Qlobal iqlim konfransı və medianın kommunikasiya strategiyası

post-img

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı çərçivəsində COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki nümayəndəliyi “PAŞA Holdinq” və “Trendyol” şirkətlərinin dəstəyi ilə media üçün effektiv kommunikasiya strategiyalarına həsr olunan seminar təşkil edib.

Seminar yerli medianı COP29 proses­ləri ilə daha yaxından tanış etmək və bu mühüm iqlim fəaliyyətinin işıqlandırılma­sı xüsusunda mətbuat nümayəndələrinin peşəkar potensialının artırılmasına yönə­lib.

Tədbirdə çıxış edən BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasının əməkdaşı Aleksandr Saier konvensiyanın əsasının 1992-ci ildə qoyulduğunu xa­tırladıb. O, Çərçivə Konvensiyasına 197 ölkənin və Avropa İttifaqının qoşulduğunu bildirib: “Biz iqlim dəyişmələri haqqında hesabatlar hazırlayır, bununla əlaqədar müxtəlif qurumlara və ölkələrə kömək göstəririk. Hesabatlar cəmləndikdən sonra isə vacib qərarların qəbulu üçün COP təd­birləri keçirilir. Hər kəsə tanış olan Paris sazişi hazırda iqlim problemlərinin qarşı­sının alınması ilə bağlı ən vacib saziş he­sab edilir. Paris sazişinə əsasən, üzv olan ölkələr iqlim dəyişikliyinin yaratdığı prob­lemləri azaltmaq məqsədilə hər 5 ildən bir yeni tədbirlər planı hazırlamalıdırlar. Növ­bəti tədbirlər planının 2025-ci ildə təqdim ediləcəyi nəzərdə tutulub”. 

A.Saier vurğulayıb ki, əsas hədəf kimi iqlim dəyişmələri 1,5 dərəcə çərçivəsin­də saxlanılmalıdır: “Son illərdə iqlim də­yişmələrinin sürətlənməsi problemlərin aradan qaldırılması üçün daha çox vəsait tələb edir. Ona görə də Bakıda keçiriləcək COP29-da iqlim dəyişmələrinin fəsadları­nın aradan qaldırılması üçün sərf ediləcək maliyyə hədəflərinin müəyyənləşdirilməsi diqqət mərkəzində olacaq”.

“Əvvəllər iqlim dəyişikliyinə uyğun­laşmaq üçün ildə təxminən 100 milyard ABŞ dollarına ehtiyac olduğu müəyyən edilmişdi, lakin son illərdə əmin olduq ki, iqlim dəyişikliyi və onun fəsadları özünü daha sürətlə göstərir və getdikcə daha çox investisiya tələb edir”, – o qeyd edib.

A.Sayer daha sonra bildirib ki, Bakıda keçiriləcək sessiya iqlim maliyyələşdiril­məsi ilə bağlı məsələlərin müzakirəsi baxı­mından mühüm əhəmiyyət kəsb edəcək.

COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev seminar­da vurğulayıb ki, konfrans çərçivəsində maliyyələşmə ilə bağlı sənəd (Yeni kol­lektiv kəmiyyət hədəfi) imzalanarsa, əksər dövlətlər üçün Paris Sazişinin əhəmiyyəti bir daha diqqət mərkəzinə yönələcək: “Bü­tün inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinin maliyyələşdirilməsi prob­lemin həllinə əlverişli şərait yaranacaq, 1,5°C hədəfini reallaşdıracaq, emissiyaları azaldacaq”.

COP29-un baş danışıqçısı bildirib ki, iqlim dəyişmələri hazırkı ssenari ilə da­vam etsə və ya daha da ağırlaşsa, dünya­nı böyük fəlakət gözləyir. Bunun qarşısı­nı almaq üçün BMT-yə üzv ölkələr, eləcə də Rio konvensiyasına və Paris sazişinə tərəfdaş dövlətlər ciddi və nəticəyönümlü addımlar atmalıdırlar. COP29 konfransı­nın bu istiqamətdə əsas məqsədlərindən biri iqlim dəyişmələri ilə mübarizə üçün 100 milyard dollarlıq yuxarı həddin müəy­yənləşdirilməsidir. Düşünürəm ki, COP29 üçün nəzərdə tutulan məqsədlərə nail ola­cağıq.

Y.Rəfiyev Azərbaycanda COP29-un təşkili üçün digər ölkələrlə müqayisədə daha qısa zaman ayrıldığına baxmayaraq, konfransın qüsursuz və müvəffəqiyyətlə keçirilməsi üçün işlərin planlı şəkildə icra­sının davam etdiyini bildirib. 

Baş danışıqçının sözlərinə görə, bu il Bakıda keçiriləcək COP29-dan əsas göz­lənti kollektiv cəmiyyət hədəfinin müəy­yənləşdirilməsidir. “Bu nə deməkdir? 2009-cu ildə Kopenhagendə keçirilən COP zamanı qəbul edilən qərara əsasən, inkişaf etmiş dövlətlər iqlim dəyişikliyi ilə müba­rizədə inkişaf etməkdə olan dövlətlərə 100 milyard dollar yardım etməlidir. Bunlar da qrantlar və təmənnasız yardımlar şəklində olmalıdır. Bu il Bakıda keçiriləcək COP-dan əsas gözlənti bu 100 milyard dollarlıq yardımın yuxarı həddini müəyyənləşdir­məkdir. Çünki artıq illər keçib, dünya iq­tisadiyyatı dəyişib, tələblər və ehtiyaclar artıb, ölkələrin də buna uyğun ehtiyacları dəyişib”.

Y.Rəfiyev COP29-da “inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə nə qədər yardım etməlidir” sualına cavab ve­rilməsinin zəruriliyini də vurğulayıb: “Bu istiqamətdə ilin əvvəlindən dünya ölkələri ilə işləyirik. Hazırda danışıqlar prosesinə hazırlıq gedir. Mövqelərdə aydınlıqlar var. Bunu ortaq nöqtəyə gətirib konsensusa çat­maq üçün strategiyanın üzərində çalışırıq”.

COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova isə konfransın qarşısında konkret hədəflər qoyulduğu­nu və Bakı Olimpiya Stadionunda artıq hazırlıq işlərinə başlanıldığını bildirib: “COP29-un keçiriləcəyi məkan “mavi zona” adlanır. Oradakı yerlər “A, B, C, D, E” zonalarına bölünüb. Media əməliy­yatları “D” zonasında həyata keçiriləcək. Bir də “V.I.P” ərazi var ki, bura müxtəlif ölkələrin dövlət və hökumət başçıları üçün nəzərdə tutulub”.

Medianın iqlim böhranının həllin­də mühüm rol oynadığını vurğulayan V.Andreeva bildirib ki, jurnalistlər COP prosesində iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalanların səslərinə səs verə, onların təcrübələrinin və həll yollarının eşidilməsi və həyata keçirilməsini təmin etməkdə səfərbər olmalıdırlar.

Medianın COP29-da səmərəli iştirakı mövzusunda çıxış edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP prosesinin ətraf mühit və iqlim məsələlərini əhatə etməklə yanaşı, ümumilikdə, gələcəyin iqtisadi modeli­nin müəyyənləşdirdiyini qeyd edib, bu baxımdan müfəssəl ictimai rəyin formalaş­dırılmasında medianın üzərinə düşən mə­suliyyətin, eləcə də COP29-un gündəmə gətirdiyi mövzuların dəqiq və ətraflı işıq­landırılmasının vacibliyinə toxunub.

Azərbaycan Respublikasının Preziden­ti Administrasiyasının Qeyri-hökumət təş­kilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi və COP29-un Kommu­nikasiya Qrupunun üzvü Cəmalə Əliyeva seminarda çıxış edərək baş verə biləcək böhran vəziyyətlərinin, insidentlərin ef­fektiv kommunikasiyası və bu şəraitdə medianın rolu və fəaliyyəti, media ilə birgə əməkdaşlıq kimi məsələlər barədə məlu­mat verib. C.Əliyeva böhran vəziyyətlə­rində media tərəfindən faktlara əsaslanan düzgün məlumatların yayılmasının de­zinformasiya və manipulyasiya hallarının qarşısının alınmasına, cəmiyyətin düzgün istiqamətləndirilməsinə əhəmiyyətli təsir göstərə biləcəyini bildirib.

COP29 Azərbaycan Əməliyyat Şirkə­tinin Koordinasiya Şurasının üzvü və mətbuat katibi Ayan Nəcəf isə konfrans zamanı “yaşıl” və “mavi” zonalarda fəaliy­yət göstərəcək media xidmətləri və infrast­rukturu haqqında ətraflı məlumat verərək medianın nüfuzlu sammitdə iştirakı üçün yaradılan infrastruktur, eləcə də zəruri pro­sedur və icazələrdən bəhs edib.

Ekologiya