Bölgələrdə parlament seçkiləri təntənəsi

post-img

Gəncə

Gəncədə 4 dairə seçki komissiyası üzrə yaradılmış məntəqələrdə dünən səhər tezdən başlanan Azərbaycan Res­publikası Milli Məclisinə növbədənkənar seçkilər elə ilk saatlardan seçici fəallığı ilə diqqəti cəlb etdi.

Şəhərdə 38 saylı Gəncə birinci, 39 say­lı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy seçki da­irələri üzrə 133 seçki məntəqəsi qapılarını səsvermə hüququ olan 181 min 90 vətən­daşın üzünə taybatay açmışdı. Onlardan biri Eldar Zeynalovun ürək sözləri həm­yerlilərinin seçki təəssüratını ümumi şəkil­də ifadə etdi: “Növbədənkənar parlament seçkilərində səs vermək ölkənin daha xoş günlərinə siyasi dəstəkdir. Mən bu prosesdə heç bir çətinliklə qarşılaşmadan və sərbəst iiradə ilə iştirak etdim. Çünki seçki qanun­vericiliyi mükəmməldir, hazırlıq yüksək səviyyədə aparılıb”.

Müsahibimiz haqlı idi, bütün məntəqələrdə seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait ya­radılıb. Məntəqələr zəruri texniki, metodiki vasitələrlə, rabitə şəbəkəsi və təhlükəsizlik avadanlığı ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst ifadə etmələri üçün kabinələr quraşdırılıb. Seçki komissiyası və müşahidəçilər üçün rahatlıq da yerli-ye­rindədir. Bütün bunlar seçicilərin maneəsiz seçimini təmin etdi. Şəhər sakini Xumar Zeynalov dedi: “Mən də səsvermədə iştirak etdim və öz namizədimə səs verdim. Ümid edirəm ki, bu seçkilər ölkəmizin daha da çiçəklənməsinə töhfə verəcək”. 

Səs verib məntəqələrdən aralanan se­çicilər bildirirdilər ki, adamların fəallığı və sərbəst seçim etmələri onlarda xoş əh­val-ruhiyyə yaradıb. Seçici Seyran İmano­va bildirdi: “İndi elə bir dövr gəlib ki, heç kimə “onu seç, bunu seçmə” demək müm­kün deyil. Mən də istədiyim namizədə səs verdim. Demokratik seçki də elə budur”.

Goranboy

Goranboyda sentyabrın 1-də 9 nəfər daşınan seçki qutusu vasitəsilə səsvermə­də iştirak edib. Onlardan biri də ən yaşlı seçici, rayonun Düzqışlaq kənd sakini, 1920-ci il təvəllüdlü Alya Musayeva oldu. 

Əvvəlcə 104 yaşlı seçici təkid edirdi ki, səsverməyə özüm gedəcəyəm. Lakin son anda həkimlərin məsləhəti ilə nənə üçün daşınan qutu yaşadığı evə gətirildi və o, istədiyi namizədə səs verdi. Alya nənənin səsvermə hüququndan evdə istifadə etməsi ölkəmizdə hər bir seçiscinin səsinin demok­ratik inkişaf üçün necə önəmli olduğunun göstəricisidir: hər səs bir arzu, bir etimad, bir gözləntidir.

Şirvan

Şirvan şəhərində də növbədənkənar parlament seçkiləri yüksək fəallıqla ke­çirildi.

51 saylı Şirvan birinci seçki dairəsi üzrə 43 məntəqə fəaliyyət göstərir. Səsver­mə hüququ olan vətəndaşların sayı 53 min 446 nəfərdir. Parlament seçkilərində 11 na­mizəd iştirak edirdi.

32 saylı seçki məntəqəsində 91 yaşlı se­çici Əsgər Məmmədov dedi: 

– 91 yaşım olsa da, özümü çox gümrah hiss edirəm. Ona görə də səsverməyə özüm gəlmişəm. Xüsusilə, builki növbədənkənar parlament seçkilərinin keçirilməsi mənim də ürəyimcədir. 30 il səbirsizliklə gözlə­mişəm ki, cənnət Qarabağ düşmən tapda­ğından xilas olsun. Şükür Allaha, qəhrəman oğullarımız 44 günlük Vətən müharibəsində həyatımıza qələbə, şadlıq gətirdi, üzümüz güldü, əyilən qəddimiz düzəldi. Yaşımın bu çağında qələbənin şirinliyini daddım. Layiqli, xalqın güvəndiyi namizədlərin se­çilməsinə mən də ixtiyar bir vətəndaş kimi xeyir-dua verməyə gəlmişəm.

İlk dəfə səs verən Məcid Qasımov bil­dirdi: 

–18 yaşım var. İlk dəfədir ki, səs ve­rirəm. Qürur hissi keçirirəm ki, parlament seçkilərində layiqli namizədin seçilməsin­də mənim də səsim həlledici rol oynayacaq. Mən elə bir namizədə səs verirəm ki, seçi­cilərin ümid yeri olsun. 

Şəhərin bütün məntəqələrində seçici fəallığı müşahidə olunurdu. 

Oğuz–Qəbələ–Şəki

Elnarə Ağayeva sentyabr ayının 1-də doğulub. Oğuz rayonunun Böyük Söyüd­lü kəndində dünyaya göz açıb. Dünən 18 yaşı tamam olub. Sevincinin həddi-hü­dudu yox idi. 117 saylı Oğuz–Qəbələ–Şəki seçki dairəsinin 8 saylı məntəqə­sində səs verməyə gedib. Fərəhini belə ifadə edib: “Sevinirəm ki, ilk dəfə olaraq bütöv Azərbaycanı əhatə edən seçkidə iş­tirak edirəm.”

Qəbələnin Uludaş kəndində doğulan Aynurə Nağıyeva da məhz seçkilərin ke­çirildiyi gün – sentyabr ayının 1-də ana­dan olub. 46 saylı məntəqədə 8 namizədin mübarizə apardığı seçkilərdə istədiyi na­mizədə səs verəcək. Özünün dediyi kimi, məntəqədə hər cür şərait yaradılmışdı. Heç bir müdaxilə olmadı. Kifayət qədər müşa­hidəçi var idi. Seçki sırf demokratik keçdi.

Dairə seçki komissiyasının sədri Rəsul Cəfərov bildirdi ki, 54 min 690 nəfər seçi­cimiz var. Seçkinin gedişini 772 nəfər mü­şahidəçi izləyib. 64 məntəqənin hər biri ilə daim əlaqə saxlanıb. Heç bir pozuntu barə­də məlumat almamışıq.

Balakən

Dəqiq bilmirəm. Bilmirəm ki, bu gün Böyük Vətən müharibəsinin odundan-alovundan keçmiş neçə döyüşçü sağ­dır. Öyrənmək cəhdim də baş tutmadı. Amma onu dəqiq bilirəm ki, Şimal-Qərb bölgəsində 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə ləyaqətlə vuruşmuş yeganə sağ qalan müharibə iş­tirakçısı, özünün dediyi kimi, neçə-neçə dostunun yarımçıq qalmış ömrünü ya­şayan İosit Perekrestknu bu gün yada salmamaq günah olardı. Onunla çox görüşmüşəm, şirin söhbətlərinə qulaq asmışam. Balakənin tarixini yaddaşla­ra köçürən, “Yeni Balakən” qəzetinin baş redaktoru Ramazan Abalovla onun qapısını döymüşük. Həmişə qayğıları ilə maraqlanmışıq. Gələn il 100 yaşını qeyd edəcək veteranın yenə də evinə səsvermə qutusu aparılıb. Səs verib, gələnlərə ürək sözlərini deyib. “Bu dövranın, zamanın qədrini bilin, – söyləyib.

110 saylı dairə seçki komissiyasının sədri Vahid Əliyevlə əlaqə saxladıq. Bildir­di ki, 8 məntəqədə veb-kamera quraşdırılıb. 447 nəfər seçici ilk dəfə səs verib. Seçkiləri 769 müşahidəçi izləyib. Hamısı da seçkinin demokratik ab-havada keçməsindən həvəs­lə danışırlar. 

Kürdəmir

62 saylı Kürdəmir dairə seçki komis­siyasının sədri Əbülfət Mikayılovla əlaqə saxladıq. Dairə sədri seçkinin şəffaf, tam demokratik keçirilməsi üçün hər cür şə­raitin yaradıldığını söylədi. 10 məntəqə­də veb-kamera quraşdırılıb. 979 nəfər müşahidəçi qeydiyyatdan keçib. 7 na­mizəd mübarizəyə qoşulub. 534 nəfər ilk dəfə səs verib. Bir sözlə, seçici fəallığın­dan çox razıyıq. Günün sonunda dairəyə zəng vurduq. Əbülfət müəllimin cavabı qısa oldu: “Seçki uğurla başa çatdı. Se­çicilərin böyük əksəriyyəti məntəqələrə gəlib, istədiyi namizədə səs verdi”.

Şimal bölgəsi

Milli Məclisə növbədənkənar seç­kilər şimal bölgəsində altı rayonu əhatə edən 7 seçki dairəsi üzrə təşkil olunub. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı bölgələrini əhatə edən dairələr üzrə ümumilikdə 429 məntəqədə səsver­mə keçirilib. Seçicilər yeddi seçki dairəsi üzrə qeydə alınan 53 namizəd arasında seçim ediblər.

Qeyd edək ki, şimal zonası üzrə səsver­mə hüququ olan 345 min 248 seçici qey­diyyata alınıb. Bölgənin ən yaşlı seçicisi Şabran rayonunun Ağbaş kəndində yaşayan 104 yaşlı Meynas Maqsudovadır.

55 saylı Siyəzən–Quba–Xızı dairə seçki komissiyasının sədri Rəşad Nuriyev mətbu­ata bildirib ki, seçkilər bütün məntəqələrdə nəzərdə tutulan vaxtda və qaydalara uyğun başlayıb və saat 19:00-da başa çatıb.

“Səsvermənin ilk dəqiqələrindən se­çici aktivliyi müşahidə olunub. Bizim da­irə üzrə 72 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrdə 49 mindən çox seçici səs vermək hüququna malikdir. 72 məntəqədə 953 müşahidəçi prosesi izləyib. Səsvermə başlayandan bütün məntəqələrlə əlaqə ya­radılıb. Proses şəffaflıq şəraitində davam edib”, – deyə R.Nuriyev vurğulayıb.

Şimal bölgəsində olan 55 saylı Siyəzən–Quba–Xızı, 56 saylı Şabran–Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba–Qusar və 61 saylı Qusar seçki dairələrinin hər biri üzrə kifayət qədər yüksək seçici fəallığı müşa­hidə olunub.

Hazırladılar: 
Məsaim ABDULLAYEV,
Hamlet QASIMOV,
Əli ƏLİYEV,
İlqar HƏSƏNOV,
Fidan SALMANOVA
XQ











Son xəbərlər