Asiya İnkişaf Bankı ölkəmizin təmiz enerji layihələrini dəstəkləyir

post-img

“Yaşıl” güc mənbələrinin şaxələndirilməsinə daha çox maraq göstərilir

Energetika nazirinin müavini Orxan Zeynalov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) enerji sektorunun baş direktoru Priyanta Vijayatunqa və Şərqi, Mərkəzi və Qərbi Asiya komandasının enerji direktoru Junho Hvanqın təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Söhbət zamanı ölkəmizin AİB ilə sıx əməkdaşlıq əlaqələrini uğurla davam etdir­məsi, energetika sektorunun inkişafı, xü­susilə Azərbaycan təbii qazının Avropaya nəqli layihələrinə bu maliyyə qurumunun göstərdiyi dəstək yüksək qiymətləndirilib. Eyni zamanda, enerji sektoru üzrə potensi­al layihələr və enerji sahəsində yeni əmək­daşlıq imkanları müzakirə edilib. Həmçi­nin respublikamızın bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər, ölkəmizin “yaşıl” ener­ji potensialı, istehsalı və ixracı məsələlə­rindən bəhs edilib, COP29-la bağlı enerji təşəbbüsləri və planlaşdırılan tədbirlər haqqında ətraflı məlumat verilib.

Görüşdə Energetika Nazirliyi və AİB tərəfindən gerçəkləşdirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində ötən ay istismara verilən Bö­yükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusunun respublika­mızın “yaşıl” enerji mənbələrinin şaxələn­dirilməsinin diqqət mərkəzində saxlanıl­masından da danışılıb.

Xatırladaq ki, Energetika Nazirliyi və AİB tərəfindən reallaşdırılan “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ilk pilot günəş enerjisi qurğusu artıq uğurla fəaliyyət göstərir. 

Yeri gəlmişkən, 95 kilovatı suda, 5 ki­lovatı isə quruda quraşdırılaraq istismara verilən Böyükşor günəş elektrik qurğusu vasitəsilə il ərzində 160 min kilovat-saat­dan çox elektrik enerjisi istehsalı proqnoz­laşdırılır. Layihə özəl investisiyaların cəlb olunması üçün çağırış rolunu oynayır və genişləndirilməsi ilə bağlı müzakirələrə şərait yaradır.

AİB-nin respublikamızdakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqanın sözlərinə görə, təmsil etdiyi bank regional layihə çərçivəsində Azər­baycanda su üzərində günəş enerjisindən istifadənin inkişafı üçün texniki dəstək ve­rir. COP29 tədbiri ərəfəsində bu innovativ qurğunun işə salınmasının böyük əhəmiy­yət daşıdığını vurğulayan K.Makdeyqanın fikrincə, pilot layihə kiçik miqyasda həya­ta keçirilsə də, Azərbaycanda daha bir “ya­şıl enerji” mənbəyinə çevrilir, su və günəş resurslarından birgə istifadəni optimallaş­dırır, enerji kompleksini şaxələndirir və emissiyaların qarşısını alır. 

Bank Azərbaycanla əməkdaşlığında ölkəmizin iqtisadiyyatının şaxələndirilmə­si, inklüziv artımın təşviqi ilə bağlı hər za­man önəmli addımlar atıb. Eyni zamanda, COP29-un ev sahibi seçilməsi münasibə­tilə Azərbaycanı təbrik edib və ölkəmizin “yaşıl” inkişaf gündəliyinin əhəmiyyətini yüksək dəyərləndirib. Bununla bərabər, AİB COP29-la bağlı, xüsusilə karbon ba­zarlarının inkişafına texniki dəstək göstər­məyə hazır olduğunu diqqətə çatdırıb. 

Ölkəmizlə AİB arasında sıx əmək­daşlığın göstəricisi olaraq bəzi faktları diqqətə çatdırmaq istərdik. Belə ki, cari il aprelin 1-dək AİB ilə ölkəmiz arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində 4,2 milyard dollar dəyərində maliyyələş­dirmə proqramları reallaşdırılıb. Bundan başqa, Azərbaycan hökumətinin cəlb et­diyi kreditlər üzrə gerçəkləşdirilən layihə və proqramların məbləği isə 3,2 milyard dollar, dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə təmin edilən kreditlər əsasında icra olunan layihə və proqramlar üzrə 930 milyon dollar, bilavasitə özəl sek­torun maliyyələşdirilməsi üzrə 62 milyon dollar ayrılıb. Bundan başqa, AİB tərəfin­dən ölkəmizdə həyata keçirilən layihələrin icrasına dəstək məqsədilə qrant və texniki yardımlar göstərilib. 

Adıçəkilən bankın respublikamızla əməkdaşlığından bəhs edərkən onu da bil­dirək ki, son illər ölkəmizin maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, həmçinin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın möh­kəmləndirilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Dövlət başçısı­nın 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə bununla bağlı nəzərdə tu­tulan tədbirlərin icrası diqqət mərkəzində saxlanılıb. Respublikada investisiya mü­hitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərən məsələlərin həlli, beynəlxalq maliyyə institutları ilə əlaqələrin genişlən­dirilməsi də gerçəkləşdirilib.



Ekologiya