Doğma yurdda səs vermək xoşbəxtliyinin anatomiyası
Bu gün Azərbaycan vətəndaşı tarixi dəyişikliklərə şahidlik edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik və diplomatik məharəti sayəsində Qarabağda erməni faşizminin kökü kəsildi, 30 ilə yaxın köçkünlük həyatı sürmüş soydaşlarımız bu gün doğma yurda dönüşün ikiqat fəxarətini yaşayırlar. İşğaldan azad edilmiş torpaqlarımızda qurulan seçki məntəqələrində müşahidə olunan coşğu dolu kütləvilik bunun təcəssümüdür. Azərbaycan seçicisi ölkəmizə tərəqqi və Zəfər bəxş edən siyasi kursun davamında maraqlıdır. Bu, dövlətçilik tariximizin salnaməsinə qızıl hərflərlə yazılacaq hadisədir. Biz bu gün neçə əsrdən sonra qürurla xatırlanacaq hadisələrin şahidləri və iştirakçılarıyıq.
Şuşa
1 sentyabr – Milli Məclisə seçkilərlə əlaqədar Şuşa şəhərində 46 və 47 saylı seçki məntəqələri fəaliyyət göstərib.
“Azad Şuşada ilk dəfə parlament seçkisində iştirak etdiyim üçün çox sevinirəm. Uzun illərin həsrətindən sonra 4 ay bundan əvvəl doğma yurda qayıdaraq gözəl, müqəddəs şəhərimizdə ölkənin taleyüklü məsələlərinin həllində öz sözünü artıq öz evinin daimi sakini kimi söyləyə bilmək böyük Qələbənin gətirdiyi xoşbəxtliyin göstəricisidir!”
Bu fikirləri “XQ”-ya açıqlamasında Şuşa sakini, yazıçı-jurnalist Kərim Kərimli bildirib. O, Milli Məclisə seçkilərin şuşalılar üçün ikiqat tarixi əhəmiyyət daşıdığını dedi: “Azərbaycan müstəqilliyini bərpa edəndən bu yana həm Şuşada ilk dəfədir ki, parlament seçkiləri keçirilir, həm də şuşalıların bir hissəsi ata-baba yurdlarına qayıdıb. Yəni, doğma şəhərlərində səs verirlər. Mən ailə üzvlərimlə birlikdə səsvermədə iştirak etdim”.
Onu da qeyd edək ki, Kərim müəllim Qarabağın işğaldan azad olunacağına bir an belə inamını itirməyib. O, qələmə aldığı məqalələrində, şeir və hekayələrində bununla bağlı fikir və düşüncələrini ifadə edib. Müzəffər Ordumuzun torpaqları düşməndən azad etməsi ilə xalqımızın arzusunun çin olduğunu deyir: “Bu, haqqın, ədalətin qələbəsidir! Bu, əzmkar mübarizənin təntənəsidir və beynəlxalq hüququn təmin olunmasıdır. Bu, həm də mənim kimi yüz minlərlə vətəndaşın öz yurdunda səs vermək hüququnun reallaşmasıdır”.
Biz azad Şuşada ilk dəfə keçirilən parlament seçkilərində yüksək seçici fəallığını müşahidə etdik. 124 saylı Şuşa–Ağdam–Xocavənd dairə seçki komissiyasının Şuşa şəhərində yerləşən 46 saylı seçki məntəqəsinin sədri Səbinə Gözəlova deyir ki, şuşalılar seçkidə qürur hissi ilə iştirak edirlər: “Məntəqə üzrə 768 seçicimiz qeydiyyatdadır. Onlardan 7 nəfəri ilk dəfə səs verir. Ən yaşlı seçicimiz isə 1932-ci il təvəllüdlü Şuşa sakinidir. Onu da bildirim ki, məntəqəmiz bütün zəruri ləvazimat, texniki avadanlıqla təchiz olunub. Komissiya üzvləri seçicilərin sərbəst şəkildə səs verməsi üçün fəaliyyət göstərirlər. Bu tarixi seçkilərdə məntəqə sədri kimi iştirak etdiyimə görə fəxr edirəm”.
Xankəndi
“Valideynlərim, həyat yoldaşım və iki övladımla Xankəndidə yaşayıram. Bir qarabağlı kimi Allaha şükürlər edirəm ki, parlament seçkilərində doğma şəhərimizdə səs vermək mənə nəsib oldu. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. İkinci dəfədir ki, seçkilər respublikamızın hər yerində keçirilir. Bunlara şahidlik etmək özü böyük xoşbəxtlikdir”.
Bunu “XQ”-nin Qarabağ bürosuna Xankəndidə yaşayan Fəyyaz Məhəmmədov dedi. O, Xankəndidə yaşamağın və işləməyin çox qürurverici olduğunu da deməyi unutmadı: “2021-ci ilin may ayından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı kimi Şuşa şəhərində işləyirdim. Rəşadətli Ordumuzun Qarabağda separatçılara qarşı keçirdiyi lokal antiterror tədbirlərindən sonra – 2023-cü il oktyabrın 29-dan daimi olaraq Xankəndidə çalışıram. Bu gün sərbəst şəkildə öz namizədimə səs verdim. Allah Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin!”
Xocalı
Xocalı sakinləri də ilk dəfə öz doğma yurdlarında keçirilən parlament seçkilərində fəal iştirak ediblər. 118 saylı Ağdam–Xocalı seçki dairəsinin Xocalı şəhərində yerləşən 73 saylı məntəqə seçki komissiyasının sədri Ceyhun Əbdülov bizimlə söhbətində bildirdi ki, məntəqədə seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb: “Bu seçkilər xocalılar üçün xüsusi və əlamətdar siyasi hadisədir. İlk dəfə Xocalı şəhərinin özündə seçki məntəqəsi yaradılıb və şəhər sakinləri 32 ildən sonra öz vətənlərində səsvermə hüquqlarından istifadə edirlər. Xocalılar hamılıqla məntəqəyə gələrək öz namizədlərinə səs verirlər”.
“Yetmiş dörd yaşım var. Ömrümün ahıl çağında doğma torpaqlarımızın azadlığını görmək, ərazilərimizdə seçkilərin keçirilməsinin şahidi olmaq bütün arzularımın reallaşması deməkdir. Sevincimin həddi-hüdudu yoxdur. Çünki artıq Şuşaya da, Xocalıya da əzəli sakinləri qayıdıb və burada Milli Məclisə seçkilər keçirilir. Bizə bu xoşbəxtliyi yaşadan hər kəsə minnətdaram”.
Bu fikirləri Xocalı rayon Kosalar kənd sakini, 118 saylı Ağdam–Xocalı seçki dairəsinin Gəncə şəhərində yerləşən 60 saylı məntəqə seçki komissiyasının sədri Vaqif Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycanın hər yerində keçirilən bu seçkiləri izləyən dostlarımız sevinir, düşmənlərimizin bağrı çatlayır: “Allaha şükürlər olsun ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında Ordumuz torpaqlarımızı işğalçılardan azad edib. Gedib 32 il aralı düşdüyümüz yerimizi-yurdumuzu, kəndimizi gördüm, erməni vəhşiləri tərəfindən çoxu dağıdılmış qəbirlərimizi ziyarət etdim. Gördüm ki, bu gün Qarabağa, Şərqi Zəngəzura həyat qayıdır. Biz qazandığımız tarixi qələbənin qədrini bilməli və hamılıqla Azərbaycanın işıqlı gələcəyi naminə əlimizdən gələni əsirgəməməliyik”.
Gəncə şəhərinin yaxınlığında Xocalıdan, o cümlədən Laçın və Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış qəsəbənin sakinləri 60 saylı məntəqədə səs verirlər. Məntəqənin sədri Zülfü Quliyevdən aldığımız məlumata görə, qeydiyyatda olan 835 seçicidən 9 nəfəri ilk dəfə səs verən gənclərdir. 10 seçiciyə daşınan qutu göndərilib. Onlardan biri ən yaşlı seçicimiz – 99 yaşlı Cavadova Tutu İslam qızıdır.
Kəlbəcər
“Milli Məclisə seçkilər işğaldan azad edilmiş digər ərazilərin sakinləri kimi, biz kəlbəcərlilər üçün də müstəsna əhəmiyyət kəsb edir. Çünki 30 ildən sonra bu seçkilər ilk dəfədir doğma Kəlbəcərimizdə keçirilir”.
Bu sözləri “XQ”-ya 123 saylı dairə seçki komissiyasının Kəlbəcər şəhərində yerləşən 63 saylı məntəqəsinin sədri Firdovsi Qafarov deyib. O, həmçinin məntəqədə seçkilərə yüksək hazırlıq işlərinin görüldüyünü, seçicilərin səsvermə hüququndan sərbəst şəkildə istifadə etmələri üçün bütün lazımi şəraitin yaradıldığını vurğuladı: “Səsvermə sakit, eyni zamanda, seçici fəallığı ilə davam edir. Azad Kəlbəcərdə yaşayan və işləyən sakinlər axın-axın məntəqəyə gələrək öz namizədlərinə səs verirlər. Bu prosesin iştirakçısı olmağın özü çox sevindiricidir”.
Laçın
“2023-cü il avqustun 25-dən ailəmizlə birgə Zabuxda məskunlaşmışıq. Yeni Zabuxun ilk sakinlərindənik. May ayının 24-də 18 yaşım tamam olub. Bu gün isə ilk dəfə parlament seçkilərində iştirak edərək səs verdim. Özü də azad Laçınımızda, babalarımın yurdunda. Bu, mənim üçün çox qürurvericidir və heç zaman yaddaşımdan silinməyəcək”.
Bu sözləri Laçın rayonu Zabux kənd sakini, Sumqayıt Dövlət Universitetinin birinci kurs tələbəsi Hüseyn Əsədli deyib. O həmçinin bildirib ki, seçki məntəqəsində seçicilər üçün bütün zəruri şərait yaradılıb: “Səsvermə hüququmdan ilk dəfə istifadə etdiyimə görə bu proses mənim üçün çox maraqlı idi. Sərbəst və azad şəkildə öz namizədimə səs verdim”.
Qeyd edək ki, 121 saylı Laçın seçki dairəsinin Zabux kəndində yerləşən 108 saylı məntəqəsində ilk dəfə səs verənlərin sayı 5 nəfərdir. Məntəqənin sədri Mübariz Rüstəmov deyir ki, zabuxlular Milli Məclisə seçkilərdə fəal iştirak edirlər: “Cavanlı-qocalı bütün Zabux sakinləri böyük ruh yüksəkliyi ilə məntəqəyə gələrək öz namizədlərinə səs verirər. Hər kəs azad edilmiş torpaqlarda ilk dəfə keçirilən parlament seçkilərində iştirak etməyin qürurunu yaşayır”.
Zəngilan
Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kənd sakinləri Milli Məclisə seçkilərdə böyük ruh yüksəkliyi ilə iştirak edirlər. 125 saylı Zəngilan–Qubadlı dairə seçki komissiyasının 33 saylı seçki məntəqəsinin sədri Allahverdi Nəcəfov “XQ”-yə bildirib ki, səsvermə başlayan kimi ağalılar məntəqəyə axın edərək sərbəst şəkildə öz namizədlərinə səs veriblər.
Seçici fəallığı Zəngilan rayonunun işğaldan azad edilmiş Alıbəyli kəndindəki “DOST aqropark”ın inzibati binasında yerləşən 61 saylı seçki məntəqəsində də müşahidə olunub. Məntəqənin sədri Gülnaz Mahmudova deyir ki, seçicilərin əksəriyyəti səhər saatlarından başlayaraq məntəqəyə üz tutublar: “Seçkilərin azad, və demokratik şəkildə keçirilməsini təmin etmək üçün məntəqədə zəruri şərait yaradılıb. İnsanlar öz doğma yurdlarında ilk dəfə keçirilən parlament seçkilərində həvəslə iştirak edirlər. Səs vermək üçün növbəyə dayananların çoxluğu insanların bu siyasi aksiyaya böyük əhəmiyyət verdiklərinin göstəricisidir. Hər kəs anlayır ki, bu seçkilər bütün xalqımız, o cümlədən biz zəngilanlılar üçün tarixi seçkilərdir”!
Füzuli
Füzuli şəhərində yaradılan 75 saylı seçki məntəqəsinin sədri Ləman Məstalıyevanın dediyinə görə, bu məntəqədə səs verən seçicilər əsasən Füzuli şəhəri və rayonun ərazisində quruculuq işləri aparan şirkətlərin əməkdaşlarıdır: “Günorta saatları olmasına baxmayaraq, seçici fəallığı müşahidə edilir. Məntəqə üzrə qeydiyyatdan keçən seçicilərin 100 faizinin səsvermədə iştirakı gözlənilir!
Cəbrayıl–Qubadlı
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin əhatə etdiyi 82 seçki məntəqəsi üzrə 54 min 486 seçici qeydə alınıb ki, onlardan ilk dəfə səs verənlərin sayı 570 nəfərdir. Dairənin 71 saylı məntəqəsinin sədri Şəlalə Qasımlı bildirib ki, məntəqədə 1020 seçici qeydiyyatdadır: “Seçiciçi fəallığı müşahidə edilir. Əsasən də, səsvermənin ilk saatlarında məntəqədə seçici fəallığı nəzərə çarpır”.
Beləliklə, tam əminliklə deyə bilərik ki, VII çağırış Milli Məclisə seçkilər işğaldan azad edilmiş torpaqlarımızda daha yaddaqalan oldu. Çünki insanlar bu seçkiyə Zəfərin gətirdiyi qürur hissi ilə getdilər. Doğma yurdlarında ilk dəfə səs verənlərin keçiridikləri səmimi hissləri sözlə ifadə etməkdə, onların özləri kimi, biz də çətinlik çəkdik...
Hazırladılar:
İmran BƏDİRXANLI,
Mahir RƏSULOĞLU
XQ