Yazıçı-ekoloq Bəxtiyar Hüseynovun növbəti kitabı “Yaşıl dünya naminə” adlanır. İqlim dəyişikliklərindən irəli gələn fəsadlara, təbii fəlakətlərə qarşı mübarizəyə həsr olunmuş bu nəşrdə Bakıda keçiriləcək COP29 beynəlxalq sammitinə hazırlıqla bağlı tədbirlərdən bəhs edilir.
Yeni kitabda dünyada ekoloji tarazlığın pozulmasından doğan narahatlıq ifadə olunur və “yaşıl” dünya naminə bütün səyləri birləşdirməyin vacibliyi həyati faktlarla diqqətə çatdırılır. Müəllif ətraf mühitin mühafizəsi və təbii sərvətlərin zənginləşməsi istiqamətində görülən işlərlə bağlı Azərbaycanın təcrübəsini örnək kimi təqdim edir.
Kitabın əvvəlində qeyd edilir ki, Prezident İlham Əliyevin Bakıda keçiriləcək COP29 sammiti ilə əlaqədar ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında sərəncamı Azərbaycan təbiətinə göstərilən dövlət qayğısının daha bir ifadəsidir və eyni zamanda, ölkəmizin ekoloji təcrübəsini nümunə kimi dünya qarşısında nümayiş etdirməkdir.
Bəxtiyar Hüseynov bir yazıçı-ekoloq kimi bu qayğıdan ruhlanaraq dövlət başçısının adıçəkilən sərəncamından irəli gələn vəzifələrə mənəvi töhfə olaraq “Yaşıl dünya naminə” kitabını ərsəyə gətirib. Müəllif bununla bağlı yazıb: “Təbii ki, bu vəsaitdə öz düşüncələrimi oxucularla, eləcə də təbiətşünas alimlərlə, ekoloqlarla paylaşmağa çalışmışam. Kitabda təbiətlə bağlı problemlərin və onların həlli yollarının hamının diqqətini çəkəcəyinə əminəm”. Akademik, AMEA-nın vitse-prezidenti İradə Hüseynova kitaba yazdığı rəydə bildirir ki, bu vəsaitin ən ümdə cəhətlərindən biri Bakıda keçiriləcək sammitdə iştirak edəcək ekoloqlarla Azərbaycanın uğurlu ekoloji təcrübəsinin bölüşdürülməsi istəyidir.
Qeyd edək ki, “Yaşıl dünya naminə” kitabı ekoloji problemlərin qoyuluşu və onların həlli yollarının göstərilməsi baxımından müəllifin əvvəlki əsərlərindən daha əhatəlidir. Azərbaycan təbiətşünaslığına mühüm töhfə olan bu nəşrdən tədris müəssisələrində dərs vəsaiti kimi də istifadə edilə bilər.