V MƏQALƏ
Yadelli işğalçılara qarşı hər bir üsyan qanuni işdir və xalqın birinci borcudur.
STENDAL
Kollektiv şüuri təcrübə
Fəlsəfədə şüuri təcrübə aktual mövzulardan biridir. Ona yanaşmalar fərqlidir. İzahlar da, təbii ki, bir-birindən fərqli olacaq. Bundan başqa, şüuri təcrübənin fərdi və kollektiv səviyyələri vardır. Fərdi səviyyədə şüuri təcrübə insanın həyat yolunda şüurunda faktlaşmış hadisələri ifadə edir. Bu anlamda hər bir insanın başqasına bənzəməyən şüuri təcrübəsi mövcud olur.
Kollektiv səviyyədə şüuri təcrübənin müəyyən edilməsi daha mürəkkəb məsələdir. Kollekitv şüuri təcrübə toplumu təşkil edən fərdlərin, qrupların, sosial kəsimlərin, təbəqələrin dünya duyumu ilə kollektiv birgəyaşam üsulunun qarşılıqlı əlaqəsində formalaşır. Kollektiv şüuri təcrübə bu anlamda konkret predmetləşmir, o şüur faktı kimi cəmiyyətin duyğusunda və davranışında təzahür edir.
Əslində, kollektiv şüuri təcrübənin fəlsəfi izahı mürəkkəb məsələdir. Daha sadəsi konkret fəaliyyət sahələri üzrə onun təzahür formalarını anlamağa çalışmaqdır. Bu baxımdan deyə bilərik ki, hər bir cəmiyyətin müharibə haqqında öz şüuri təcrübəsi mövcuddur. Onun qaynaqları etnik, sosial, psixoloji, dünya duyumu, birgəyaşamaq özəlliyi, özünütəşkil üsulu ilə əlaqəlidir. Bu zaman insanlar intuitiv olaraq kollektiv formada standart sayılan davranışlar edirlər. Müharibəni aparmaq və qələbəyə motivasiya olmaq da bu qəbildən olan faktorlara bağlıdır. Yəni hər bir cəmiyyətin müharibə haqqında öz kollektiv şüuri təcrübəsi vardır ki, tarixin bütün dönəmlərində özünü göstərir.
Vətən müharibəsi şüuri təcrübə kimi
Etiraf edək ki, Vətən müharibəsinin şüuri təcrübə kimi fəlsəfi araşdırılmasına rast gəlmirik. Bununla bağlı hansı fikir söylənsə, azdır – geniş və dərin araşdırılmalıdır. Vacib saydığımız bir neçə məqamın üzərində dayanaq.
Öncə onu vurğulayaq ki, Vətən müharibəsi anlayış kimi dövlətçilik şüurunun tərkib hissəsi olaraq götürülə bilər. Azərbaycanlıların tarixən dövlətə, dövlətçiliyə, hakimiyyət-cəmiyyət münasibətlərinə, fərdin toplumda yeri və roluna özəl münasibəti formalaşmışdır. Bunun kökündə, ümumiyyətlə, qədimdən cəmiyyətin özünütəşkiletmə forması və dövlətin idarə edilməsi ənənəsinin xüsusiyyətləri dayanır.
Özünütəşkiletmə
Azərbaycan cəmiyyətinin özünütəşkiletmə fəlsəfəsi kökdən dövlət və dövlətçilik anlayışları ilə vəhdətdə mövcud olmuşdur. Bu, kollektiv şüuri təcrübə baxımından prinsipial məqamdır. Çünki bir etnosun kollektiv şüuri təcrübəsində sosial var olmaqla dövlət kimi var olmaq vəhdətdədirsə, bu, böhranlı situasiyalarda (müharibə bu qəbildəndir) kollektiv davranışın xüsusi formasını meydana gətirir. Azərbaycan nümunəsində bir müqayisə aparaq.
Qədimdən azərbaycanlılarda dövlət və cəmiyyət anlayışları sinonim kimi işlədilmişdir. Bu, “dövlət” və “el” anlayışlarının eyni semantik mənaya malik olmasında öz ifadəsini tapmışdır. Onun fonunda “palaza bürün, elnən sürün” atalar sözü faktiki olaraq “həmişə dövlətinin yanında ol” anlamını verir.
Eyni zamanda, kollektiv şüurda dövlətlə toplumlaşma formasının eyniliyi ailə, tayfa, tayfalar birliyi, xalq və millət səviyyələrində standart təhlükəsizlik kodlarını formalaşdırır. Azərbaycanlılar dövlətin təhlükəsizliyi ilə fərdi, ailə, tayfa, xalq və millət səviyyyələrində təhlükəsizliyi eyniləşdirirlər. Yəni azərbaycanlı üçün özünün, ailəsinin, tayfasının, xalqının və bütövlükdə, cəmiyyətin təhlükəsizliyi arasında elə bir fərq yoxdur.
Avropa filosofları bunun səbəbini, ümumiyyətlə, türklərdə qədimdən insanın “öz”ü ilə kollektiv “öz”ünü vəhdətdə təsəvvür edilməsində axtarırlar. Həmin səbəbdəndir ki, türk bəyi özü ilə toplumunu şüuri, etik, feili olaraq eyniləşdirir. Bu da avtomatik olaraq bəyin ədalətli olmasını və özünü tamamilə kollektiv fəzilətə həsr etməsini nəzərdə tutur. Azərbaycanda ədalətli, hüquqi, qanuni olmayanları əsl bəy kimi qəbul etməmişlər.
Xarici təhdid qarşısında birləşmə
Beləliklə, belə alınır ki, Azərbaycanda kollektiv təhlükəsizliyin təminatına xidmət edən savaş haqqında özəl təsəvvürlərin ənənəsi vardır. Burada başlıca sosial-psixoloji məqam azərbaycanlıların xarici təhdid qarşısında sürətlə birləşməsi qabiliyyəti ilə bağlıdır. Bu birləşmənin sifarişi sosial mühitdən gəlmir, təbii olaraq azərbaycanlının mənəvi və əxlaqi dünyasında spontan yaranır. Bu, azərbaycanlının fərd, ailə və xalq səviyyələrində təhlükələri bir-birindən ayırmaması ilə izah oluna bilər. Azərbaycanlının böhranlı hallarda toparlanmaq fəlsəfəsinin əsasını həmin reallıq təşkil edir. Bu səbəbdəndir ki, məsələn, Topxanada ağacların kəsilməsinə bütün Azərbaycan eyni reaksiyanı verdi – milyonlar küçələrə axışdı. Burada, əlbəttə, bir panik əlaməti də vardır, lakin sürətlə bir araya gəlməyin fəlsəfəsi baxımından olduqca vacib məqamdır.
Fərd – kollektiv münasibətlərinin özəlliyi
Məsələ ondan ibarətdir ki, burada faktiki olaraq azərbaycanlıların fərd – kolllektiv münasibətlərinin başlıca özəlliyi əks olunmuşdur. Burada üç keyfiyyət ön sıraya çıxır.
Birincisi, dövlət – xalq eyniliyi.
İkincisi, azərbaycanlının fərd olaraq daxilən fədakarlığa ailəsi və xalqı üçün can atması.
Üçüncüsü, azərbaycanlının “namus” və “qeyrət” kimi etik anlayışları ədalətlilik, fəzilətlilik və ilahi vicdanlılığın sübutu kimi təhtəlşüurda qəbul etməsi.
Yəni azərbaycanlı üçün namuslu və qeyrətliliyi, əslində, İlahi ədaləti, fəziləti (xeyirxahlıq, hüquqilik, qanunilik anlamlarında) və vicdanı, mövcud olmanın mənəvi və ontoloji təməl faktorları kimi qəbul etməklə birbaşa bağlıdır.
Burada “ontoloji” termini vurğulanan faktorların, bütövlükdə, var olmanın mahiyyəti, məzmunu və məqsədinin üniversallığını ifadə edir. Azərbaycanlı psixologiyasında, ümumiyyətlə, dünyada həmin anlayışlardan kənarda yaşamaq “halal” deyildir, “təbii deyildir”, “dünyanın ruhuna, İlahi qaydaya” ziddir. Məhz buna görə həmin dəyərlər uğrunda özünü qurban verməyə dəyər!
Özünüfədaetmə
Bu üç faktorun aktuallaşması kifayətdir ki, azərbaycanlı özünü ailəsi, dövləti və xalqı üçün fəda etsin. Tarixdə və müasir dövrdə bunun saysız-hesabsız nümunəsi vardır. 1990-cı il 20 Yanvar hadisələrində özlərini “Azərbaycan naminə!” deyib tankların altına atan gənclərimiz, erməni təcavüzünə qurban getməmək üçün özünü uca qayalardan atıb, həyatına son qoyan qızlarımız bunlara nümunədir. Kasıb ayaqqabısı ilə pensiyasını əsgərə aparan yaşlı insanımız gözəl nümunədir! Boxçasında olan hər şeyi orduya göndərən analarımız ən şanlı nümunədirlər!
Komandos Mübariz İbrahimovun igidliyi bunun yüksək fədakarlıq nümunələrindəndir! Şuşanın azadlığı uğrunda savaşda yaralandığını 1 saat 30 dəqiqə savaş yoldaşlarından gizlədən və səngərə çatanda huşunu itirən lənkəranlı “canavar” ləqəbli İsmayılovun igidliyi də həmçinin. Yoldaşlarını xilas etmək üçün özünü minanın üstünə atan şəkili komandos ayrıca nümunədir! Şübhə etmirəm ki, hər bir oxucunun bu kimi saysız-hesabsız faktları vardır!
Dövlətçilik şüurunda vurğulanan əlamətlərin mövcudluğu azərbaycanlının Vətən müharibəsinə münasibətini sosial, psixoloji və ideoloji olaraq müəyyən edir. Buradan, bütövlükdə, Azərbaycanda şəhidliyin və qaziliyin fəlsəfi anlamına maraqlı çıxış etmək olar.
Şəhidlik fəlsəfəsi
Öncə, onu vurğulayaq ki, biz şəhidliyin dini anlamı üzərində dayanmırıq. Şəhidliyin dini anlamına böyük hörmətimizi ifadə etməklə bərabər, bu aspektdə kifayət qədər araşdırmaların olduğuna inanırıq. Bizim yanaşmamız sırf dünyəvi kontekstlə bağlıdır. Lakin müəyyən məqamlarda şəhidlikdə dini faktorun roluna da nəzər salacağıq.
Beləliklə, yuxarıdakı qısa izahlardan belə alınır ki, Azərbaycanda şəhidliyin kökündə fərdin təhtəlşüurda özü-ailəsi-eli-dövləti vəhdətini daşıması durur. Bu maraqlı sintez tarixən azərbaycanlının Vətən uğrunda savaşlarda davranışlarını motivə etmişdir. Onun ən yüksək təhzahürü isə çəkinmədən özünü qurban verməsində ifadə olunur. Təsadüfi deyildir ki, azəbaycanlılar adi məişət həyatında belə, ailəsi üçün özünü fəda etməyə hazırdırlar. Ailənin ”təmiz adı” onun üçün yüksək mənəvi və həyati dəyərdir.
Onu da vurğulayaq ki, dövlətlə eli azərbaycanlı şüurunda eyniləşdirən və motivəedici təsir göstərən mühüm faktor liderin fəaliyyətidir. Azərbaycanlılar qədimdən rəhbərlərinə (böyüklərinə, ağsaqqallara, hökmdarlarına) sədaqətli və sayğılı olmuşlar. Bunun başlıca səbəbi toplumun özünütəşkili fəlsəfəsi ilə bağlıdır. Belə ki, burada üç faktor əsas rol oynayır.
Birincisi, liderin yaratdığı ədalətli qanunlar.
İkincisi, elitar məclisin (bəylər divanının, parlamentin) qəbul etdiyi qanunlar.
Üçüncüsü, toplumu formalaşdıran özünütəşkil qanunu (ona “Yosun qanunu” deyirlər). Lider daim toplumun özünütəşkil qanununu nəzərə almalıdır. Bu, Azərbaycan ailəsinin yaranması qaydalarına, ailədaxili münasibətlərə və ailəni idarə etməyə aid qaydalara əməl etməyi nəzərdə tutur. Onun formalaşmasında isə ailə tərbiyəsi başlıca rol oynayır. Yəni ədalətli liderin formalaşmasında ailə tərbiyəsi və ailə ənənəsinə münasibət ciddi rol oynayır.
Azərbaycan toplumunun özüntəşkilinin sonrakı mərhələləri olan tayfa, xalq və millət formaları üçün də qədimdən gələn kriteriyalar mövcuddur. Maraqlıdır ki, onlara əməl etmək dərəcəsi Azərbaycanda liderin ədalətliliyinin əsas göstəriciləri kimi qəbul edilir. Prezident İlham Əliyev bütün bu mənəvi keyfiyyətləri dəqiq gözlədiyinə görə cəmiyyət tərəfindən ədalətli lider kimi tam qəbul olunur. Bu məqam dövlət başçısının fəaliyyətində xalqın dəstəyini almaq üçün olduqca əhəmiyyətli rol oynayır.
Şəhidliyi motivə edən digər məqam cəmiyyətin özünü formalaşdırmasında azərbaycanlının fərd kimi daxilən fədakar olmasının oynadığı rolla bağlıdır. Bu da psixoloji və sosiallaşma baxımından maraqlı və düşündürücü hadisədir. Azərbayanlı ailənin, evin, yurdun və elin varlığı üçün daxilən fədakarlığa hazırdır. Buna, o, can atır. Görünür, burada “Yosun qanunu” xüsusi rol oynayır. Belə ki, cəmiyyətin birgəyaşam fəlsəfəsinin təməlində duran bu qanuna görə, inkişaf yalnız kökə bağlılıq şərti ilə mümkündür.
Həmin məqam maraqlı şəkildə bizim təhtəlşüurda və şüurda “qanun” anlayışı ilə “hüquq” anlayışını eyniləşdirmişdir. Özü də burada “qanun” var olmanın “təbii hüququ” kimi dərk edilir. Buna görə də Azərbaycan cəmiyyətində hüquqi qanunlara əməl etməyin təməlində “insanın və toplumun təbii haqqını ədalətli müdafiə etmək” anlamı durur. Yəni təbii haqlar hüququ müəyyən edir, əksinə yox. Bu da zaman-zaman hüquqla ədalət anlayışının toqquşmasına səbəb olur.
Bunlar artıq təhtəlşüurda möhkəm yer almış inanclardır – onları dəyişmək imkansızdır! Həmin məqamlar bir tərəfdən ənənəni yaşadır, digər tərəfdən istənilən kritik situasiyada kollektiv davranışı motivə edir, ona konkret məzmun və yön verir. Fərdin şəhid olmağa can atması da bu kimi faktorladan qaynaqlanır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru