“Qarabağ”ın növbəti Avropa marafonu: yeni ümidlər, yeni sınaq

post-img

Bu gün “Qarabağ” komandası 2025/26-cı illər beynəlxalq futbol mövsümünə start verir. Azərbaycan çempionu UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyanın paytaxtı Dublində “Tolka Park” stadionunda yerli “Şelbrun” ilə qarşılaşacaq. Xorvatiyalı hakim Ante Çulinanın idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Yeni mövsümə Avstriyada hazırlaşan "Qarabağ"ın yoxlama görüşlərində nəticələri birmənalı olmayıb. Komanda ilk oyununda "Metallist 1925"ə (Ukrayna) uduzub - 4:5. Sonra “Tvente” (Niderland) ilə iki matç keçirib - 3:2, 1:2. Ardınca da “Zalsburq”la (Avstriya) qarşılaşmada uğursuzluqla üzləşib - 1:2.

Hazırlıq zamanı məğlubiyyətlərin çoxluğu, həmçinin bəzi oyunlarda məhsuldarlığın yüksək olması da diqqəti çəkir. Hər halda “Tvente” ilə qarşılaşmalardan sonra “hər iki matçda komandamızın çıxışı gələcəyə ümid verdi” deyən baş məşqçi Qurban Qurbanovun böyük təcrübəsinə əsaslanan sözlərinə güvənə bilərik.

Komanda yenilənir və bu dəyişikliklər yeni gözləntilər də yaradır.

“Qarabağ”dan gedən futbolçulardan yalnız Yassin Benzia əsas heyət üçün itki sayıla bilər.

Yeni transferlər isə müdafiə və yarımmüdafiə xəttinə aid olduğuna görə “Qarabağ” hücumda yenə Emmanuel Addai, Musa Qurbanlı və Nəriman Axundzadənin ümidinə qalacaq. Amma əlbəttə ki, komandanın yarımmüdafiəçilərindən Leandro Andrade, Kadi Borges və Abdullah Zubirin də “vuran ayağı” var.

“Qarabağ”ın bu yay heyətinə qatdığı yeni futbolçulardan mərkəz müdafiəçisi Sami Mmaee müdafiədə əzmkarlığı, fiziki gücü və hücumlara qoşulmaq həvəsi (əvvəlki iki klubunda beş mövsümə ümumilikdə 7 qol da vura bilib) ilə diqqəti çəkir.

Görünür, onun “Ferentsvaroş” (bir oyunda oynayıb, onda da 57-ci dəqiqədə zədələnərək əvəzlənib) və xüsusilə də Zaqreb “Dinamo”sunun heyətində “Qarabağ”a (hər iki oyunu əvəzlənmədən keçirib, Bakıda sarı vərəqə ilə cəzalandırılıb) qarşı matçlarda göstərdiyi oyun Qurban Qurbanovun diqqətini o qədər çəkib ki, onu icarə əsasında komandaya götürməyə razı olub. Halbuki “Qarabağ” hansısa oyunçunu müvəqqəti heyətə cəlb etmək üsulundan nadir hallarda istifadə edir. Sonuncu dəfə 2022-ci ildə qapıçı Luka Quqeşaşvilinin icarə əsasında gəlişini xatırlamaq mümkündür.

Üstəlik Mmaee milli komandada çıxış etmək təcrübəsinə malikdir. Anası mərakeşli olduğundan da Mərakeş millisini seçib. Amma 2020-ci ildən bəri orada cəmi 10 oyun keçirməsi, həmin komandada ondan daha güclü futbolçuların yer almasının göstəricisidir.

Digər transferlərdən braziliyalı dayaq yarımmüdafiəçisi Pedro Bikalyo “Palmeyras”ın oyunçusu kimi gəlsə də, nə klublararası dünya çempionatında iştirak edib, nə də bu komandanın son illərdəki uğurlarında zəhməti var. Məsələ burasındadır ki, vaxtının çoxunu icarələrdə keçirib, son olaraq da Portuqaliyanın aşağı liqalarında “Alverka”nın formasını geyinib.

Amma “Qarabağ”ın Portuqaliya çempionatından (hətta aşağı liqadan) transferləri, əsasən, uğurlu olur. Kevin Mediana, Kadi Borges, Julio Romao və Juninyonu xatırlaya bilərik.

Bu məqamı nəzərə alan Azərbaycan çempionu Portuqaliya transfer bazarında fəallığını davam etdirir.

Sürətinə görə Usein Boltun şərəfinə onun soyadını götürən braziliyalı sağ cinah müdafiəçisi Dani Bolt və kot d’ivuarlı mərkəz yarımmüdafiəçisi Kris Kuaku Portuqaliyanın aşağı liqasından kluba qoşulublar.

Yeni transferlərin kollektivə uyğunlaşması zaman tələb etsə də, beynəlxalq turnirlərdəki təcrübəsi “Şelburn”la dueldə “Qarabağ”ı favorit saymağa əsas verir. 

Qurban Qurbanovun komandası avrokuboklarda adından söz etdirməyə başlayandan 2-ci təsnifat mərhələlərini, əsasən, rahat keçir və bu dəfə də Azərbaycan çempionuna ümidlər böyükdür. “Qarabağ” yalnız 2023-cü ildə “Rakov”la oyunlarda çətinlik çəkmiş, iki qarşılaşmanın nəticəsinə əsasən, Polşa klubuna uduzmuşdu – 1:1, 2:3. Amma bu dəfəki rəqib “Şelburn” favoritlərdən sayılmır.

İrlandiya klubunun avrokuboklarda diqqətəlayiq uğurları yoxdur. Yalnız uzaq 2004-cü ildə “Zirə”nin hazırkı rəqibi Split “Hayduk”unu UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsindən kənarlaşdıraraq (2:0, 2:3) üçüncü mərhələyə çıxmasını qeyd etmək mümkündür.

“Şelburn” ötən mövsüm 18 illik fasilədən sonra öz ölkəsində çempionluğu qazansa da, cari mövsüm ümidləri doğrultmur. 25 turdan sonra beşinci yerdədir və lider “Şemrok Rovers”dən artıq 14 xal uzaq düşüb. Yalnız iyul ayında, hələ ki, uduzmamaları faktı diqqəti çəkir: bütün turnirlərdə 4 oyundan 3-də qələbə qazanıblar.

Rəqibin hazırkı heyətində, əsasən, irlandlar çıxış edir – amma onlar milli komanda səviyyəsində futbolçular deyillər. Daha çox İngiltərə liqalarında top qovanlara üstünlük verən İrlandiya millisinə sonuncu dəfə 2006-cı ildə “Şelburn”dan oyunçu dəvət edilib.

Üstəlik “Qarabağ” üçün irlandlarla ilk qarşılaşma təcrübəsi də uğurlu olub. Təmsilçimiz 2019-cu ildə UEFA Çempionlar Liqasının elə 2-ci təsnifat mərhələsində üz-üzə gəldiyi “Dandolk” səddini rahat keçib – 3:0, 1:1. Amma ötən mövsümün yekunları əsasında yenilənmiş UEFA reytinqində Azərbaycanın 30-cu, İrlandiyanın isə 31-ci pillədə yer alması iki ölkənin çempionatlarının təxminən eyni səviyyədə olduğunu göstərir. Ona görə də rəqibi ciddiyə almaqda fayda var.

“Qarabağ”ın yeni mövsümdə necə bir yol keçəcəyini ilk addımlar göstərəcək. İrlandiyada atılacaq bu addım ya rahat başlanğıc, ya da gələcək üçün ciddi siqnal ola bilər.

Rasim Mövsümov

İdman