İstiləşmə bitki örtüyünü də sıradan çıxarır

post-img

Mineral yanacaq növlərindən (neft, qaz, daş kömür) istifadənin geniş yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının həcminin artması dünyada temperaturun yüksəlməsinə səbəb olub. Bunun nəticəsində meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, səhralaşma, quraqlıq kimi hadisələr çoxalıb. Belə bir şəraitdə isə minlərlə hektar əkin sahəsi eroziyaya uğrayaraq yararsızlaşıb. 

Sürətlə dəyişən iqlim insanlar üçün də sağlamlıq problemləri yaradır. COP29-da bu problemin həllinin müzakirə ediləcə­yi, həmçinin iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirinin aradan qaldırılması ilə bağlı mübarizə yollarının axtarılacağı nəzərdə tutulur. 

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun torpaq ehtiyatları coğrafiya­sı şöbəsinin əməkdaşı Rauf Hüseynov bu barədə söhbətində bildirdi ki, kənd təsər­rüfatının əsas istehsal vasitəsi olan tor­paq əhalini qida məhsulları, sənayeni isə xammal ilə təmin edir. Buna görə də aqrar sektorun inkişafı ilə bağlı qarşıda duran əsas vəzifələrdən biri torpağın eroziyadan mühafizəsi və bu problemin aradan qal­dırılması istiqamətində tədbirlərin həyata keçirilməsidir.

İqlimşünas alimin sözlərinə görə, son zamanlar bu sahədə mövcud qanunlar nəzərə alınmadan insanların təbii komp­lekslərə geniş miqyasda müdaxiləsi ölkə­mizdə də torpaq örtüyünün deqradasiya­sına gətirib çıxarıb. Yüksək və orta dağlıq ərazilərdə, yay otlaqlarının meşələr ilə sər­hədində mal-qaranın nəzarətsiz və fasilə­siz otarılması həmin yaşıllıq sahələrinin eroziyaya uğramasına, sel və daşqınların güclənməsinə səbəb olub. Bir çox yerlər­də meşələrin çəmənlərlə əvəz edilməsi isə həmin yerlərin aqrolandşaftlara çevrilməsi ilə nəticələnib. 

Ümumiyyətlə, insanların təbiətə mü­daxiləsi ən qiymətli sərvətlərdən sayılan və kənd təsərrüfatında əsas istehsal vasitə­si olan torpaq örtüyünün müxtəlif dərəcədə eroziya prosesinə məruz qalmasına, onun münbitlik göstəricisinin–humus qatının azalmasına, fiziki və kimyəvi xüsusiyyət­lərinin pisləşməsinə və becərilən bitkilərin məhsuldarlığının kəskin aşağı düşməsinə səbəb olur. Bir faktı qeyd etmək istəyirəm: Bir santimetr torpaq qatının əmələ gəlmə­sinə, təxminən, 300 il vaxt lazımdır. Odur ki, eroziya “torpağın xərçəngi” adlandırılır.

Müsahibimiz daha sonra vurğuladı ki, hazırda ölkə ərazisinin 3 milyom 743 min hektarı və ya 43,3 faizi bu və ya digər dərəcədə eroziyaya uğrayıb: “Torpaq səth sularının, küləyin, irriqasiya və s. amillərin təsiri nəticəsində dağılır. Dağlıq ərazilərdə yamacların yüksək meyilliyi, bitki örtüyü­nün zəif inkişafı, bəzi hallarda isə məhv edilməsi, yağıntıların leysan xarakterli olması, torpaqların yuyulmaya davamsız­lığı eroziya üçün potensial şərait yaradır. Buna görə də dağ yamaclarında təbii meşə örtüyünün tədricən qırılması nəticəsində eroziya prosesi getdikcə sürətlənir. Yamac­ların meyilliyi artdıqca ərazidə su eroziyası təhlükəsi güclənir. Bu ərazilərdə qarın qısa müddətdə əriməsi də prosesin əhatə dairə­sini genişləndirir.

İqlimşünas alim bildirdi ki, atmosfer çöküntülərinin miqdarı da torpaqda erozi­ya prosesinin intensivliyinə ciddi təsir edir. “Bir sutka ərzində 59,3 millimetr yağıntı­nın düşməsi nəticəsində əkin sahəsinin hər hektarından orta hesabla 540 kubmetr tor­paq yuyulur. İri yağış damcıları isə böyük qüvvəyə malik olduğu üçün torpaq hissə­ciklərini dağıdaraq onun məsaməliyinə və su keçirən kapillyarların pozulmasına səbəb olur. Nəticədə torpağın susızdırma qabiliyyəti pisləşir. 

Adi yağışlardan fərqli olaraq leysanla­rın əmələ gətirdiyi su axınları yamaclarda torpağı şiddətlə yuyub aparıb və dərin şı­rımlar açılıb. Hazırda ölkəmizdə 1 milyon 524 min hektarı zəif, 883 min hektarı orta, 337 min hektarı isə şiddətli dərəcədə su eroziyasına məruz qalıb. Belə sahələrə Qə­bələ, İsmayıllı, Şamaxı, Quba, Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın dağlarında daha çox rast gəlmək olar”. 

R.Hüseynov qeyd etdi ki, eroziya pro­sesinin qarşısını almaq, torpaq örtüyünü yuyulub dağılmaqdan mühafizə etmək və onun münbitliyini artırmaq üçün komp­leks tədbirlər görülməlidir: “Bu zaman torpaq-iqlim şəraiti, eroziyanın inkişafı­na səbəb olan amillər, torpağın eroziyaya uğrama dərəcəsi nəzərə alınmalı, görülən bütün tədbirlər torpaq örtüyünü yuyulma­dan, dağılmadan, sovrulmaqdan mühafizə­sinə yönəldilməlidir. Məqsəd su axınının qarşısını almaq və suyun torpağa daha çox hopmasını təmin etməkdir. Bunun üçün mailliyi az olan ərazilərdə şum su axınına perpendikulyar, yəni yamacın eni istiqamə­tində aparılmalı, taxıl və çoxillik otlar əra­zinin mailliyinə köndələn istiqamətdə sə­pilməlidir. Bu səpin sxemində hər cərgədə olan bitkilər su axımının qarşısını kəsərək, onun torpağa hopmasına və eroziya prose­sinin qarşısının alınmasına şərait yaradır. 

Yamacın mailliyi artıqda tirə və terras­lar yaradılır və meşəsalma və çoxillik ot əkinlərindən istifadə edilir. Bu su axınının qarşısını alır. Beləliklə, eroziyaya məruz qalan ərazilərdə nə qədər zəngin bitki ör­tüyü olarsa, problem bir o qədər tez aradan qalxar.

Pünhan ƏFƏNDİYEV
XQ

Ekologiya