Paytaxt rayonlarında Milli Məclisə seçkilər

post-img

Səbail

7 saylı Səbail seçki dairəsinin 23 say­lı məntəqəsi Bibiheybətdəki 6 saylı peşə məktəbində yerləşir. Məntəqənin katibi Rəmşad Mehdiyev dedi ki, dairə üzrə 8 nəfərin Milli Məclisin deputatlığına na­mizədliyi qeydə alıınıb. Onların hər biri­nin seçkiqabağı təbliğat aparması üçün normal şərait yaradılıb. Bu gün seçicilər ən layiqli namizədi müəyyənləşdirmək üçün seçimlərini edirlər. 

Məntəqədə yüksək seçici fəallığı mü­şahidə olundu. İnsanların əhvali-ruhiyyəsi yüksək idi. Builki parlament seçkilərinin Azərbaycanın ərazi bütövlüyünün tam tə­min olunması şəraitində keçirilməsi seçi­cilərdə iftixar hissi doğurub. 

24 saylı seçki məntəqəsi isə 51 say­lı tam orta məktəbdə yerləşir. Məntəqə­nin sədri Dilarə Kətənova dedi ki, burada 1457 seçici qeydiyyata alınıb. Seçicilər öz vətəndaşlıq borclarını həvəslə yerinə yeti­rirlər. Seçki prosesini 16 müşahidəçi izlə­yir. Müstəqil müşahidəçi Ədilə Quliyeva bildirdi ki, hələlik heç bir qanun pozuntusu yoxdur. 

Məntəqənin qarşısında gənc bir qız “exit-poll” aparırdı. Nigar Nəsirova Bakı Dövlət Universitetinin sosiologiya fakültə­sinin 3-cü kurs tələbəsidir. O, ölkəmizdə vüsət alan vətəndaş cəmiyyəti quruculu­ğunda fəal iştirak edir. 

Binəqədi

8 saylı Binəqədi birinci seçki dairə­sinin 4 saylı məntəqəsində 1200-ə yaxın seçici qeydə alınıb. Məntəqədə seçicilə­rin sərbəst, maneəsiz səs vermələri üçün hər cür şərait yaradılıb. Komissiya üzv­lərinin rahat işləmələri, müşahidəçilərin seçki prosesini aydın izləyə bilmələri üçün də nə lazımdırsa edilib. 

Məntəqə seçki komissiyasının sədri Fəridə Yunusova bildirdi:

– Məntəqəmizdə səs verəcək seçicilərin sayı 1198-dir. Ərazidə yaşı 80-dən yuxarı olan 21 seçici qeydə alınıb. 91 yaşılı Əj­dər Məmmədov evinə qutu aparılmasına razı olmadı. Seçkinin ab-havasını duymaq, hamı ilə bir yerdə olmaq istədiyini bildirdi və gəlib məntəqədə səs verdi. Əlil və xəstə seçicilərin mənzillərinə səyyar seçki qutu­ları göndəririk. Yaxınlıqda yerləşən “Əlillər evi” adlanan 16-cı binanın sakinləri də bu gün burada səs verirlər. 

Məntəqədə səsverməni müxtəlif par­tiyaların, qeyri hökumət təşkilatlarının nümayəndələri və öz təşəbbüsü ilə iştirak edən 16 müşahidəçi izləyirdi. Onlara yaxın­laşıb seçki prosesinin necə getdiyi ilə ma­raqlanırıq. 

“Ümid” partiyasının təmsilçisi Gülşən Ağayeva bildirdi:

– Hələlik heç bir qanun pozuntusu qey­də almamışam. Seçicilər bülletenlərini gö­türüb kabinədə inandıqları namizədi özləri seçir. 

***

8 saylı Binəqədi birinci seçki dairəsi­nin Bakı Humanitar Kollecində yerləşən 34 saylı məntəqəsi paytaxtın iri yaşayış massivlərindən olan 8-ci mikrorayonda yerləşir. Səhər tezdən sakinlər axın-axın vətəndaş borcunu yerinə yetirməyə gəl­mişdilər. Burada da taleyüklü seçim pro­sesi ahəngdarlıqla davam edirdi.

Bu vaxt filippinli müşahidəçilər içəri daxil oldular. Onlar seçicilərin baş barma­ğının işarələnməsindən tutmuş, səsverməyə gələn çoxsaylı adamların maneəsiz olaraq prosesə qoşulmasına, gizli seçim etməsinə və aşkarlığı tamamlayan şəffaf qutularadək bütöv bir ahəngdarlıq təşkil edən “seçki konveyeri”nə heyranlıqla diqqət yetirib məmnunluqlarını bildirdilər. Sonra onlar yerli müşahidəçilərə yaxınlaşıb onların rəy və qeydləri ilə də maraqlandılar. 10-dan artıq partiya və QHT təmsilçisi, müstəqil ekspertlər prosesin normal, pozuntu baş vermədən getdiyini söylədilər.

Uzaq Filippindən gəlmiş Yamo Bendell və Varner Karl Andolena Azərbaycandakı indiki parlament seçkisinin əvvəlkilərdən nə ilə fərqləndiyi ilə də maraqlandılar.

Mərkəzi Seçki Komissiyasının müşahidəçisi, Yeni Azərbaycan Par­tiyası Binəqədi rayon seçki qərarga­hının üzvü, ixtisasca jurnalist olan Rəfiqə Məsud müşahidəçi həmkarların­dan bu suala özünün əhatəli cavab ver­məsinə icazə alıb bildirdi:

– Mən müstəqillik dövründə ölkəmizdə keçirilən prezident, parlament seçkilərinin hamısında müşahidəçi olduğumdan bu sual mənə doğmadır. Azəraycanda 33 ildə keçi­rilən seçkilərin mükəmməllik dinamikası yüksəlişlə müşayiət olunub. Təcrübə daim artıb, hüquqi baza təkmilləşib. Bu seçkilə­rin hamısı xalqın iradəsini ifadə edib. Seç­kilərin nəticələri ölkəmizi demokratik yolla irəli aparıb. Azərbaycan Ulu öndər Heydər Əliyevin yaratdığı əsaslarla dirçəlib, inki­şaf yoluna çıxıb. Prezident İlham Əliyev hərtərəfli tərəqqini təmin etməklə ölkəmizi regionun lider dövlətinə çevirib. 

Bütün bunlar o deməkdir ki, ötən seç­kilərdə xalqımız onun maraqlarını yüksək səviyyədə ifadə edən liderləri və deputatla­rı düzgün seçib. Belə seçim illər keçdikcə daha yüksək səviyyəyə qalxıb. Lakin təca­vüzkar Ermənistanın Qarabağda yaratdığı separatçı hərbi xunta müstəqillik illərində Azərbaycanın suverenliyinə qənim kəsil­mişdi. Seçki prosesi də bu münaqişədən ciddi zədə almışdı. Bölgənin yerli əhalisi vilayətdən vəhşiliklə qovulmuş, erməni icması isə quldurların əsarətində qalmışdı. Buradakı oyuncaq rejimin keçirdiyi əsas­sız, saxta seçkilər Azərbaycanın suverenli­yinə zərbə və xalqımıza xəyanət idi.

Bu seçkilər Azərbaycanın hər yerində keçirilir. Qarabağdan qovulmuş əhalinin xeyli hissəsi 34 ildən sonra bu dəfə öz yur­dunda səs verir. Mükəmməlliyi və bütün ölkəmizi əhatə etməsi ilə budəfəki seçki bütün əvvəlkilərdən yüksəkdə dayanır. Bu, ölkəmizin demokratik inkişafında əldə edil­miş tarixi uğurdur.

Filippinli müşühidəçilər diktofonlarına da yazdıqları bu məlumatdan çox məmnun oldular.

Nəsimi

21 saylı Nəsimi – Binəqədi seçki da­irəsində seçicilərin sayı 33 min 833 nəfər­dir. Dairə üzrə məntəqələrin sayı 37-dir. Onlardan 23-ü Nəsimi, 14-ü Binəqədi ra­yonunun ərazisindədir. 

DSK sədri Çingiz Dadaşov “XQ”-ya bu açıqlamasında onu da bildirdi ki, seçkilərdə şəffaflığın və aşkarlığın təmin edilməsi üçün məntəqə komissiyalarında hər cür şərait yaradılıb: “Bütün məntəqələr seçicilərin rahat və şəffaf şəkildə səs ver­mələri, komissiya üzvlərinin, eləcə də mü­çahidəçilərin, namizədlərin nümayəndələ­rinin normal fəaliyyəti üçün lazımi şərait və zəruri avadanlıqlarla təchiz olunub. Seçki məntəqələrinin 12-də veb-kamera quraşdı­rılıb”.

6 saylı məntəqədə səs verən tələbə Hik­mət Yaqubov Qarabağ Universitetinin təsis olunmasından çox sevindiyini böyük məm­nuniyyətlə qeyd etdi və təhsildən sonra Xankəndiyə getmək istədiyini söylədi. 

Belə bir mütəşəkkillik seçicilərin de­mokratik prosesə olan marağını və vətən­daş cəmiyyətinin inkişafına verdikləri əhə­miyyəti nümayiş etdirir. Seçkilərin bu cür fəallıqla keçməsi, demokratik cəmiyyətin formalaşmasında mühüm addımlardan biri kimi dəyərləndirilir və ölkənin gələcək in­kişafı üçün əhəmiyyətli bir hadisə sayılır. Müşahidəçilər isə bildirdilər ki, məntəqə­də heç bir qanunqeydə alınmayıb. Bu, məntəqədə səsvermənin tam qaydasında, sakit və təhlükəsiz şəraitdə keçirildiyini göstərirdi. 

Əslən Qərbi Azərbaycandan 79 yaş­lı seçici Xanımgül Əbdüləzizova bizimlə söhbətində dedi ki, daşınan qutuya ehtiyac duymadan özü məntəqəyə gəlib və namizə­dinə səs verib:

– Bu, mənim doğma Vətənimə, xüsu­silə də ölkə başçısına olan sevgimdən irə­li gəlir. Qarabağ Zəfərini gördüyüm kimi, doğma dədə-baba yurduma dönəcəyimə də əminəm. İnanıram ki, dövlətimizin başçısı İlham Əliyev Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdışına nail olacaq. Allah ölkəmizin rəhbərinə uzun ömür ver­sin. Əsgərlərimizi, zabitlərimizi qorusun. Şəhidlərimizə də Allahdan rəhmət dilə­yirəm.

23 saylı seçki məntəqəsinin sədri Aydan Cavadlı seçicilərin prosesə fəal qoşulduq­larını, səsvermədə iştirak etmək üçün ərizə yazan, həmçinin telefonla müraciət edən şəxslərə kömək göstərildiyini vurğuladı. Eyni zamanda, yaşlı sakinlərin evlərinə qutular göndərilməsinin diqqətdə saxlanıl­dığını qeyd etdi.

***

Nəsimi rayonundakı 5 saylı məktəbdə fəaliyyət göstərən15 saylı seçki məntəqə­sində də səsvermə mütəşəkkil keçirdi. Seçicilərin yüksək əhvalla səs verməsi diqqəti xüsusi ilə cəlb edirdi. Budəfəki seçkilərin Qarabağı və Şərqi Zəngəzuru da əhatə etməsini seçicilər öyüncə qeyd edirdilər. 

Ağdamdan məcburi köçkün olan seçici Elməddin Mirzəyev bildirdi ki, atası Yaşar Mirzəyev Xocalı soyqırımı gecəsi şəhər əhalisini mühasirədən çıxaran zaman dö­yüşdə ağır yaralanaraq uzun illər əlil ara­basında ağrı-acılı ömür sürdü. Bu gün xo­calıların öz evlərində səs verməsi atasının narahat ruhunu şad edir. Mərhun Qarabağ qazisinin övladları bu xöşbəxtliyi xalqımı­za bəxş etmiş Prezident İlham Əliyevə min­nətdardırlar.

Məntəqə komissiyasının sədri Məlahət Hüseynova xarici müşahidəçilərin burada seçkinin təşkilindən və keçirilməsindən razı qaldıqlarını məmnunluqla qeyd etdi. Yerli müşahidəçilərdən YAP-in təmsilçisi Məhluqə Əhmədova, “Ağ partiya”nın nü­mayəndəsi Elşən Məmmədzadə, Müsavat partiyasını təmsil edən Radim Abdullayev, müstəqil müşahidəçilər Nizami Xəlilov, Gülnarə Səfərəliyeva və digər ictimai nə­zarətçilər də prosesin ahəngdar getdiyini, verilən sualların dərhal cavablandırıldığını, qanun pozuntusunun baş vermədiyini söy­lədilər. 

Seçkini müşahidə etməyə gəlmiş Nə­simi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski də prosesdən razı qaldığı­nı qeyd edərək bildirdi ki, rayonun digər məntəqələrində də səsvermə fəallıqla keçir, narahatlıq qdoğuran hallara rast gəlinmə­yib. Bu ölkəmizdə seçki mədəniyyətinin yüksək səviyyədə mənimsənildiyini, xalqı­mızın ictimai fəallığın ildən-ilə artdığını göstərir.

Qaradağ

Azərbaycan Respublikası Milli Məc­lisinə növbədənkənar seçkilər günündə Bakının Qaradağ rayonunun bütün səs­vermə məntəqələrində seçicilərin böyük fəallığı müşahidə olunurdu.

11 saylı Qaradağ-Binəqədi seçki dairə­sinin 33 saylı seçki məntəqəsinin sədri Sa­mirə Musayeva XQ-nin müxbirinə bildirdi ki, məntəqə üzrə 1398 seçici qeyiyyata alı­nıb. Onları çoxu böyük həvəslə səs verirlər. 

Samirə xanım həmçinin vurğuladı ki, səsvermə zamanı qanunazidd hallara rast gəlinməyib, seçki prosedurunnu bütün qay­dalarına əməl olunur. Müxtəlif siyası par­tıyaların və bitərəflərin nümayəndələrinə, eləcə də müşahidəçilərə seçki prosesini iz­ləmək üçün hər cür şərait yaradılıb.

Biz dairənin digər məntəqələrində də yüksək seçki fəallığının şahidi olduq. İn­sanlar öz vətəndaşlıq borclarını yerinə yetirməkdən dərin mənunluq hissi keçirir­dilər. 

Qaradağlılar əmindirlər ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən budəfəki seçkilər ölkəmizdə qanunçuluq və demokratiyanın inkişafına layiqli töhfə verəcək. 

Xəzər

Milli Məclisə növbədənkənar seç­kilərin gedişini rayondakı 12 saylı Xəzər birinci seçki dairəsinin ərazisindəki bir neçə məntəqədə müşahidə etdik. Məntəqələrdə seçicilərin barmaqlarının şəffaf mürəkkəblə rənglənməsi qəbul olunmuş ümumi qaydada həyata keçi­rilirdi. Seçicilər heç bir maneə olmadan bülleten alıb istədikləri namizədə səs verirdilər. 1, 4, 7, 11 saylı məntəqələrdə səsvermənin sərbəst şəkildə keçirildiyini gördük. 

Dairə seçki komissiyasının sədri Mütəl­lim Balaqardaşov bildirdi ki, ərazidə 47 min 981 daimi seçici qeydə alınıb:

– Məntəqə seçki komissiyalarından göndərilmiş məlumata görə, saat 12-də se­çicilərin 9,5 min nəfəri səsvermədə iştirak edib ki, bu da ümumi sayın 20 faizə qədəri­ni təşkil edir. Səsvermənin gedişini deputat­lığa namizədlərin vəkilləri və səlahiyyətli nümayəndələri müşahidə edirlər. 

1 saylı seçki məntəqəsində seçici fəal­lığı daha yüksək idi. İlk olaraq səsvermə prosesinin gedişi ilə tanış olduq. Komissiya sədri Failə Rüstəmova bildirdi ki, saat 10-a qədər artıq 150 seçici vətəndaşlıq borcunu yerinə yetirib. 13 nəfər gənc ilk dəfə səs ve­rir. Ən yaşlı seçici 90 yaşlı Nabat Şirinova isə səhər tezdən öz ağbirçək xeyir-duasını bildirib səs verdi.

Suraxanı 

Suraxanı rayonunda səhər saatla­rından etibarən səsvermə məntəqələ­rində seçici fəallığı nəzərə çarpırdı. Bu mütəşəkkillik 30 saylı Suraxanı birinci seçki dairəsinin əhatə etdiyi məntəqələr­də də hiss olunurdu. 

Dairə seçki komissiyasının sədri Na­dir Tağıyev bildirdi ki, səsvermə prosesini mütəşəkkil qaydada təşkil etmək üçün 2-si qapalı olmaqla 37 seçki məntəqəsi yaradı­lıb. Bütün məntəqələrdə hazırlıq işləri ən yüksək səviyyədə başa çatdırılıb. Səsvermə prosesini diqqətlə izləmək üçün 8 məntəqə­də veb-kamera quraşdırılıb. Dairə üzrə 47 min 623 seçici qeydə alınıb.

Səsvermə prosesinin ilk saatlarından bütün məntəqələrdə, xüsusən də 8, 10, 21 və 32 saylı məntəqələrdə daha çox fəal­lıq müşahidə olunurdu. Artıq saat 12-dək 12 mindən çox vətəndaşın məntəqələrə gələrək səs verməsi (25 faiz) də bu fəallığın nəticəsi idi.

Yüksək seçici fəallığı 31 saylı Su­raxanı ikinci seçki dairəsinə daxil olan məntəqələrdə də müşahidə olunurdu. Dairə seçki komissiyasının sədri İlham Bayramov bildirdi ki, 38 məntəqə üzrə 49 min 860 se­çici qeydiyyata alınıb. Dairə üzrə deputat mandatına sahib çıxmaq uğrunda 8 nəfər namizəd seçki marafonuna qoşulub. Onla­ra səs vermək istəyən vətəndaşların öz ira­dələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb. 

Ötən hər saat yüksək seçici fəallığı şəraitində keçirdi. Bu da seçkiyə marağın yüksək olmasını göstərirdi. Bununla yana­şı, ATƏT və bir sıra digər beynəlxalq qu­rumların, eləcə də ayrı-ayrı xarici ölkələrin müşahidə missiyalarının üzvləri də gün ər­zində bir neçə məntəqəyə baş çəkərək səs­vermə prosesini yaxından izləyiblər. 

Yasamal

Azərbaycanın Milli Qəhrəmanı şəhid Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə yerləşən 15 saylı Yasamal 1-ci seçki dairəsinin 24, 25 və 26 saylı seçki məntəqələrində oldum. Əvvəlcə 24 saylı seçki məntəqəsinə yaxınlaşdım. Məntəqənin sədri Pərvanə Əliyeva bil­dirdi ki, 1261 nəfərə bildiriş paylanılıb. Seçki günü saat 10-a kimi 60 nəfər seçici səs verib. Ən yaşlı seçici Həcər Səfərova­nın 99 yaşı var. 

Pərvanə xanım sonra dedi ki, bir neçə dəqiqə əvvəl beynəlxalq müşahidəçilər məntəqəyə təşrif buyurmuşdular, seçicilə­rin azad, sərbəst şəkildə səs vermələri üçün yaradılmış şəraitlə yaxından tanış oldular. Onlar səsvermə prosesindən razı qaldıqla­rını bildirdilər. Səsverməyə gələn Gülnar Mehdiyeva adlı seçiciyə yaxınlaşdım. O, “XQ”-dən olduğumu biləndə dedi: 

– Mən 70 yaşımı haqlamışam. Builki seçkilər onunla əlamətdardır ki, xalqımız 30 ilə yaxın işğalda olan torpaqlarını azad edib. Vaxtilə dərs dediyim şagirdlərimin bir neçəsi 44 günlük Vətən Müharibəsində qəhrəmancasına vuruşublar, aralarında şə­hid olanlar da var. Ruhları şad olsun! 

25 saylı məntəqənin sədri Kəmalə İs­gəndərova məlumat verdi ki, məntəqə üzrə ən yaşlı seçicimizin 82 yaşı var. Burada vətəndaşların sərbəst, demokratik şəraitdə səs vermələri üçün zəruri olan bütün işlər görülmüşdür. İndi saat 12-dir. 100-ə yaxın seçici səs verib. 

Nərimanov

19 və 20 saylı Nərimanov seçki da­irələrinin məntəqələrində səsvermənin ilk saatlarından canlanma müşahidə olunurdu. Məntəqələrdə insanlar sərbəst şəkildə səsvermə prosesində iştirak edir­dilər. 

19 saylı Nərimanov birinci seçki dairə­sinin komissiya sədri Azad Nəbiyev səsver­mənin gedişi barədə XQ-yə məlumat verdi:

– Dairəyə daxil olan 37 məntəqə­də hər bir seçici sərbəst şəkildə səs verir. Məntəqlərimizdə 48 min 631 seçici qey­diyyata alınıb. Şəffaflığın təmin edilməsi məqsədilə 11 məntəqədə veb-kamera qu­raşdırılıb. 26, 6, 7, 24, 26, 28 və 36 saylı məntəqlərdə seçici fəallığı müşahidə edilir. Səs verən ən yaşlı seçicinin 103 yaşı var. Səsvermədə iştirak edən 2 gəncin isə bu gün 18 yaşı tamam olub. Dairə üzrə 597 nəfər vətəndaş səsvermədə ilk dəfə iştirak edir. 20-dək məntəqədə xarici müşahidə­çilər seçki prosesini izləyiblər. Ciddi qayda pozuntuları aşkarlanmayıb. Hər bir vətən­daş məntəqələrdə yaradılan şəraitdən məm­nun qalıb. Dairədən 6 nəfər deputatlığa na­mizədliyini irəli sürüb. 

20 saylı Nərimanov ikinci seçki dairə­sinin məntəqələrində səs verən seçicilər də istədikləri namizədlərə rahatlıqla səs verir­dilər. 

Dairə komissiya sədri Musa Musayev məntəqələrdə müşahidə olunan seçki pro­sesi barədə danışdı:

– Dairə üzrə 36 məntəqədə 49 min 191 seçici qeydə alınıb. Ən yaşlı 3 nəfər xanım vətəndaşımız bu seçkidə səs verib. Onlar­dan 2-sinin 101, 1-nin isə 100 yaşı var. 2 nəfər seçicimizin bu gün 18 yaşı tamam olub. 568 nəfər seçici isə ilk dəfə səsvermə prosesində iştirak edir. 4, 5, 15, 19, 3, 11 və 35 saylı məntəqlərdə seçici fəallığı müşa­hidə olunur. 

Nizami 

24 saylı Nizami birinci seçki dairəsi­nin seçki məntəqələrində də yüksək fəal­lıq müşahidə edilirdi. Seçicilərin sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Söhbət zamanı 1 saylı seçki məntəqəsinin sədri Rövşən Məmmədov bildirdi:

– Bizim məntəqədəki siyahıda 1481 nəfər seçici var. Seçkilər məcəlləyə uyğun keçirilir və heç bir qanun pozuntusuna yol verilməyib. Müxtəlif siyasi partiyaların nümayəndələri, deputatlığa namizədlərin vəkilləri, müstəqil müşahidəçilər seçki pro­sesini diqqətlə izləyirlər. 

Seçici Gültəkin Süleymanova isə dedi ki, uzun illər 220 saylı məktəbdə müəllim işləyib:

– Mən pensiyaya çıxsam da ictimai hə­yatda fəal iştirak edirəm. Yaşadığım ərazi­də seçicilərin səsvermədə fəal iştirakı üçün təbliğat aparmışam. Gördüyünüz kimi səs­vermə olduqca fəal keçir. Bütün namizəd­lərə uğurlar arzulayıram.

Seçki dairəsinin 2 saylı məntəqəsinin sədri Laləzar Məmmədova bildirdi ki, əra­zidə 1480 seçici var. 2 nəfər ahıl yaşların­dadır. Onların evinə qutu aparılıb. 

24 saylı Nizami birinci dairə seçki ko­missiyasının sədri Niyazi Nəcəfov isə bil­dirdi ki, ərazi üzrə 8 namizəd qeydiyyatdan keçib. 49 min 24 nəfər seçici qeydə alınıb, onlardan 368 nəfəri ilk dəfə səsverənlərdir. Bütün məntəqələr veb-kameralarla, texniki vasitələrlə təchiz olunub. Bir narazılıq, qa­nun pozuntusu qeydə alınmayıb. 

Hazırladılar:
Tahir AYDINOĞLU,
Məsaim HACIXANLI,
Vaqif BİNYATOĞLU,
İmran BƏDİRXANLI,
Zərifə HÜSEYNOVA,
Mirbağır QULİYEV,
Paşa ƏMİRCANOV,
Pünhan ƏFƏNDİYEV,
Leyla QURBANOVA,
Kəmalə ABDİNOVA,
Ceyhun ALIŞLI
XQ







Son xəbərlər