İlon Maskı tanımayan yoxdur. “X” səhifəsində bir tvit atmaqla milyonlarla insana fikrini çatdırır, siyasi gündəmə təsir edə bilir və hətta birjaları çaş-baş salır. Yəni dünyanın ən varlı adamı informasiya-kommunikasiya erasının səmərəli və təsirli, eyni zamanda, manipulyasiyalara da yol açan ünsiyyət alətlərindən – sosial şəbəkələrdən yararlanmaqla adından söz etdirir. Buna görə də “Tesla” sahibinin “X” (keçmiş adı “Twitter”) sosial şəbəkəsini rekord məbləğdə – 44 milyard dollara alması təsadüfi deyildi.
Cənab Mask sahibi olduğu sosial şəbəkəni getdikcə məhdudlaşdırılan söz azadlığının yer alacağı virtual məkan kimi nəzərdən keçirirdi. Ancaq son illər dünyada, xüsusilə də söz azadlığı və fikir özgürlüyü məsələsində öyünən və hər fürsətdə bunu digər ölkələrə nümunə göstərməyə çalışan Qərb ölkələrində sosial şəbəkələrə münasibətdə ikili standartlar müşahidə olunur. “Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun Fransada həbs olunması məhz belə düşünməyə ciddi əsas verir. Liberal dünya rusiyalı iş adamının həbsini azad sözə böyük zərbə kimi qiymətləndirir.
Nasist Almaniyasının bir nömrəli təbliğatçısı Cozef Göbbels deyirdi ki, təbliğat aydınlaşan kimi gücünü itirir. İndi bütün dünya Qərbin demokratiya və azad sözün qorunması barədə şiddətlə apardığı təbliğatın arxasında hansı niyyətlərin gizləndiyini heyrətlə seyr edir. İkinci Dünya müharibəsindən sonra demokratiyanı ən böyük nailiyyət kimi qiymətləndirən Qərb bu gün ümumi inkişafın təməl prinsipləri adlandırdığı söz azadlığı və fikir müstəqilliyi mövzularını istədiyi formada qiymətləndirməyə çalışır. Təhlükəsizliyin təmin edilməsi adı altında söz və mətbuat azadlığına açıq-gizli həmlələr edir. Bu həmlələr ictimai rezonans doğuran zaman isə müxtəlif bəhanələrlə manipulyasiyalara əl atır, iz itirməyə çalışır. Bir tərəfdən, söz azadlığının və fikir özgürlüyünün məhdudlaşdırılmasına qarşı çıxan Qərb digər tərəfdən, ünsiyyət kommunikasiyalarına qarşı açılan “Səlib yürüşü”nü görməzdən gəlir. Belə anlaşılır ki, mətbuat və ya yeni media-kommunikasiya platformaları ancaq bir yerə qədər azad ola bilər. Xüsusilə də həmin yeni kommunikasiya vasitələri Qərbin nəzarətindən kənarda olan zaman bu hücumlara müxtəlif don geyindirilir.
Dediklərimizə son nümunə kimi “Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun Fransada həbs olunmasını göstərmək mümkündür. İndi rəsmi Paris bütün dünyanı inandırmağa çalışır ki, “Telegram” sahibinin həbsi siyasi xarakter daşımır. Belə bir iddianı Fransa prezidenti Emmanuel Makron da səsləndirdi. Bunun ardınca Fransa Prokurorluğu Pavel Durova qarşı ittihamların siyahısını dərc etdi. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkili də daxil olmaqla, ümumilikdə, 12 maddə ilə ittiham olunur. İttihamalara əsasən, rus iş adamını 20 il və ya daha çox həbs cəzası gözləyir. Ancaq Fransa prezidentinin iddiası dünyada birmənalı qarşılanmadı. Hətta İlon Mask “X” səhifəsində Emmanuel Makrona belə bir sual ünvanladı: “Dünya ictimaiyyətinin onun niyə həbs edildiyi barədə daha ətraflı məlumat alması faydalı olardı”.
Təbii ki, P.Durovun həbsinin səbəbləri çoxdur. Həbs ilə bağlı bir çox ehtimal irəli sürülür, lakin bunlardan ikisi daha inandırıcı görünür: Pavel Durovu Qərb kəşfiyyat xidmətləri ilə əməkdaşlığa məcbur etmək və ya “Telegram”ın maliyyə oksigenini kəsməklə fəaliyyətinə son qoymaq. Rusiya mənbələri də iddia edirlər ki, Pavel Durovun həbsi təkcə söz azadlığına təzyiq deyil, həm də Rusiyaya qarşı hibrid müharibənin yeni mərhələsidir. Eyni zamanda, şimal qonşumuzda belə düşünürlər ki, son həbs əməliyyatının ABŞ-də düşünüldüyü və Amerika agentlərinin rəhbərliyi altında həyata keçirildiyi açıq-aydın görünür. Bundan başqa, “Telegram”ın ABŞ-də populyarlığı Avrasiya ölkələrindəki qədər yüksək deyil. Bu isə o deməkdir ki, “Telegram”, məsələn, TikTok kimi, qadağan edilə bilərdi. Buna görə də, ehtimallar arasında daha çox siyasi motivlər inandırıcı görünür.
Maraqlıdır ki, Fransa prezidentinin də fəal “Telegram” istifadəçisi olduğu bildirilir. “Politico”nun mənbələrə istinadən verdiyi məlumata görə, təkcə Makron deyil, Fransa elitasının digər üzvləri də “Telegram”dan istifadə edirlər. Şifrələnmiş mesajların mübadiləsi proqramı siyasi və media dairələrində, o cümlədən Fransa prezidenti tərəfindən fəal şəkildə istifadə olunur. Əslində, fransızlar da bilirlər ki, “Telegram” unikal koda malik mesencerdir. “Telegram” kodunun özəlliyi ondan ibarətdir ki, adi söhbətlərin tarixi bulud serverlərində saxlandığı halda, şifrələmə ilə qorunan yazışmalar dialoqun davam etdiyi zaman cihazların yaddaşından başqa heç bir yerdə saxlanmır. İstifadəçi belə yazışmaları telefon vasitəsilə aparırsa, o zaman fərdi kompüterdəki hesabına daxil olduqdan sonra eyni çatı aça bilməyəcək. Beləliklə, üçüncü tərəfin şifrələnmiş rabitə kanallarına çıxış əldə etməsi üçün təkcə dialoq aparılan hesabların bağlı olduğu telefon nömrələrini bilmək deyil, həm də cihazların özlərinə giriş əldə etməsi lazımdır. Buna görə də ekspertlər qeyd edirlər ki, “Telegram” istifadəçilərinin məlumatları məxfi olaraq qalacaq.
Siyasi şərhçilərin sözlərinə görə, Pavel Durovun həbsi qlobal miqyasda Qərb ölkələrinin çoxqütblüyə qarşı birqütblülük uğrunda apardığı hibrid müharibənin yeni mərhələsi kimi qiymətləndirilə bilər. İnformasiya döyüşündə üstünlük əldə etmək imkanı, dünya maliyyə axınlarına nəzarət, son sərbəst platformaların senzurası, yəni informasiya sahəsinə nəzarət – bütün bunlar əsas maraq sahibinə danılmaz üstünlük verəcək. Belə bir üstünlüyü əldə etmək isə ölkə daxilində rəqiblərlə mübahisədə olan Makron hökuməti üçün əlavə dividend deməkdir. Amma son nəzarətsiz sosial ünsiyyət platforması sahibinin Parisdə həbs olunması Fransanın imicinə yaxşı heç nə vəd etmir. Buna əmin olmaq üçün prezident Makronun “Telegram” sahibinin həbs olunmasına münasibətini açıqladığı “X” səhifəsindəki şərhlərə göstərilən reaksiyalara nəzər yetirmək kifayət edər.
S.ELAY
XQ