Bölgələrdə parlament seçkiləri təntənəsi

post-img

Naxçıvan

Azərbaycan Respublikasının Milli Məclisinə, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər uğurla keçirilib. Naxçıvanda parlament seçkiləri üçün 6, Ali Məclisə seçkilər üçün isə 45 dairə üzrə 331 məntəqədə se­çicilər səs veriblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin sə­lahiyyətli nümayəndəsi Fuad Nəcəfli 4 say­lı Naxçıvan şəhər seçki dairəsinin Naxçı­van Dövlət Texniki Kollecində yerləşən 32 saylı seçki məntəqəsində, həmçinin burada təşkil olunmuş Naxçıvan Muxtar Respub­likası Ali Məclisinə seçkilər üzrə 27 saylı seçki dairəsində səs verib.

Müşahidəçilər məntəqədə səsvermə prosesini izləyiblər. Səlahiyyətli nümayən­də komissiyanın işinə uğurlar arzulayıb.

Ordubad-Culfa: 6 saylı Ordubad–Culfa seçki dairəsində 65 seçki məntəqəsi fəaliyyət göstərib. Bu dairənin əhatə etdiyi ərazilər üzrə 47046 seçici qeydə alınıb. Da­irə üzrə 512 nəfər ilk dəfə seçkidə iştirak edib. 

Ordubad rayonu üzrə 42 məntəqədə se­çicilər öz namizədlərinə səs veriblər. Bura­da seçici sayı 30170, ilk dəfə səs verənlərin sayı isə 313 nəfər olub. 

Kəngərli: 2 saylı Şərur-Kəngərli seçki dairəsində də fəal seçici sıxlığı müşahidə olunub. Məlumat üçün bildirək ki, bu dairə üzrə Kəngərli rayonunda 1-i qapalı olmaq­la 15 məntəqə, Şərur rayonu üzrə isə 43 məntəqə yaradılıb. 

Məntəqələr üzrə Kəngərli rayonunda 15 min 236, Şərur rayonunda 33 min 868, ümumilikdə isə 49 min 104 seçici qeydə alınıb. 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Kəngərli rayonundan 171 seçici, Şərur rayonundan isə 508 seçici ilk dəfə seçim haqqı əldə edib. 

Şərur: Şərur rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçı­van Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərə 2 və 18 saylı Şərur-Kən­gərli seçki dairələri üzrə, ümumilikdə, 57 daimi fəaliyyət göstərən, 1 seçkiyə 5 gün qalmış yaradılan, ümumilikdə, 58 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrin 43-ü Şərur rayonundadır. Dairələr üzrə seç­kilərə yüksək hazırlıq işləri görülüb.

Azərbaycan Respublikası Milli Məcli­sinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə məntəqələrdə veb-kameraların quraşdırılması seçkilərin gedişatını internet vasitəsilə izləmək im­kanı yaradıb. Məntəqələrdə, ümumilikdə, 33868 nəfər seçici siyahıya alınıb. Onlar­dan 508 nəfəri ilk dəfə səsvermə hüququn­dan istifadə edib.

Seçkilərdə görmə qabiliyyətini tam və ya qismən itirmiş vətəndaşlarımızın səs­vermə prosesində iştirak etməsi məqsədilə Brayl əlifbası ilə seçki bülletenləri çap edilərək, bütün seçki məntəqələrinə təqdim edilib. Bu məntəqələrdə seçici sayı, ümu­milikdə, 1479 nəfərdir.

Qarışıq Rejimili Cəzaçəkmə Müəssisə­sində Milli Məclisə seçkilər üçün 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin 65 saylı məntəqəsi, Naxçıvan Muxtar Res­publikası Ali Məclisinə seçkilər üçün isə 14 saylı Qarabağlar seçki dairəsinin 7 saylı məntəqəsi təşkil edilib.

Cəzaçəkən şəxslərə sərbəst şəkildə səs­vermələri üçün şərait yaradılıb. Qeyd edək ki, seçkilərdə bu il 1 nəfər məhkumun 18 yaşı yeni tamam olduğundan ilk dəfə səs­vermədə iştirak edir.

Sumqayıt

Sübh tezdən Milli Məclisə növbə­dənkənar seçkilərdə səs vermək üçün 42 saylı Sumqayıt 1-ci seçki dairəsinin məhəlləmizdəki məktəb binasında yer­ləşən seçki məntəqəsinə tərəf yollanırdım ki, ağsaqqal qonşum Əşrəf Veysəlliyə rast gəldim. O da səs verməyə gedirdi. Söhbət edə-edə məktəbə sarı üz tutduq. 

Tanınmış şair, Prezidentin fərdi təqaüd­çüsü 86 yaşlı Əşrəf müəllim dedi:

– Son bir qərinədə bu, çox böyük həvəs­lə səs verməyə getdiyim seçkilərdən biridir. Çünki Vətən müharibəsində qalib gəlmişik, Qarabağımızı, o cümlədən adını təxəllü­sümdə yaşatdığım Füzuli rayonunun Yuxarı Veysəlli kəndini işğaldan azad etmişik, ötən ilin sentyabrında da ərazi bütövlüyümüzə tam nail olmuşuq. Belə bir cəlalı olan ölkə­də heç seçkilərdən kənarda qalmaq olarmı? Görürsən, yeriməyə çətinlik çəksəm də, seçkilərdə iştirak etməyi özümə vətəndaşlıq borcu bilirəm. 

Məktəbdəki 17 saylı məntəqədə bül­leten alıb, istədiyimiz namizədə səs ver­dik. Şairi evə yola salandan sonra yanaşı məntəqələrdə də səsvermənin gedişatını izlədim. “Qarabağ” ordenli qazi Ehtiram Məmmədov ürək sözlərini demək üçün yaxın gəldi.

– Hazırda ehtiyatda olan zabitəm. Yenə də canımı Vətənə fəda etməyə hazıram. Seçkilərə gəlincə isə bu siyasi kampani­yanın yüksək səviyyədə təşkil olunduğunu görürəm. Bütün prosedurlar qanuna uyğun aparılır. İnanıram ki, seçiləcək deputatlar Vətənə, xalqa layiqincə xidmət edəcəklər.

Məntəqədə səsverməni izləyən na­mizəd vəkili Rəsul Rəsulov isə burada seçi­cilər və müşahidəçilər üçün hər cür şəraitin yaradıldığını bildirdi.

Digər müsahibimiz 15-ci məntəqə seçki komissiyasının sədri Camal Abdulov oldu. 

– Bizim 1174 seçicimiz var. Ən yaşlıla­rı 1940-cı il təvəllüdlü Seyidzərif Paşayeva və 1942-ci ildə dünyaya gəlmiş Mehparə Əhmədovadır. Onlar səs verəndə ATƏT-in və MDB-nin müşahidə missiyalarını təmsil edənlər də gəlib çıxdılar və ağbirçək seçi­cilərlə səmimi söhbətləri oldu. Həm xarici, həm də yerli müşahidəçilər gedişatdan ra­zılıq edirlər. 

Qəzetimiz üçün məlumatlar toplamaq üçün seçki dairəsinə getdim. Sədr Ruslan Hacıyev və müavini Aydın Məlikov bütün suallarımı ətraflı cavablandırdılar. Öyrən­dim ki, dairənin 42 məntəqəsi var, seçi­cilər siyasi iradələrini sərbəst ifadə edərək, müxtəlif partiyaların irəli sürdüyü və ya müstəqil 11 namizəd arasından istədikləri şəxsə səs verirlər. Deputat mandatı almaq istəyənlərin 8-i bitərəfdir, YAP, VHP və KXCP-nin hərəsinin 1 namizədi var. Bura­ya gəlib məntəqələrə yollanan ATƏT mü­şahidəçiləri Yena Kristina Arnault, Stepan Gerhard Zledler, MDB missiyasının təmsil­çiləri Leonid Anfimov, Vitali Krasnobayev, Aleh Kuleba və başqalarından heç bir irad eşidilməyib. Seçici fəallığına gəlincə isə, erkən saatlarda bir qədər seyrəklik olsa da, səsvermə dinamikasının get-gedə artdığı bildirildi.

Yolumuzu Sumqayıt Dövlət Dram Te­atrının binasında yerləşən 45 saylı 4-cü seçki dairəsindən saldıq. Komissiya səd­ri Məhəbbət Məmmədova siyahıda olan 5031 seçicidən 165-nin ilk dəfə səsvermə hüququ qazandığını və onların da əksəriy­yətinin artıq məntəqələrdə öz iradələrini ifadə etdiklərini bildirdi. 

Məntəqənin qarşısında “ekzit-poll” keçirən Sosioloji Tədqiqatlar Mərkəzinin əməkdaşı Səmra Qazıbəyova ilə də görüş­dük. Səs verib məntəqəni tərk edən seçi­cilərin fikirləri ilə maraqlandığını dedi: 

– İlk dəfədir ki, “ekzit-poll”da iştirak edirəm. Çox maraqlıdır. Seçicilərdən kimə səs verdiyini bildirən də olur, bu “sirr”i aç­mayan da. Ümumiyyətlə, seçki elektoratı ilə ünsiyyət qurmağımdan məmnunam.

Üç ərazini – Sumqayıt, Abşeron və Qaradağ rayonunun müəyyən yaşayış məntəqələrini əhatə edən 47 saylı dairə seç­ki komissiyasında da əsl işgüzar ruh hökm sürürdü. Komissiya üzvlərindən ayrı-ayrı məntəqələrə yollanan kim, telefon zənglə­rini cavablandıran kim, suallarla müraciət edənləri dinləyib köməklik göstərən kim... 

Dairə seçki komissiyasının sədri İlqar Allahverdiyev bildirdi ki, Sumqayıtın bu ərazisində, Ceyranbatanda, Müşfiqdə, Qı­zıldaşda, Aşağı Güzdəkdə, Pirəküşküldə, Qobustan-kənddə yaradılmış 46 məntəqə üzrə 52 min 367 vətəndaş seçici kimi qey­diyyata alınıb. Səsverməni 7 veb-kamera ilə izləmək mümkündür. İnanırıq ki, çə­kilən zəhmət hədər getməyəcək və seçkilər yüksək fəallıqla başa çatacaq.

Oradan çıxanda yaxınlıqdakı məntəqə­də səs vermiş ən gənc seçici İbrahim Əh­mədovla rastlaşdıq. Sentyabrın 1-də 18 yaşının tamam olduğunu və artıq səsvermə hüququnun təmin edilməsindən məmnun­luğunu, böyük ruh yüksəkliyi ilə seçki ma­rafonuna qoşulduğunu dilə gətirdi. “Xalqı­mız, dövlətimiz üçün xeyirli olsun!” – dedi. 

Sonda bildirək ki, Sumqayıtda seçkilər 6 dairədə keçirilib. Seçicilər 210 seçki məntəqəsində səs veriblər. Seçki məntəqə­sinə gələ bilməyən vətəndaşların evlərinə səsvermə qutuları aparılıb.

Mingəçevir

Mingəçevir Dövlət Dram Teatrı son iki ildə çox böyük uğurlara imza atıb. Hər dəfə Nur şəhərinə gedəndə mütləq bu sənət məbədinə baş çəkirəm. Yaxın-u­zaq rayonlardan teatrda qoyulan əsər­lərə baxmağa bilirsiniz nə qədər tamaşa­çı gəlir? Teatrın direktoru, respublikanın Əməkdar artisti İntiqam Soltan bildirir ki, qastrol səfərlərində olarkən bəzən bir tamaşa oynamalı olduğumuz halda, bir neçəsini göstərməyə məcbur oluruq. Əl çəkmirlər, buraxmırlar.

Söhbətə teatrdan başlamağımız təsa­düfi deyil. Mingəçevir 54 saylı seçki da­irəsinin 36 saylı məntəqəsi burada yerləşir. Məntəqənin sədri Mirzə Cavadov təcrü­bəli adamdır. Uzun illərdir şəhər təhsilinə rəhbərlik edir. Bildirir ki, mingəçevirlilər mıəntəqəyə böyük həvəslə gəlirlər.

Dairə seçki komissiyasının sədri Oq­tay Məmmədov da seçici fəallığından razı qaldığını bildirdi. Söylədi ki, 40 məntəqə­nin 12-də veb-kamera quraşdırılıb. Hələ indiyədək bir qanun pozuntusu qeydə alın­mayıb. Bir sözlə, şəhərimizdə seçki fəallıq­la keçib.

Lənkəran

“Cənub mirvarisi” adlanan şəhərin sakinləri yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək, Milli Məclisə növbə­dənkənar seçkilərdə fəallıq göstəriblər.

Şəhər sakinləri səhər saat 08:00-dan etibarən mütəşəkkil şəkildə məntəqələrə gəlib, istədikləri namizədə səs veriblər. Lənkəranda deputat mandatı uğrunda 3 da­irə üzrə 20 namizəd mübarizə aparıb. 132 seçki məntəqəsi üzrə ümumi seçicilərin sayı 139 min 166 nəfər təşkil edir. 1399 nəfəri ilk dəfə səs verib.

Ümumilikdə, Lənkəran rayonunda 3 dairə üzrə 22 məntəqədə veb-kamera quraş­dırılıb. Seçkiləri 754 nəfər yerli müşahidəçi ilə yanaşı, xarici müşahidəçilər də izləyib.

Qeyd edək ki, ölkənin ən yaşlı seçicisi 134 yaşlı Tamam Əzizova 78 saylı Lənkə­ran kənd seçki dairəsinin 38 saylı məntəqə­sində qeydiyyatdadır. O da böyük həvəslə dövlətimizin möhkəmliyinə, sevimli bala­larının, nəvə-nəticələrinin xoş və firavan günlərinə səs verib. Xarxatan kənd sakini – 104 yaşlı seçici Qızvəs Mehtiyeva isə səhhətində problem yarandığı üçün 76 saylı Lənkəran–Masallı seçki dairəsinin 29 saylı məntəqəsinə seçki qutusunun evinə gəti­rilməsi üçün müraciət edib. Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gə­tirilib.

Qızvəs nənə jurnalistlərə bildirib: “Əv­vəlki bütün seçkilərdə fəal iştirak etmişəm. Amma indi səhhətimdə yaranan problemə görə məntəqəyə gedə bilmədim. Sağ olsun­lar, qutunu evimə gətirdilər ki, bu dəfə də seçkidən kənarda qalmayım. Mən də ən la­yiqli hesab etdiyim namizədə səs verdim”.

77 saylı Lənkəran şəhər dairə seçki komissiyasının sədri İqbal Rəcəbov bildi­rib ki, 41 məntəqə üzrə 47 min 815 seçici qeydə alınıb. Məntəqələrdə səsvermənin Seçki Məcəlləsinə uyğun, azad və demok­ratik keçirilməsi üçün lazımi şərait yaradı­lıb, 10 məntəqədə “exit-poll” təşkil olunub. Gün ərzində heç bir insident baş verməyib. Səsvermə prosesi yerli və beynəlxalq mü­şahidəçilərin ciddi nəzarəti ilə seçki qanun­larına uyğun, heç bir pozuntuya yol veril­mədən davam edib.

Abşeron

Dünən 48-ci Abşeron seçki dairəsinin 5, 15 və 18 saylı seçki məntəqələrində növbədənkənar parlament seçkilərində səsvermənin gedişini izlədik. Seçkilər qa­nunvericiliyə uyğun şəkildə keçirilir və seçici aktivliyi müşahidə edilirdi. 

Müşahidə etdiyimiz 15 saylı seçki məntəqəsinin sədri Fəranə Məhərrəmova seçici fəallığını yüksək qiymətləndirdi: “Məntəqə üzrə 1497 seçicimiz var. Ümid edirik ki, layiqli namizəd qalib olacaq”. 

Eləcə də 1462 seçicinin qeydə alındığı 5 saylı seçki məntəqəsinin sədri Təranə Rə­sulova səhər saatlarından gərgin işlədikləri­ni diqqətimizə çatdırdı. Bildirdi ki, seçicilər aktivlik nümayiş etdirirlər. 

Məntəqəyə gəlmiş seçicilərlə söhbət etdik. Amin Hüseynov qonşuları ilə birlik­də gəlmişdi. O, seçki hüququndan istifadə etməsini vətəndaşlıq borcu hesab etdiyini vurğuladı.

Gənc seçici Günel Ağayeva Xırdalan şəhər sakinidir. O, səs verdiyi müddətdə böyük seçici fəallığı gördüyünü dilə gətir­di: “Aktivlik xoş təsir bağışladı. Dövləti­miz, xalqımız və gələcəyimiz üçün xeyirli olsun”.

Seçkini ölkəmizin gələcəyi üçün mü­hüm siyasi kampaniya hesab edən Zemfira Qasımova qürur hissi ilə söylədi: 

– Mən də öz seçimimi etmişəm, ən la­yiqli namizədə səs vermişəm.

Qeyd edək ki, 48 saylı Abşeron birinci seçki dairəsinə 38 məntəqə daxildir. Eləcə də Abşeronda 49 saylı ikinci seçki dairəsi də fəaliyyət göstərir ki, onun da tabeliyində 36 seçki məntəqəsi var. 

Zaqatala

Hələ seçkidən bir gün əvvəl bəzi rəqəmləri dəqiqləşdirmək üçün 112 say­lı Zaqatala seçki dairəsinin sədri Fikrət Mustafayevlə əlaqə saxlayanda mənə maraqlı bir əhvalat danışdı. Dedi ki, elə indicə Yengiyan kəndindən gəlirəm. Ma­ğazaya girəndə kimi görsəm yaxşıdır? 101 yaşlı Rubeydə Gülməmmədovanı. Kefini soruşdum. “Şəkər tozu almağa gəlmişəm”– dedi. Mat qaldım. Nə gizlə­dim, iki ədəd əl-üz sabunu və bir kiloq­ram konfet alıb: – Bu da mənib sənə hə­diyyəm, – dedim. – Seçki günü səsvermə qutusunu evinizə göndərəcəyik. Təəc­cübləndi. “Nə danışırsan, ay oğul, – dedi, – özüm məntəqəyə gedə bilmirəm ki?”

Seçki günü Fikrət müəllimlə əlaqə sax­ladım. 101 yaşlı nənəni soruşdum. Bildirdi ki, Rubeydə Gülməmmədova nəvələri ilə birlikdə 35 saylı məntəqəyə gəlib, istədiyi namizədə səs verib. 

112 saylı dairədə 43 məntəqə var və onların 5-də veb-kamera quraşdırılıb. 829 nəfər müşahidəçi qeydiyyatdan keçib. 260 seçici ilk dəfə bülleten götürüb səsvermə qutusuna yaxınlaşıb.

İsmayıllı

Açığı, 2 il bundan əvvəl rayonun İvanovka kəndində yaşayan Anastasiya Ja­binaya söz vermişdim ki, onun 100 illi­yində gəlib iştirak edəcəyəm. Sonra bu ilin fevral ayında Prezident seçkilərində özü məntəqəyə gəlib Ali Baş Komandanımıza səs verəndə də demişdim ki, mütləq gələ­cəyəm. Amma, gedə bilmədim. Seçki günü 89 saylı dairənin 26 saylı məntəqəsinin sədri Palina Babayeva ilə əlaqə saxlayanda çox təəssüflə bildirdi ki, Anastasiya xanım bu dəfə səsverməyə gələ bilmədi. Məcbur olub qutunu evlərinə göndərdik.

89 saylı seçki dairəsinin sədri Namiq Kərimovla əlaqə saxladıq. Söylədi ki, 6 məntəqədə veb-kamera quraşdırılıb. 17 nəfər ilk dəfə səs verib. Seçkilərin gedişini 851 müşahidəçi izləyib.

Günün axırında dairə ilə əlaqə saxladıq. Bildirdilər ki, seçicilərin böyük əksəriyyəti səsvermədə iştirak edib.

Qəbələ

Nəcəf Mustafayevin 96 yaşı var. Qə­bələ rayonunda yaşayır. Hələ elə bir seçki olmayıb ki, iştirak eləməsin, məntəqəyə gedib səs verməsin. Dəfələrlə görüşmüşük. Söhbətcil adamdır. Elə maraqlı əhvalatlar danışsın ki... Qulaq asmaqdan doymursan. Səhər zəng vurmuşdu. “116 saylı Qəbələ seçki dairəsinin 4 saylı məntəqəsindəyəm, –dedi, – Elə bildim, birinci gəlmişəm. Gə­lib görürəm ki, cavanlar məni gözləyir. Dedilər ki, Nəcəf dayı birinci sən səs ver. Nə gizlədim, oğul, əməlli-başlı kövrəldim. Özündən böyüyə göstərilən xoş münasi­bəti görəndə ürəyim dağa dönür. Bilirsən məntəqədə indi nə qədər adam var?”

Eyni sözləri dairə seçki komissiyasının sədri Zülfüqar Cəfərov da dedi. Bildirdi ki. aparılan təbliğat-təşviqat işləri öz bəhrəsini verib. Gələnlərin sayı kifayət qədərdir. 54 min 66 seçicimiz var. Onlar 59 məntəqədə səs verəcəklər. 9 məntəqədə veb-kamera quraşdırılıb. Maraqlıdır ki, 530 nəfər ilk səs verənlərdən 10 nəfərinin ad günü məhz sentyabrın 1-nə təsadüf edib. Onlar böyük əhval-ruhiyyə ilə səs veriblər.

Hazırladılar:
Əli NƏCƏFXANLI,
İlqar HƏSƏNOV,
Rizvan FİKRƏTOĞLU,
Səbuhi HƏSƏNOV
XQ













Son xəbərlər