BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) görəcəyi tədbirləri bir neçə istiqamətə bölmək olar.
AMB-də keçirilən mətbuat konfransında bu barədə məlumat verən qurumun baş direktoru Şahin Mahmudzadə bildirib ki, birinci istiqamət ölkədə dayanıqlı maliyyə infrastrukturunun yaradılması ilə bağlıdır. Bura həm “yaşıl istiqraz”ların, həm də digər dayanıqlı maliyyə alətlərinin müəyyənləşdirilməsi və hüquqi infrastrukturun yaradılması daxildir. İkinci istiqamət dayanıqlı maliyyə ilə bağlı risk idarəetmə sistemlərinin formalaşdırılmasıdır. Bu da xüsusən bank sektoruna aiddir. Üçüncü istiqamət hesabatlılıq formasının müəyyənləşdirilməsidir. Nəhayət, sonuncu istiqamət, ümumilikdə, ekosistemi dayanıqlı maliyyə alətlərinin istifadəsinə hazırlamaqdır.
“Sessiya ilə bağlı digər məsələ bu tədbirə evsahibliyi edən ölkə kimi təşəbbüslərin formalaşdırılmasına dəstək verməkdir. Burada banklar və “Bakı Fond Birjası” QSC ilə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur”, – deyə AMB rəsmisi əlavə edib.