrə qalmış buraxdığı taktiki səhv bu yarışın gözlənilməz və dramatik ruhunu bir daha göstərmiş oldu.

2023-cü ildə Bakı yarış həftəsonu yenilənmiş formatda təqdim olundu. Sprint yarışı və sıralama turu ayrı-ayrı günlərdə təşkili Bakı Qran Prisini mövsümdə fərqləndirən əsas mərhələlərdən birinə çevirdi. Həmin il “Red Bull” komandasının sürücüsü Serxio Peres burada ikinci dəfə qalib gələrək Bakı yarışının uğurlu pilotuna çevrildi.

Azərbaycan Qran Prisi təkcə yarış deyil, həm də şəhərin mədəni həyatında mühüm rol oynayan tədbirə çevrilib. Müxtəlif illərdə yarışla paralel olaraq keçirilən konsert proqramlarında dünya ulduzları çıxış ediblər. Kris Braun, Enrike İqlesias, “The Black Eyed Peas”, Dua Lipa, Cemiroquay və Kardi Bi kimi sənətçilər Bakı səhnəsində on minlərlə insan qarşısında çıxış edərək yarış həftəsonuna unudulmaz əyləncə bəxş ediblər.

Bu il keçiriləcək Qran Pri həm idman baxımından, həm də təşkilati yeniliklərlə daha da fərqli olacaq. Paytaxtın mərkəzində – İçərişəhər, Azadlıq meydanı və Dənizkənarı bulvar kimi ərazilərdən keçən Bakı şəhər halqası sürət, strategiya və texniki bacarığın birləşdiyi unikal mübarizə məkanıdır. Azarkeşləri isə fan zonalarda interaktiv tədbirlər, musiqi proqramları və sürpriz dolu yarış həftəsonu gözləyir.

Yarışa cəmi iki ay qalır və artıq bütün diqqətlər yenidən Bakıya yönəlib. Dünyanın ən sürətli pilotları, ən güclü komandaları və milyonlarla tamaşaçı bir daha Azərbaycanın paytaxtında görüşəcək. Geri sayım başladı – Bakı bu payız yenidən Formula 1-in paytaxtına çevrilməyə hazırlaşır.

İdman