COP29 Məlumat Mərkəzində ekoloji mövzulara ictimaiyyətin diqqətinin cəlb edilməsinə yönələn təşəbbüslərin davamı olaraq “Ekoloji təmiz həyat tərzinə keçid” adlı toplantı keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin COP29 könüllüləri ilə birgə təşkil etdiyi aksiyanın məqsədi plastik tullantılardan istifadənin azaldılması, təkrar emal və istifadənin ekoloji faydalarının cəmiyyətə aşılanması olub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən verilən xəbərə görə, Bakının dənizkənarı bulvarında reallaşan aksiya çərçivəsində paytaxt sakinləri tullantı hesab edilən plastik, kağız və batareya kimi istifadə olunmuş və istismardan çıxarılmış müxtəlif əşyaların təhvil verilməsinə dəvət edilib.
Tullantıların toplanması üçün COP29 Məlumat Mərkəzinin qarşısında təşkil edilmiş məntəqələrə gələn sakinlər burada quraşdırılmış monitorlar vasitəsilə plastikdən istifadənin zərərli təsirləri, tullantıların düzgün utilizasiya qaydaları, kağızın təkrar emalı yolları, dayanıqlı həyat tərzi vərdişlərinin önəmi, ətraf mühitin qorunmasına töhfə vermək üçün praktiki həllər kimi mövzularda videoçarxlar vasitəsilə ətraflı məlumatlandırılıblar.
Aksiya nəticəsində toplanmış tullantılar utilizasiya edilməsi üçün “Təmiz Şəhər” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumuna təhvil verilib.